Reyqanın “Ulduz Müharibəsi”ndən Trampın “Qızıl Günbəzi”nə – Tarixi paralellər və Yeni risklər

2025/05/1747908132.jpg
Oxunub: 1016     18:32     22 May 2025    
ABŞ prezidenti Donald Tramp rəsmi şəkildə Konqresdən 25 milyard dollar istəyib ki, yanvarın 28-də imzaladığı sərəncamla nəzərdə tutulan və “Qızıl Günbəz” adlandırılan raket əleyhinə müdafiə proqramının ilkin işləri başlasın. Məlumata görə, proqramın ümumi dəyəri 175 milyard dollardan çoxdur. Vəziyyətə bələd mənbələr deyirlər ki, ABŞ prezidenti bu proqramı öz prezidentlik müddəti ərzində başa çatdırmaq niyyətindədir.

Mətbuatın məlumatına görə, bu layihə ABŞ-nin bütün ərazisini qitələrarası ballistik raketlərdən, hətta onlar kosmosdan buraxılsa belə, sığortalamağa yönəlib. Bununla yanaşı, üçpilləli raket əleyhinə müdafiə sistemi yaradılması nəzərdə tutulur ki, bu da raketlərin buraxılış, uçuş və hədəfə yaxınlaşma anlarında məhv edilməsinə imkan verəcək.

Donald Tramp “Qızıl Günbəz” proqramının zəruriliyindən danışarkən xatırladıb ki, bənzər ideya vaxtilə ABŞ prezidenti Ronald Reyqanda da olub, lakin o zaman onların kifayət qədər texnologiyası yox idi. Söhbət Reyqanın 1983-cü ildə elan etdiyi “Strateji Müdafiə Təşəbbüsü” proqramından gedir ki, jurnalistlər bunu məşhur fantastik filmin təsiri ilə “ulduz müharibəsi” adlandırmışdılar.

Reyqan da ABŞ-nin bütün ərazisini qitələrarası ballistik raketlərdən tam qorumağı hədəfləyirdi. Bunun üçün hərbi peyklərin və raket əleyhinə müdafiə sistemlərinin yalnız quruda və dənizdə deyil, həm də kosmosda yerləşdirilməsi nəzərdə tutulurdu. Reyqanın bu proqramı gerçəkləşməyib. Bəzi beynəlxalq münasibətlər üzrə tarixçilər və ekspertlər, məsələn, Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzinin sabiq direktoru David Omand hesab edir ki, Reyqanın əsl məqsədi SSRİ-ni yeni silahlanma yarışına cəlb etmək idi ki, sovet iqtisadiyyatı maliyyə çatışmazlığı səbəbindən böhrana düşsün və o, mahiyyət etibarilə buna nail olub.

Trampın “Qızıl Günbəz” proqramına cavab olaraq Rusiya və Çin birgə bəyanat yayaraq, “bəzi dövlətlərin kosmosdan hərbi məqsədlərlə istifadə etmək cəhdlərini” yolverilməz adlandırıblar. Moskva və Pekin kosmosda silah yerləşdirilməsini istisna edən müqavilənin bağlanması təşəbbüsü ilə çıxış ediblər. Rusiya mətbuatında isə belə bir fikir irəli sürülür ki, Moskva “silahlanma yarışına girməyəcək, amma adekvat müdafiə vasitələri yaradacaq”.

Aydındır ki, Ukrayna müharibəsində “bataqlığa düşmüş” və son dərəcə ciddi iqtisadi problemlərlə üzləşən Rusiya əlavə olaraq 175 milyard dollar hərbi xərclər edə bilməz, xüsusilə də ölkənin hərbi-sənaye kompleksi kəskin texnologiya çatışmazlığı içindədir. Digər tərəfdən, Trampın “Qızıl Günbəz” proqramı Rusiya üçün açıq-aşkar bir çağırışdır. Və məsələ təkcə təhlükəsizlik balansında deyil.

Rusiya-ABŞ münasibətlərində “yumuşalma” şəraitində, Moskva demək olar ki, diplomatik qələbə qazanır – ABŞ və Avropa İttifaqı arasında fikir ayrılığının dərinləşməsinə nail olur. Lakin Vaşinqtonun belə strateji və iddialı hədəfi ictimai şəkildə elan etməsi göstərir ki, Tramp administrasiyasından Rusiya prezidenti Putinin gözləntiləri, yumşaq desək, o qədər də real deyil. “Qızıl Günbəz”in məqsədi Rusiyanın iqtisadiyyatını zəiflətmək, yoxsa ona kosmosda iradə göstərməkdir. Fərq etməz, aydın görünür ki, iki güc mərkəzi yalnız hazırda deyil, ümumiyyətlə bir-birinə qarşı rəqib olaraq qalır. Ən vacib məqamlardan biri də budur ki, Vaşinqton “Qızıl Günbəz” proqramının icrasına başlamağı Rusiya-Ukrayna nizamlanmasında heç bir perspektivin görünmədiyi bir vaxtda elan edir. Üstəlik, ABŞ-nin vasitəçiliyi dayandıracağı ehtimalı da böyükdür. Bütün bu fon qarşısında “Qızıl Günbəz” proqramının işə salınması Rusiya-ABŞ münasibətlərinin tamam fərqli gələcəyindən xəbər verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin