Ordu.az xəbər verir ki, xüsusi şöbənin zabiti polkovnik Zarzant Mxtryanın qaldırdığı vəsatətə əsasən artileriya idarəetmə taqımının baş telefonçusu A.Yepisqopsyana qarşı cinayət işi açılıb.
2001-ci il sentyabr ayının 29-da anadan olmuş hərbi qulluqçu A.Yepisqopsyan, bu ilin yanvar ayında Ermənistanın Artaşat rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Dağlıq Qarabağdakı işğalçı bölmələrdən birinə hərbi xidmətə göndərilib.
İstintaq zamanı məlum olub ki, A.Yepisqopsyan yüksək rütbəli zabitlərin telefon danışıqlarına qulaq asaraq onların qeydiyyatın aparırmış. Onun gizlin saxladığı qeyd dəftərində dinlədiyi danışıqların məzmununun, telefonunda isə bəzi danışıqların audio yazısının olduğu aşkar edilib. Hərbi polisin müstəntiqləri əsgərin bu danışıqları kimin əmri ilə qeyd etdiyini və kimlərə məruzə olunduğunu araşdırır.
Faktla bağlı hərbi polis tərəfindən qaldırılan cinayət işi üzrə araşdırma davam edir.
Ordu.az