ABŞ texnologiyası Ukraynada İranın qatil PUA-larını gücləndirir - ARAŞDIRMA

2022/11/1669715019.jpg
Oxunub: 1693     17:15     29 Noyabr 2022    
İran PUA-ları Ukraynanın kritik infrastrukturunu məhv edir. Təəccüblü olan odur ki, Ukraynada istifadə edilən PUA-ların korpusu və partlayıcı yükdən başqa digər komponentlərin əksəriyyəti xaricdən gəlir.

Əslində, bu PUA-lar Yaponiya və Çindən, ABŞ və Avropa İttifaqından gələn komponentlərlə hazırlanır. Amma elektronikanın əksəriyyəti Amerika məhsuludur.

ABŞ İranda PUA şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Amma həm təklif olunan qanunvericilik, həm də ABŞ-ın sanksiyaları İrana tədarükün qarşısını almağa yönəlmiş ardıcıl siyasət olmadan çətin ki, hansısa bir dəyişikliyə səbəb olsun.

ABŞ rəsmiləri Konqresə bildirirlər ki, İran PUA-ları asanlıqla əldə edilə bilən kommersiya hissələrindən hazırlandığından heç nə etmək mümkün deyil. Ancaq bu cür iddialar sadəcə olaraq doğru deyil. İranın PUA-ları üçün kənar texnologiyaya çıxış dayandırıla bilər, lakin bunun üçün ağıllı olmaq və liderlik etmək lazımdır.


İndi Ukraynada ruslar tərəfindən istifadə edilən İranın “Mohajer-6” PUA-sında istifadə olunan mühərrikə nəzər salaq. O, ABŞ və Kanada firmalarına məxsus Avstriyada qurulan “Rotax” şirkəti tərəfindən istehsal olunur.

“Mohajer-6” kəşfiyyat və zərbə PUA-sıdır və dörd dəqiq zərbə raketi daşıya bilir. Ukraynada vurulan “Mohajer”lərdən biri 115 at gücü hasil edən “Rotax 914” mühərrikinə malikdir.

“Mohajer-6” təxminən 100 at gücü hasil edən “Rotax 912-IS” mühərrikinə sahib olan Türkiyənin məşhur “Bayraktar TB-2” PUA-larına bənzəyir (914, 912-nin yenilənmiş versiyasıdır).

1970-ci ildə “Bombardier” tərəfindən alınan “Rotax “Avstriyada “Bombardier Recreational Products” (BRP) tərəfindən öz mühərriklərini, hissələrini və əlaqəli texnologiyasını istehsal edir. 2003-cü ildə BRP “Bain Capital” (50%), “Bombardier” Ailəsi (35%) və “Caisse de dépôt et placement du Québec”ə (15%) satıldı. “Bain Capital” Bostonda yerləşir. “Bain Capital”ın həmtəsisçilərindən biri senator Mitt Romneydir.

BRP-nin “Rotax” mühərrikləri seriyası dünyada öz növünün ən populyar mühərrikidir və aviasiya, motosiklet və əyləncə vasitələrində istifadə olunur. BRP-nin dünya üzrə distribyutorları və İranda xidmət mərkəzi var .

“Mohajer-6”da tapılan “Rotax” mühərriki ilə bağlı açıqlamada şirkət bildirib ki, İran və ya Rusiyadakı hərbi PUA istehsalçılarını təchiz etmək üçün distribyutorlarına icazə verməyib.

Şirkətin bəyanatında mühərrikləri “mülki” istifadə üçün İrana satıb-satmadığı qeyd olunmayıb, lakin İranda təmir mərkəzinin yaradılması orada çoxlu sayda “Rotax” mühərrikinin satıldığını deməyə əsas verir.

“Rotax” mühərrikləri ABŞ və İsrail PUA-larda da istifadə olunur. ABŞ və Kanada arasında paylaşılan BRP-nin mülkiyyətini nəzərə alsaq, ABŞ və Kanada hökumətlərinin niyə İrana mühərrik tədarükünün şərtləri ilə bağlı araşdırmaya başlamadıqları aydın deyil. Axı İran ABŞ və Aİ tərəfindən sanksiyaya məruz qalıb. Hələ də belə bir araşdırmanın baş verdiyinə dair heç bir sübut yoxdur. Məlum olduğu kimi, “Rotax” şirkətinin heç bir rəsmisi ilə müsahibə aparılmayıb, heç bir sənəd yoxlanılmayıb, hətta İrana artıq satılan mühərriklər üçün ehtiyat hissələrinin və təchizatların çatdırılmasının dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur.

Nə ABŞ, nə də Kanada “Rotax”dan İrandakı təmir mərkəzini bağlamağı tələb etməyib. Bundan əlavə, “Azad Avropa” və “Azadlıq Radiosu”nda işləyən araşdırmaçı jurnalistlər tərəfindən müəyyən edilən “Rotax “məhsullarının İtaliya distribyutoru “Luciano Sorlini SPA” deyir ki, o, heç vaxt İrana mühərriklər çatdırmayıb. Şirkətin İtaliya səlahiyyətliləri tərəfindən sorğu-sual edilib-edilmədiyi məlum deyil.


“Rotax” mühərriklərinin daha çox satışını dayandırmaq İranı onları başqa yerdə axtarmağa məcbur edəcək. Əgər ABŞ və Aİ hərəkətə keçsə, “Rotax” və digər mühərrik istehsalçılarına xəbərdarlıq etsəydi, İran “Mohajer” və mühərrikdən istifadə edə biləcək digər PUA-ların istehsalında ciddi problemlər yaşayacaqdı.

“Mohajer”ə quraşdırıla bilən 4 mühərrik var. Bunlar Belçikada “UL Power”, həmçinin “D-Motor”, Çexiyada “Verner Motor” və Avstraliyada “Jabiru” tərəfindən istehsal olunur.

Çinlilər “Rotax”ı əvəz edəcək bir mühərrik istehsal etsələr belə, Ukrayna müharibəsi ilə əlaqədar sanksiya siyahısına düşməmək üçün onu satmayacaqlar.

“Rotax” İranın PUA istehsalını sıxışdırmaq üçün yeganə yol deyil.

İranda istehsal edilən və Ukraynada istifadə edilən PUA-lardan biri “Şahed-136” kamikadze PUA-sıdır. “Mohajer” kimi, “Şahed-136” da mənşəcə kosmopolitdir. O, Çin mühərrikindən (Çin mənşəli mühərriklərdən bir sıra digər İran PUA-larında da istifadə olunur) və əsasən ABŞ elektronikasından ibarət əsas dövrə lövhəsindən istifadə edir.

“Şahed 136”nın mühərriki Yunnan əyalətinin cənubundakı Mi Yanq Sənaye Parkında “Mile Hao Xiang Technology Co” tərəfindən istehsal olunan DLE-222CC dörd silindrli benzin mühərrikinə bənzəyir. ABŞ səlahiyyətliləri Çinə asanlıqla xəbər verə bilər ki, bu mühərriklər Ukrayna müharibəsi üçün Rusiyaya təhvil verilən İran PUA-larında istifadə olunur və onlardan 3500-ü artıq çatdırılıb . ABŞ-Aİ-nin Çinə qarşı birgə demarşı mühərriklərin tədarükünü dayandırmaq üçün kifayət edə bilər.

“Şahed”in dövrə lövhəsi də əlavə araşdırma tələb edir. Bütün komponentlərin yerləri əsas hissələrdə qeyd edilsə də, bir neçə qəribəlik var.

Lövhə müasir fabrikdə istehsal olunsa da, lövhədə seriya nömrəsi və ya digər identifikasiya yoxdur, yəni o, eyniləşdirmə məlumatının buraxılmasını xahiş edən müştəri üçün istehsal edilib.

Bundan əlavə, lövhədəki inteqral sxemlərdən ən azı birində, bəlkə də ixraca nəzarət edilən hissə olduğu üçün identifikasiya məlumatları silinib.

Elektronika, inteqral sxemlər, prosessorlar və lövhədəki mürəkkəb birləşdirici Amerika şirkətlərindən gəlir və ya onlar üçün xaricdə istehsal olunur.


İstehsalçının, seriya nömrəsinin və ya loqotipinin olmaması səbəbindən dövrə lövhəsinin İrandan kənarda istehsal edildiyini mühakimə etmək məqsədəuyğundur. İran istehsal etdiyi avadanlığın üzərinə adını yazmaqdan çəkinmir.. Bundan əlavə, xüsusi bir dövrə lövhəsi istehsal etmək və onu komponentlərlə asanlıqla əldə ediləcəyi yerdə qablaşdırmaq daha asandır.

Elektron lövhənin Amerika Birləşmiş Ştatlarında və ya başqa yerlərdə, Tayvanda (kompüter anakartları istehsal edən böyük sənayesi var) və ya başqa bir Asiya ölkəsində istehsal edildiyini araşdırmaq lazımdır. Bunu izləmək mümkün ola bilər, lakin bunun üçün istintaq resursları lazım olacaq. Bununla belə, İran PUA-ların Ukrayna müharibəsində vurduğu dağıdıcı təsiri nəzərə alsaq, bu səylərə dəyər.

Əgər doğrudan da İran daha çox Qərb elektronikasından və Qərbin montaj və istehsalından asılıdırsa, o zaman İranın PUA proqramını tamamilə dayandırmaq olar. Beləliklə, ABŞ və Rusiyanın xaricdən silah aldığını bilən digər ölkələr İranın PUA sənayesini bir güllə atmadan məhv etmək üçün unikal imkana malikdirlər.

İranlılar kimi ruslar da xarici texnologiyaya arxalanırlar və onun böyük hissəsi Amerika mənşəlidir. Onların “Orlan-10” PUA-ları Amerika inteqral sxemləri ilə doldurulub. İrana yönəlmiş güclü siyasət rusları da vura bilər.

ABŞ və Avropada İranın PUA proqramının yaratdığı təhlükə ilə mübarizədə təşəbbüs və səyin olmaması diqqətəlayiqdir, çünki ardıcıl siyasət Ukraynada müharibənin dayandırılmasına effektiv kömək edə bilər. Əgər Vaşinqton ciddi addımlar atarsa, İran təkcə Ukraynada deyil, Yaxın Şərqdə və silah ixrac etdiyi hər yerdə daha az təhlükə yaradacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA   ABŞ   Rotax  


Bizi "telegram"da izləyin