İsveç Ukraynaya 16 ədəd “Gripen” döyüş təyyarəsi hədiyyə edəcək

2026/05/1779983786.jpg
Oxunub: 425     19:49     28 May 2026    
İsveç Ukraynaya 16 ədəd “Gripen C/D” döyüş təyyarəsi hədiyyə edəcəyini və yeni nəsil “Gripen E/F” döyüş təyyarələrinin tədarükü prosesinə başlayacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Stokholm rəhbərliyi uzunmüddətli perspektivdə Ukraynanın 100-150 “Gripen” döyüş təyyarəsindən ibarət parka sahib olmasını hədəfləyir.

Açıqlama İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Upsala yaxınlığındakı “Uppland” Hərbi Hava Bazasındа verilib. Beləliklə, uzun müddətdir gündəmdə olan “Gripen” döyüş təyyarələrinin Ukraynaya ötürülməsi ilə bağlı ilk konkret qərar açıqlanıb.

İsveçin müdafiə naziri Pol Conson bildirib ki, Rusiya Ukraynanı havadan sındırmağa çalışsa da, Ukrayna artıq İsveç döyüş təyyarələri ilə öz hava gücünü qurur. “Gripen C/D” döyüş təyyarələrinin təhvilinin hökumət qərarları və ixrac icazələrindən sonra 2026-cı ilin əvvəlində başlamasının planlaşdırıldığı qeyd olunub.

Ukraynalı pilot və texniki heyətin hazırlıq fəaliyyətlərinin isə payız mövsümündə genişləndiriləcəyi bildirilib. Plan çərçivəsində Ukraynanın yeni nəsil “Gripen E/F” döyüş təyyarələrinin alınması üçün Avropa İttifaqının Ukraynaya Dəstək Krediti proqramı çərçivəsində ayrılmış 2,5 milyard avroluq maliyyədən istifadə edəcəyi açıqlanıb.

İsveç rəhbərliyi hesab edir ki, “Gripen C/D” döyüş təyyarələri qısamüddətli əməliyyat ehtiyaclarını qarşılayacaq, “Gripen E/F” platformaları isə gələcəkdə Ukraynanın Hərbi Hava Qüvvələrinin əsas elementlərindən biri olacaq. “Saab” tərəfindən hazırlanan “Gripen” döyüş təyyarələri qısa uçuş-enmə zolaqlarından fəaliyyət göstərə bilməsi, sürətli texniki xidmət və yenidən silahlandırılma imkanları ilə seçilir.

Platformanın xüsusilə dağınıq baza strukturlarında və güclü təzyiq altında olan əməliyyat mühitlərində fəaliyyət göstərə biləcək formada hazırlandığı qeyd olunur. Pol Conson bildirib ki, “Gripen” say baxımından əlverişsiz vəziyyətdə olan, təzyiq altında və dağınıq bazalardan fəaliyyət göstərmək məcburiyyətində qala biləcək ölkələr üçün hazırlanıb.

“Gripen C/D” döyüş təyyarələrinin IRIS-T, AIM-120 AMRAAM və “Meteor” “hava-hava” raketlərindən istifadə edə bildiyi vurğulanıb. Xüsusilə “Meteor” “hava-hava” raketinin Ukraynaya görmə xəttindən kənar hava döyüşlərində mühüm üstünlük verə biləcəyi qeyd olunub.

100 kilometrdən artıq effektiv mənzili ilə diqqət çəkən Meteor “hava-hava” raketinin Ukraynanın mövcud F-16 təyyarələrində olmayan imkan təqdim etdiyi bildirilib. Hərbi analitik Andriy Xaruk Meteor inteqrasiyasının “Gripen”in F-16 ilə müqayisədə ən böyük üstünlüklərindən biri olduğunu deyib.

Onun sözlərinə görə, bu imkan ukraynalı pilotlara Rusiya döyüş təyyarələrinə qarşı daha uzaqmənzilli nişanalma qabiliyyəti qazandıracaq. Ukraynanın almağı planlaşdırdığı “Gripen E/F” variantının AESA radarı, qabaqcıl radioelektron mübarizə sistemi və artırılmış silahdaşıma qabiliyyəti ilə əvvəlki “Gripen C/D” versiyası ilə müqayisədə mühüm yeniliklərə malik olduğu bildirilib.

“Saab” şirkətinin baş icraçı direktoru Mikael Yohansson daha əvvəl şirkətin ildə 20-30 təyyarə istehsal gücünə malik olduğunu açıqlamışdı. Bildirilir ki, Ukrayna 2033-cü ildən sonra bəzi “Gripen” komponentlərinin yerli istehsalını da qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna   Gripen  


Bizi "telegram"da izləyin