Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabının təqdimatı keçirilib - FOTOLAR

2026/06/1-1781199142.jpg
Oxunub: 221     21:02     11 İyun 2026    
10 iyun 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyi, “Zinatne” nəşriyyat evi və Riqa Latış Cəmiyyətinin birgə təşkilatçılığı ilə azərbaycanlı tədqiqatçı Nigar Sultanovanın müəllifi olduğu “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” adlı kitabın Riqa Latış Cəmiyyətinin binasında təqdimatı keçirilib.

Tədbirdə Latviya dövlət qurumlarının rəsmiləri, Seymin üzvləri, Latviyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimai, akademik və mədəniyyət dairələrin təmsilçiləri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

“Zinatne” nəşriyyat evi tərəfindən ingilis və latış dilində çap olunan kitabda Azərbaycan və Latviya və onların xalqları arasında bir əsrdən çox əvvəl qurulmuş zəngin və davamlı mədəni və tarixi əlaqələr araşdırılır. Xüsusilə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycana köç edən və bu il 120 illiyini qeyd edən Bakı Latış Cəmiyyətini təsis edən latışlara diqqət yetirilir. Bu mövzunun ilk hərtərəfli tədqiqatı olan nəşr həmçinin müasir Azərbaycan-Latviya münasibətlərinə də toxunulur.

Riqa Latış Cəmiyyətinin sədri Quntis Qailitis tədbiri açaraq,158 illik tarixi olan bu Cəmiyyətin latış xalqının milli şüurunun formalaşmasındakı müstəsna rolunu xatırladaraq, xalqlarımız arasındakı tarixi əlaqələri canlandıran bu mühüm nəşrin təqdimatına məhz bu məkanda ev sahibliyi etməkdən qürur duyduğunu bildirmiş və təbriklərini çatdırıb.

Sonra Azərbaycanın Latviyadakı səfir Elnur Sultanov iki ölkə arasında tarixi bağların və müasir ikitərəfli əlaqələrin inkişafından söz açaraq, XX əsrin əvvəllərində Azərbaycanda yaşamış latışların talelərini işıqlandıran bu əsərin təqdimatının məhz Bakı Latış Cəmiyyətinin yaradılmasının 120 illiyinə təsadüf etməsinin böyük rəmzi məna daşıdığını vurğulayıb. Səfir nəşrin xalqlarımız arasında dostluq əlaqələri və elmi mübadilələrin genişlənməsinə töhfə verəcəyinə ümidini ifadə edib.

Daha sonra kitabın müəllifi N.Sultanova geniş təqdimatla çıxış edərək, nəşrin ərsəyə gəlməsi üçün apardığı araşdırmalardan bəhs edib. O, uzunmüddətli yaradıcılıq prosesində dövlət arxivlərindəki sənədlərlə yanaşı, tarixin görünməyən tərəflərini canlandıran məktubları və xatirələri də diqqətlə araşdırdığını qeyd etmişdir. Müəllif vurğulanıb ki, kitab XX əsrin əvvəllərində Azərbaycanda yaşamış latışların fərdi taleləri vasitəsilə iki xalqın ortaq keçmişinə işıq salır. Bu nadir məlumatların üzə çıxarılmasında və birgə çalışdığı hər kəsə müəllif tərəfindən təşəkkür ifadə olunub.

Kitabın ön söz müəllifi, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, ədəbiyyatşünas-alim Vilayət Quliyev tədbirdə çıxış edərək, bu geniş tədqiqat əsərinin Azərbaycan və Latviya arasındakı tarixi bağları əks etdirməklə yanaşı, iki ölkə arasında yeni dostluq körpüləri qurduğunu vurğulayıb. O bildirib ki, kitab həm Latviya, həm də Azərbaycan ictimaiyyəti üçün ortaq tarixin indiyədək naməlum qalan səhifələrini açan mühüm elmi töhfədir.

Tədbirdə N.Sultanova Azərbaycan ilə Latviya arasında mədəni əlaqələrin gücləndirilməsinə verdiyi müstəsna töhfələrə görə Latviyanın Mədəniyyət Nazirliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunub. Mükafatı mədəniyyət nazirinin müavini İvars Abolinş təqdim edib.

Daha sonra “Zinatne” nəşriyyat evinin idarə heyətinin sədri İnqrida Seqlina və Latviya Universitetinin elmi kitabxanasının sabiq direktoru Venta Kotsere çıxış edərək, iki ölkə arasında ortaq tarixi keçmişin araşdırılması və bu biliklərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində musiqiçi Leyla Əliyeva latviyalı yazıçı və şair Yanis Jaunsudrabinşin Bakıda yaşadığı illərdə qələmə aldığı “Dağın başına yağan qar kimi” adlı latış mahnısını, həmçinin fortepiano və gitara müşayiəti ilə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa edib. Bundan əlavə, Yanis Jaunsudrabinşin "Türk əsiri" adlı hekayəsi tədbir iştirakçıları üçün oxunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Latviya   Azərbaycan  


Bizi "telegram"da izləyin