Türkiyə tərəfindən ixrac edilən ilk ballistik raket – KHAN (ARAŞDIRMA)

2022/11/KHAN--1668249890.jpg
Oxunub: 4106     10:10     15 Noyabr 2022    
Noyabr ayından etibarən Türkiyə “ballistik raket ixracatçısı” ölkələrindən biri olub. Bu sahədə ixrac edilən ilk raket ROKETSAN tərəfindən hazırlanmış “Khan” ballistik raketi olub.

Türkiyə müdafiə sənayesi son zamanlar ağıllı sursatlar üzərindəki səylərini gücləndirir. Bu gücləndirilmiş səylər Türkiyə Silahlı Qüvvələrinin gücünü artırmaqla yanaşı, ölkəyə ixracat da təmin edir.

Ağıllı sursat sahəsində çalışan Türkiyənin qabaqcıl texnologiya şirkəti ROKETSAN 2021-ci ildəki uğurlu ixrac fəaliyyətləri nəticəsində “Dünyanın 100 Ən Yaxşı Müdafiə Sənayesi Şirkəti” siyahısına daxil olub. Bununla belə, şirkətin 2022-ci ildəki ixrac göstəriciləri onun siyahıda daha da irəli gedəcəyini göstərir.


PUA-ların istifadə etdiyi MAM-L, MAM-C və MAM-T sursatlarının ROKETSAN-ın məhsul çeşidində önə çıxdığı hər kəsə məlumdur. Bu sursatlar milli PUA platformaları ilə birlikdə 30-a yaxın ölkəyə ixrac edilib. Şirkət həmçinin yer-yer raketləri, qanadlı və gəmi əleyhinə raketlər, tuşlama dəstləri, hava hücumundan müdafiə raketləri, tank əleyhinə raketlər, torpedolar, kosmik sistemlər və ballistik müdafiə həlləri sahəsində geniş məhsul çeşidinə malikdir.

Şirkətin İndoneziyaya “Khan” ballistik raketləri tədarük edəcəyi bildirilir. Əslində Türkiyə bununla taktiki ballistik raket və hava hücumundan müdafiə raket sahəsində ilk ixrac uğurunu nümayiş etdirib. Digər tərəfdən, görünür, “Atmaca”nın ilk müştərisi də İndoneziya olacaq. Bu cür ixraclar adətən müqavilələrdəki bəndlərə görə açıqlanmır. Ola bilsin ki, ROKETSAN bu məhsulları başqa ölkələrə ixrac edib, amma biz bilmirik. Ancaq hələlik dəqiq bildiyimiz odur ki, Türkiyə dəqiq idarə olunan sursatlar sahəsində ixracat fəaliyyətini günü-gündən artırır.

Bu sahədə ixrac fəaliyyətləri təkcə İndoneziya ilə məhdudlaşmır. Sentyabrda ROKETSAN və Polşa Müdafiə Nazirliyi arasında artilleriya sistemləri ilə bağlı anlaşma memorandumu imzalanıb. Silahlanma fəaliyyətini günü-gündən artıran Polşa Ordusu tezliklə ROKETSAN məhsullarının yeni istifadəçisi ola bilər. Polşa ilə yanaşı Banqladeş TRG-300 və TRG-230 raket sistemləri və “Teber” tuşlama dəsti sifariş edib.


ROKETSAN-ın baş direktoru Murat İkinci 2022-ci ilin mart ayında iki fərqli ölkədən OMTAS və UMTAS Tank Əleyhinə Raketlər üçün sifariş aldıqlarını açıqlayıb.

“Khan” ballistik raket sistemi

“Bora” ballistik raketi hazırda Türkiyə Silahlı Qüvvələrinin ən uzaq mənzilli sursatlarından biridir. Rəsmi orqanlar daha əvvəl “Bora” raketlərinin tədarükünün başa çatdığını elan etmişdilər. Bununla belə, “Bora”nın ixrac versiyası da var. Onun da adı “Khan”dır. “Khan” da “Bora” kimi 280 kilometr məsafəyə malikdir. Beynəlxalq arenada 300 kilometrə qədər mənzili olan raketlərə “Taktik Ballistik Raketlər” deyilir. “Khan” Türkiyənin TRG-300 və TRG-230-dan başqa ixrac etdiyi ilk ballistik raket olub. Bəs bu raketin xüsusiyyətləri nələrdir?

ROKETSAN istehsalı olan “Bora” Silah Sistemi 8×8 Taktik Təkərli Vasitədən buraxılır. O, həmçinin istifadəçi ehtiyaclarına uyğun inteqrasiya üçün uyğun interfeysə malik digər taktik təkərli vasitə platformalarından da buraxıla bilər. Batareya quruluşu daxilində raket buraxılış qurğularına əlavə olaraq komanda idarəetmə vasitəsi, sursat təchizatı vasitəsi və logistika dəstək vasitəsi kimi fərqli oyunçular da var.


“Khan” raketi ilə radar mövqeləri, cəmləşmə sahələri, kritik obyektlər, artilleriya və hava hücumundan müdafiə sistemləri kimi yüksək prioritet hədəfləri vurmaq olar. Əslində, 470 kiloqramlıq döyüş başlığı ilə “Bora” döyüş meydanında açar kimi istənilən sahəyə atılır. Bunun üçün əlbəttə ki, dəqiq naviqasiya vacibdir.

GPS və INS naviqasiya sistemləri istifadə edildikdə, sistemin hədəfdən sapma əmsalı 10 metrə qədər azalır. Döyüş başlığının 470 kiloqram olduğunu nəzərə alsaq, bunun kifayət qədər yaxşı əmsal olduğunu söyləmək olar.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KHAN  


Bizi "telegram"da izləyin