“Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır” - Qaluzin

2023/10/1696833968.jpg
Oxunub: 236     18:04     04 İyun 2026    
“Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün öz platformasını təqdim etməyə hazırdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

TASS agentliyinin məlumatına görə, Qaluzin bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı danışıb.

“Əvvəllər olduğu kimi, indi də Bakı və İrəvana nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, humanitar məsələlərin həlli istiqamətində dəstək verməyə hazırıq. Həmçinin sülh sazişinin imzalanması üçün hazırlıq işlərinin aparılmasına və Rusiya platformasının təqdim olunmasına hazırıq”, - deyə rusiyalı diplomat bildirib.

Qaluzin vurğulayıb ki, Rusiya 2020-2022-ci illərdə üç ölkə lideri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara əsaslanaraq Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasını daim dəstəkləyir.

O qeyd edib ki, Rusiya “3+3” regional əməkdaşlıq platformasında da böyük potensial görür.

“Bu platforma Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı, yəni Cənubi Qafqaz ölkələrini və onların tarixi qonşularını bir araya gətirir”, - deyə Qaluzin bildirib.

Onun sözlərinə görə, bu mexanizmin məqsədi Cənubi Qafqaz ölkələrinin və onların qonşularının səyləri ilə regional problemləri həll etmək, eyni zamanda kənar dağıdıcı müdaxilələrin qarşısını almaqdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qaluzin  


Bizi "telegram"da izləyin