“Blue Origin”in raketi sınaqlar zamanı Floridada partlayıb - VİDEO

2026/05/1780029795.jpg
Oxunub: 503     08:16     29 May 2026    
“Blue Origin” şirkətinə məxsus “New Glenn” daşıyıcı raketi Florida ştatının Kanaveral burnundakı 36-cı start kompleksində keçirilən sınaqlar zamanı partlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “NASASpaceFlight.com” portalının canlı yayımından məlum olub.

Hadisə yerli vaxtla cümə axşamı saat 21:00 radələrində baş verib.

“Blue Origin” “X” sosial şəbəkəsində yaydığı açıqlamada sınaq zamanı “qeyri-standart vəziyyətin” baş verdiyini təsdiqləyib.

Şirkətin sahibi Ceff Bezos bildirib ki, bütün əməkdaşlar təhlükəsizdir və personal üçün heç bir risk yoxdur.

O qeyd edib ki, qəzanın səbəbləri barədə nəticə çıxarmaq üçün hələ tezdir.

“Associated Press” agentliyinin məlumatına görə, partlayış o qədər güclü olub ki, Kanaveral burnu və Koko Biç sakinləri evlərinin silkələndiyini hiss etdiklərini və səmada parlaq alışma gördüklərini bildiriblər.

Yerli xidmətlər mümkün yanacaq sızmaları ilə bağlı hər hansı təhlükənin olmadığını açıqlayıb.

Sınaqlar yaxın həftələrdə planlaşdırılan “New Glenn” raketinin dördüncü buraxılışına hazırlıq çərçivəsində həyata keçirilirdi.

Raket “Amazon Leo” internet xidməti üçün nəzərdə tutulan 48 peyki orbitə çıxarmalı idi. Sınaq zamanı raketin üzərində heç bir avadanlıq olmayıb.

Start infrastrukturuna dəyən ziyanın həcmi hələ qiymətləndirilməyib.

Qeyd edək ki, bu ilin əvvəlində “New Glenn” raketi artıq texniki problemlə üzləşmişdi. Buraxılışlardan biri zamanı yuxarı pillə “AST SpaceMobile” peykini orbitə çıxara bilməmiş və nəticədə missiya tam uğursuzluğa düçar olmuşdu.

“New Glenn” kommersiya, elmi və milli missiyalar üçün hazırlanmış ağır sinfinə məxsus raketdir. O, ilk dəfə 2025-ci ildə istifadə olunub və NASA tərəfindən “Artemis” proqramının elementlərindən biri kimi nəzərdən keçirilir.

Ceff Bezos şirkətin bütün zəruri işləri bərpa edəcəyini və uçuşlara yenidən qayıdacağını bildirib.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: New-Glenn   Raket  


Bizi "telegram"da izləyin