Azərbaycan 1990-cı illərin əvvəllərində Qarabağın dağlıq hissəsi və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalına məruz qaldı. Bu zaman dünya səssiz qaldı, beynəlxalq hüququn prinsipləri pozuldu, BMT qətnamələri kağız üzərində qaldı. Lakin Azərbaycan bu vəziyyətlə razılaşmadı. İşğal faktını heç vaxt qəbul etmədi və bunu rəsmi siyasətin əsas elementi kimi qoruyub saxladı. Dövlətin diplomatik fəaliyyəti, informasiya siyasəti, ordu quruculuğu və xalqın ideoloji-mənəvi tərbiyəsi də bu prinsipə əsaslandı. “Heç vaxt işğalla barışmayın” – bu yalnız şüar deyildi, 30 illik bir dövlət strategiyasının ana xəttiydi.
Bu ifadə göstərir ki, Azərbaycan işğalı “sabitlik” naminə normallaşdırmağa çalışan çağırışlara qarşı müqavimət göstərdi. Bəzən beynəlxalq vasitəçilər “reallıqlar dəyişib” deyə diplomatik təzyiqlər göstərməyə çalışdı, lakin Azərbaycan dövləti bu “yeni reallıqları” qəbul etmədi. İşğalla barışmamaq yalnız ərazi ilə bağlı mövqe deyil, həm də siyasi suverenliyə, tarixi ədalətə, milli kimliyə və xalqın qüruruna sadiqlik demək idi. Azərbaycanın bu prinsipial mövqeyi zaman keçdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha aydın başa düşülməyə başladı.
Prezidentin “Biz sırf bunu etmişik” fikri isə bu prinsipin nəticə verdiyini vurğulayır. Yəni bu, sadəcə iddia deyil, tarixi faktla təsdiqlənmiş bir həqiqətdir. Azərbaycan işğal faktını beynəlxalq səviyyədə daim gündəmdə saxladı, regionda güc balansını dəyişdirdi, güclü ordu qurdu və nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını azad etdi. Bu qələbə təsadüfi deyil, illərlə aparılan ardıcıl siyasətin məntiqi nəticəsidir. Azərbaycanın nümunəsi göstərdi ki, işğalla barışmamaq mümkündür, faydalıdır və son nəticədə haqqın təntənəsinə gətirib çıxara bilər.
Bu ifadənin Ukrayna kontekstində səsləndirilməsi isə onu qlobal miqyasda aktuallaşdırır. Hazırda Ukrayna da oxşar vəziyyətdədir – ərazisinin bir hissəsi işğal altındadır, dövlət müstəqilliyi təhlükə altındadır. Prezident Əliyev Ukraynaya bu fikirlə təkcə siyasi mesaj vermir, həm də mənəvi güc ötürür. O demək istəyir ki, əgər bir xalq işğalı heç vaxt qəbul etməzsə, bu milli yaddaşa hoparsa, dövlət öz gücünü bu prinsip üzərində qurarsa, gec-tez nəticə əldə etmək mümkündür. Bu çağırış Ukrayna xalqına yalnız motivasiya deyil, həm də strateji düşüncə üçün yol xəritəsi təklif edir. İşğal faktını zamanla adiləşdirmək, onu gündəlik reallıq kimi qəbul etmək – bu, mübarizəni daxildən məğlub etmək deməkdir.
Bununla yanaşı, bu ifadə beynəlxalq ictimaiyyətə də yönəlmiş açıq bir mesajdır. Uzun illər “status-kvo” adlandırılan vəziyyətlə barışmağı, sabitliyin pozulmaması naminə ədalətsizliyə göz yummanı təşviq edən beynəlxalq qurumlara Azərbaycan bu nəticə ilə göstərdi ki, beynəlxalq hüququn aliliyinə sadiqlik və milli iradə birləşəndə real nəticə mümkündür. Yəni işğalla barışmamaq yalnız daxili siyasət üçün deyil, həm də beynəlxalq sistemin legitimliyini qorumaq üçün əsasdır.
Bu baxımdan İlham Əliyevin sözləri sadəcə keçmişin təhlili deyil, həm də gələcək üçün dərsdir. Bu dərs ondan ibarətdir ki, heç bir işğal “əbədi reallıq” deyil. Əgər bir xalq öz haqqından əl çəkmirsə, əgər dövlət bu haqqın müdafiəsini prioritetə çevirirsə, zamanla bu haqq öz gücünü göstərəcək. Azərbaycanın timsalında bu, artıq sübut olunmuş bir reallıqdır.
Bu ifadə həm də azad olunmuş Xankəndidə səslənir. Məhz bu məqam onun təsir gücünü daha da artırır. İşğaldan azad edilmiş, artıq simvolik bir şəhərə çevrilmiş Xankəndidə qələbənin rəmzi olan məkanda bu sözləri demək həm rəmzi, həm praktiki anlam daşıyır. Bu, Azərbaycanın öz prinsipinə sadiq qalaraq torpaqlarını azad etdiyini yerindəcə nümayiş etdirmək deməkdir. Sözün mənası onu deyənin harada dayanaraq danışdığı zaman daha da güclənir.
Beləliklə, “Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik” ifadəsi bir ideyanın, bir yolun, bir mübarizənin və bir nəticənin cəmləşmiş formasıdır. Bu, Azərbaycan dövlətçiliyinin ruhunu, xalqın inadını, ədalətə inamını və gələcəyə ümidini ifadə edən dərin məna daşıyan bir siyasi və ideoloji bəyanatdır.
Baş redaktor Şahin Qocayev
Ordu.az