ABŞ prezidenti bu yanaşma ilə özünü hakimin yerinə qoyur, guya bir neçə saniyə sonra Rusiya və Ukraynanı ayıra bilər. Tramp əlavə edib ki, onun üçün bir məsələ aydındır: “Putin bütün Ukraynaya sahib olmaq istəyir, amma bu baş verməyəcək, mən Ukraynanı dəstəkləyirəm”. Lakin bu dəstəyin nədə və necə ifadə olunduğu aydın deyil. ABŞ prezidenti hələlik Senata Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı nəzərdə tutan qanun layihəsini qəbul etməməyi tövsiyə edib. Trampın administrasiyası hələ də Ukraynaya hərbi yardım qərarı verməyib, üstəlik ABŞ müdafiə naziri Ramşteyn görüşündə iştirak etməyib.
Kreml isə Trampın Rusiya-Ukrayna müharibəsini “iki yeniyetmənin əlbəyaxa davası” adlandırmasından narazıdır. “Burada, şübhəsiz ki, ABŞ prezidentinin öz baxışı ola bilər. Amma bizim üçün bu, ekssistensial məsələdir. Bu, bizim milli maraqlarımızın, təhlükəsizliyimizin, övladlarımızın və ölkəmizin gələcəyinin məsələsidir”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın fikirlərinə rəsmi münasibət bildirib.
Aydın görünür ki, Tramp və Putinin son telefon danışığı kifayət qədər çətin və ağır keçib. Rusiya faktiki olaraq bir təklifi rədd edib və çox güman ki, onun müəllifi ABŞ prezidentidir, habelə mahiyyətcə “biznes” xarakteri daşıyır: qoşunların təmas xətti üzrə atəşkəsin əldə olunması, atəşkəsin beynəlxalq mexanizmlərlə nəzarəti, Ukraynanın iqtisadi bərpası, siyasi məsələlərin gələcəkdə müzakirəyə çıxarılması.
Rusiya tərəfindən dərc olunmuş atəşkəs prinsipləri ilə bağlı memorandumun mətnindən aydın olur ki, Putin nizamlama prosesində ön plana məhz siyasi məsələləri çıxarır və bunlar bir-birindən daha maksimalist tələblərdir. Hətta Rusiya nümayəndə heyətinin rəhbəri Medinski “kompromislər tapıla bilər” desə də, təəssürat yaranır ki, Putin “kompromis” deyərkən Ukraynanın nominal dövlətçiliyini qoruyub saxlamasını nəzərdə tutur.
Daha da irəli gedərək, İstanbulda aparılmış danışıqların ikinci raundundan sonra Rusiya Prezidenti Putin Vladimir Zelenski ilə görüş ehtimalını belə qəti şəkildə rədd edib. Halbuki Trampın hesablaması bu idi ki, təmas xətti üzrə atəşkəsdən sonra Putin və Zelenski onun vasitəçiliyi ilə “saziş şərtlərini” qəbul edəcəklər.
Görünür, Kreml Trampın vasitəçilik səmimiyyətinə əvvəlcədən inanmamışdı. Putin danışıqlara razılıq verib ki, bu yolla Ukraynanı ABŞ-nin dəstəyindən məhrum etsin. Donald Tramp isə ən azı, ictimai çıxışlarında Putinin “həssaslığına qarşı jestlər” etməyə çalışır, amma Kreml onun bu addımlarını yetərli saymır.
Rusiya-ABŞ diplomatik “yenidən yüklənməsi” Putinin bu təyinatı ilə bağlıdır: Rusiya ABŞ-nin geosiyasi maraqlarına hörmətlə yanaşır və qarşılıq gözləyir. Tramp Almaniya kansleri Mertslə görüşə qədər bir neçə dəfə açıq şəkildə demişdi ki, Ukrayna məsələsində Putinin narahatlıqlarını anlayır. Lakin müharibəni “yeniyetmələrin davası” və ya “idmançılar arasında əlbəyaxa döyüş” kimi təsvir etməklə ABŞ prezidenti faktiki olaraq münasibətini dəyişib. Görünür, vəziyyət daha da kəskinləşəcək və bu, beynəlxalq siyasətə də təsir göstərəcək. NATO sammitində hansı qərarlar qəbul ediləcək?
Asif Cəfərov
Ordu.az