Türkiyə Rusiya-Ukrayna atəşkəsinə aparan yolda: Yeni diplomatik mərkəz İstanbul

2025/06/1748769196.jpg
Oxunub: 1015     13:48     01 İyun 2025    
Mayın 30-da Ukraynanın paytaxtı Kiyevdə Türkiyə və Ukrayna xarici işlər nazirləri Hakan Fidan və Andrey Sibiqa arasında danışıqlar baş tutub. Türkiyənin xarici siyasət idarəsinin rəhbərini Ukrayna prezidenti Vladimir Zelenski də qəbul edib. Zelenski daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Fidan və Sibiqa birgə mətbuat konfransı keçiriblər. Ukraynanın xarici işlər naziri Rusiyanın hələ də atəşkəsin əsas prinsiplərinə dair memorandumu təqdim etməməsindən narazılıq ifadə edib.

“Ukrayna nümayəndə heyətinin mandat və müvafiq səlahiyyət alması üçün biz əvvəlcədən rus tərəfinin memorandumunu görməliyik – bu barədə əvvəlcədən razılaşmışdıq”, - deyə Sibiqa bildirib.

Sibiqanın açıqlamasından fərqli olaraq, Hakan Fidan, “Anadolu” agentliyinin verdiyi məlumata görə, İstanbulda baş tutacaq növbəti danışıqların hazırlığına dair daha geniş və ətraflı şərhlər verib.

O, bir daha Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyini bəyan edib. Fidan bildirib ki, Ukrayna işğala məruz qalıb və bu fakt nəzərə alınmalıdır, çünki Ukrayna şəhərləri dağıdılır, ukraynalı əsgərlər və mülki insanlar həyatını itirir.

Türkiyənin xarici işlər nazirinin sözlərinə görə, mayın 16-da İstanbulda keçirilmiş ilk görüş Ukrayna münaqişəsinin diplomatik həllinə “yeni impuls” verib və bu dinamika qorunmalıdır. Fidan ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin ikinci görüşündən sonra Ərdoğan-Tramp-Putin-Zelenski zirvəsinin keçirilməsi mümkün olacaq.

Türkiyə faktiki olaraq ABŞ-ni bu məsələdə vasitəçi kimi əvəzləyib və indi bu diplomatik resursu maksimum dərəcədə öz milli maraqlarına uyğun istifadə etməyə çalışır. Fidan qeyd edib ki, ABŞ prezidentinin təşəbbüskarlığı Avropa ilə münasibətlərdə müəyyən problemlər yaradıb. Rusiya-Avropa ziddiyyətlərinə toxunan Fidan bildirib ki, tərəflər tarixi komplekslərdən azad olmalı və bir-birini qonşu kimi qəbul etməlidirlər.

Bununla belə, İstanbulda yaxın bazar ertəsi baş tutacaq danışıqlardan nikbin gözləntilərin arxasında hansı real əsasların dayandığını dəqiq demək çətindir. Həmin gün ABŞ prezidenti Donald Tramp da jurnalistlərə bildirib ki, Putinlə bağlı inadkarlıq onu təəccübləndirib: “Mən adətən təəccüblənməyi sevmirəm, amma etiraf etməliyəm ki, danışıqlar zamanı Ukrayna şəhərlərinin raket atəşinə tutulması məni təəccübləndirdi”.

Bu kontekstdə “New York Times” qəzeti ukraynalı yüksək rütbəli diplomatlara istinadla bildirib ki, Ukrayna atəşkəsin prinsiplərinə dair öz versiyasını artıq Vaşinqtona təqdim edib. Görünür, həmin sənəd ABŞ vasitəsilə Moskvaya göndərilib, lakin Rusiya tərəfdən müsbət cavab alınmayıb.

“New York Times”ın məlumatına əsasən, Ukrayna cəbhə xətti boyunca – quru, hava və dəniz sahələrində atəşkəsin tətbiqini təklif edib. Atəşkəs rejiminə nəzarəti isə tərəfdaş ölkələrin həyata keçirməsi nəzərdə tutulur. Diqqətçəkən məqam odur ki, nəzarət yalnız Avropa ölkələrinə deyil, “tərəfdaş dövlətlərə” həvalə olunub. Bu isə o deməkdir ki, atəşkəs rejiminə nəzarət məsələsində Türkiyə kimi həm Rusiya, həm Ukrayna ilə işləyə bilən balanslı aktorların rolu artır.

Kiyevdə çıxışı zamanı Hakan Fidan qeyd edib ki, Ukrayna ilə bağlı aydın mövqeyinə baxmayaraq, Ankara münaqişənin hər iki tərəfi ilə əlaqələri qoruyur. Bu isə Türkiyənin potensial olaraq Rusiya-Ukrayna atəşkəsi üçün zəmanətçi və vasitəçi kimi çıxış etmə imkanlarını artırır. Hakan Fidanın İstanbul danışıqlarına dair müsbət gözləntilərinin arxasında da məhz bu real vasitəçilik potensialı dayanır.

Bununla belə, sual açıq qalır: Moskva heç bir siyasi şərt olmadan atəşkəs variantını qəbul edəcəkmi? Və ya Türkiyənin diplomatik səyləri bu səviyyəyə çatacaqmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin