Zəif işıqda 20-dən çox adam noutbuk və sənədlərin köməyi ilə masaların üzərinə səpələnən elektron komponentləri bir araya gətirir, arxa fonda isə artilleriya atəşi eşidilir.
Müharibədən əvvəl camaşırxana kimi istifadə edilən qonşu otaqda ruslara qarşı mübarizə zamanı zədələnən PUA-ların ehtiyat hissələrindən isifadə edilərək yeni platformalar hazırlanır.
Bu vaxt bağçadakı anbarda Varnak adlı 19 yaşlı gənc qumbaraatanlar üçün hazırlanmış mərmiləri PUA-lardan atılacaq bombalara çevirir. Gənc mərmiyə üzgəclər əlavə edir və detonasiya sistemini dəyişdirir.
“Mən burada öz bölməmdə partlayıcılarla məşğul oluram. Biz qumbaralar üzərində işləyirik və əldəqayırma partlayıcı maddələr yaradırıq”, - deyə o bildirib.
O, miniatür bombaların üzərinə düşmən üçün fərdi mesajlar yazır: “Qələbə -- və ad günün mübarək!” və “Azadlıq olmadan yaşayan insanların zövqü pis olur”.
Evin qarajında elektronika ilə örtülmüş platforma dörd təkər üzərində quraşdırılıb, burada komanda tank əleyhinə mina və ya hər hansı digər partlayıcı maddə daşıya bilən kamikadze PUA-ya son toxunuşlar edir. Robot atəş stansiyasına çevrilmək üçün ağır pulemyotla təchiz edilir.
Rusiya fevralda hücuma başlayanda Aktor Kiyevdəki İqor Sikorski Texniki Universitetinin tələbəsi idi. Bu gün o, forma geyinir və kamikadze PUA-ları mükəmməlləşdirmək üçün “robotexnika” üzərində işləyir.
Onun üçün bu texnologiyalar Ukraynadakı müharibədə dəyişiklik yarada bilər, çünki “hazırkı müharibə... yeni nəsil müharibəsidir”.
22 yaşlı gənc deyir: “Artıq döyüşü silahı olan insanlar deyil, çox yüksək texniki səviyyəyə malik robot platformalar aparır. Bir ton partlayıcını silah-sursat anbarına çatdıra bilən robotunuz olduğu halda niyə bir əsgər digərini vurmalıdır?”.
Qrupun yaradıcısı və lideri Zmiy (Ukrayna dilində “İlan”) 2014-cü ildə Ukraynanın şərqindəki Donbasda başlayan münaqişənin veteranıdır. Haşiyəli eynək və ABŞ bayrağı ilə bəzədilmiş beysbol papağı taxan Zmiy deyir ki, qrup 40-a yaxın kişi və qadından ibarətdir. Onun əsas komandası onun kimi veteranlardan ibarətdir.
“Cihazları yaradan və ixtira edən bütün digər şəxslər “Twitter” vasitəsilə bizə qoşuldular. Onlar könüllülərdir”, - deyə o bildirib.
Bazadan, Rusiya xəttlərindən iki kilometr məsafədən naviqator Mixo və 11 pilot Rusiya mövqelərinə bomba atmaq üçün PUA hazırlayır.
Davamlı artilleriya mübadiləsi zamanı iki şəxs PUA-nın altına bomba yerləşdirir, ABŞ istehsalı olan model kommersiya saytlarında təxminən 3000 avroya satılır.
Mixonun rəhbərlik etdiyi pilotlar ekranda rus mövqelərini müşahidə edir. Sonra o, şaquli şəkildə bombanı buraxır. Dərhal rus əsgərlərinin silahları eşidilir. Ruslar özlərindən təxminən 300 metr hündürlükdə uçan cihazı məhv etməyə çalışırlar. Lakin PUA Ukrayna tərəfinə xəsarətsiz qayıdır.
Sevinc Əliyeva
Ordu.az