İstanbuldan öncə Rusiyaya zərbə: Moskva mövqeyini sərtləşdirdi

2025/06/1748944769.jpg
Oxunub: 764     15:39     03 İyun 2025    
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş danışıqların ikinci raundundan əvvəl bir sıra mühüm hadisələr baş verdi. Cəbhə xəttində Rusiya ordusu yeni yaşayış məntəqələrini ələ keçirməyə davam edir. Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanları, Qərb xüsusi xidmətlərinin dəstəyi ilə, Rusiyanın Murmansk bölgəsində yerləşən strateji aviasiyasına qarşı zərbə xarakterli əməliyyat həyata keçirib.

Bundan əlavə, Bryansk və Kursk bölgələrində körpülərin partladılması nəticəsində sərnişin qatarı relsdən çıxıb və bu hadisələrdə insan tələfatı qeydə alınıb. Bütün bu gərgin fonun ardından Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Rubio arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Rubio qatar qəzası ilə bağlı başsağlığı verib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rubio “səmimi başsağlığı” ifadə edib.

Bu ifadə onu göstərir ki, Rusiya tərəfi, heç olmasa rəsmi olaraq, ABŞ-nin Ukrayna xüsusi xidmət orqanlarının bu əməliyyatlarında birbaşa iştirakına inanmır. Maraqlıdır ki, əvvəlcə ABŞ-nin “Axios” nəşri Kiyevin bu əməliyyatlardan əvvəl Ağ Evə məlumat verdiyini yazmış, sonra isə yayılan bu xəbəri təkzib etmişdi.

Lavrovla Rubio arasındakı telefon danışığı ilə bağlı yayılan məlumatda strateji obyektə endirilmiş zərbənin müzakirə olunub-olunmadığı bildirilmir. Lakin ehtimal etmək olar ki, bu məsələ də müzakirə mövzusu olub. Hərçənd ki, bu hücum döyüş meydanındakı ümumi vəziyyətə həlledici təsir göstərməyəcək, ancaq informasiya və təbliğat sahəsində ciddi rezonans doğurub. Bu da onu göstərir ki, böyük ehtimalla İstanbulda Rusiya öz mövqeyini daha da sərtləşdirib.

İstanbul danışıqlarının nəticələri də bu ehtimalı təsdiqləyir. Danışıqların ikinci raundunda Rusiya tərəfi sərt tələblərlə çıxış edib və atəşkəsə dair razılaşmanın əldə olunması mümkün olmayıb. Nəzəri baxımdan, strateji aviasiyaya endirilmiş zərbə Rusiyanı daha yumşaq mövqe tutmağa məcbur edə bilərdi. Lakin burada söhbət nəzəriyyədən deyil, faktiki reallıqdan gedir.

Reallıq isə tamamilə fərqlidir və bunu Lavrov-Rubio telefon danışığı da göstərir. Bu əlaqə, əslində, Rusiya və ABŞ arasında birbaşa dialoqun davam etdiyini sübut edir. Rusiya tərəfinin İstanbul danışıqlarındakı əvvəlki sərt mövqeləri də məhz bu birbaşa kommunikasiya kontekstində formalaşıb.

Bu mənzərə onu göstərir ki, Ukrayna müharibəsi ilə bağlı vəziyyətin daha da kəskinləşməsi, sülh danışıqlarının nəticə verməsindən daha real görünür. Sülh perspektivləri getdikcə arxa plana keçir, yerini isə genişlənən hərbi qarşıdurmaya verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   İstanbul  


Bizi "telegram"da izləyin