Peyk nədir? – QISA BAXIŞ

2019/01/9_1-1547030755.jpg
Oxunub: 47721     14:41     09 Yanvar 2019    
Peyk planet ətrafında əyri trayektoriya boyunca hərəkət edən hər hansı bir obyektdir. Ay, Yerin təbii peykidir. Yer ətrafında insan əli ilə hazırlanan çox sayda süni peyk də orbital fəaliyyətdədir. Deməli, süni peykin dairəvi hərəkət marşrutu orbitdir.

Peyklərin bu şəkildə hərəkət etdiyini anlamaq üçün Nyuton qanunlarına müraciət edilməlidir. Nyuton, kainatın hər iki obyekti arasında cazibə qüvvəsinin mövcud olduğunu irəli sürdü. Bu qüvvə olmadıqda, planetin yaxınlığında uçan peyklər hərəkətlərini eyni sürətdə və bir istiqamətdə - düz xətt üzrə davam etdirərdilər. Bu xətt planetin mərkəzinə yönələn güclü bir cazibə qüvvəsi ilə balanslaşdırılan peykin ətalət yoludur. Bəzən peykin orbiti ellips kimi görünür. Bu halda da eyni hərəkət qanunları tətbiq edilir. Nəticədə, peykə tətbiq edilən xalis qüvvə bütün trayektoriya boyunca bərabər paylanmır və peykin sürəti daim dəyişir. Peyk planetə yaxın olduqda, yəni periqey nöqtəsində daha sürətlə hərəkət edir, planetdən uzaqlaşdıqda, yəni apoqey nöqtəsində isə daha yavaş hərəkət edir.


Peyklər fərqli növ və ölçülərdə olur, müxtəlif vəzifələri yerinə yetirir. Meteoroloji peyklər meteoroloqlara hava durumunu proqnozlaşdırmağa və ya bu anda baş verənləri görməyə imkan verir. Geostasionar ekoloji istismar peyki (GEİP) yaxşı bir nümunədir. Bu peyklərin tərkibinə adətən Yerin havasını göstərən kameralar da daxil edilir. Rabitə peykləri telefon danışıqlarının peyk vasitəsilə ötürülməsinə imkan verir. Rabitə peykinin ən vacib xüsusiyyəti transponderə malik olmasındadır. Transponder bir tezlikdə danışığı qəbul edir, onu gücləndirir və sonra siqnalları başqa tezlikdə Yerə qaytarır. Bir peyk adətən yüzlərlə və ya minlərlə transponderdən ibarət olur. Rabitə peykləri adətən geosinxron (bu barədə daha sonra) olur. Televiziya peykləri isə (rabitə peykləri ilə təxminən eyni funksiyadır) televiziya siqnallarını bir nöqtədən digərinə ötürür. Elmi peyklər, məsələn Edvin Habblın şərəfinə "Hubble Space Telescope" adlandırılan peyk kimi, bütün növ elmi missiyaları yerinə yetirir. Bu peyklər günəş ləkələrindən qamma şüalarına qədər hər şeyi seyr edir. Naviqasiya peykləri təyyarələrə uçmağa və gəmilərə üzməyə kömək edir. GPS NAVSTAR və GLONASS peykləri naviqasiyanın parlaq nümayəndələridir. Xilasetmə peykləri həyəcan və SOS siqnallarına reaksiya verir. Yerin müşahidə peykləri planetdəki temperaturdan buz örtüklərinə qədər dəyişiklikləri qeyd edir. Bu sinifin ən məşhur peyki "Landsat" seriyasıdır.


Hərbi peyklər də kosmosda fəaliyyət göstərir, lakin onların çoxunun funksiyası gizli qalır. Onlar şifrəli məlumatları ötürə bilir, nüvə silahlarını, düşmən hərəkətlərini izləyə bilir, raket buraxılışları barədə xəbərdarlıqlar edə bilir, yerüstü radiostansiyaları dinləyə bilir, radioloksiya və xəritə görüntülərini əldə edə bilir.

Peyklərin icad edilməsi

Yəqin ki, Nyuton peykin buraxılması barədə fikirləşirdi, lakin bunun həqiqətən həyata keçirilməsinə qədər uzun müddət keçdi. Bu fəaliyyətlərin İlk "pionerlərindən" biri elmi fantastika yazıçısı Artur Klark idi. 1945-ci ildə Klark, peykin orbitə Yer kürəsi ilə eyni istiqamətdə və eyni sürətdə hərəkət edəcək şəkildə yerləşdirilməsini təklif etdi. Sözügedən geostasionar peykləri rabitə üçün istifadə edilə bilərdi.

Elm adamları Klarkı 1957-ci ilin oktyabrın 4-nə qədər anlamadılar. Sovet İttifaqı "Sputnik-1" ilk süni peykini Yer ətrafındakı orbitə göndərdi.

"Sputnik-1" peykinin diametri 58 santimetr, kütləsi isə 83 kiloqram, forması isə kürə şəklində idi.


Bunun çox əlamətdar bir uğur olmasına baxmayaraq, "Sputnik"in təchizatı bugünkü standartlara görə yoxsul idi:

- Termometr;
- Batareya;
- Radioötürücü;
- Təzyiq altında daxildə yerləşən azot qazı.


"Sputnik-1" peykinin çöl tərəfindəki dörd anten, mövcud standartlardan 27 MHz yuxarı və ya aşağı qısadalğa tezlikdə məlumat ötürürdü. Yerdəki izləmə stansiyaları radio siqnalı ələ keçirərək kiçik peykin buraxılışa davam gətirdiyini və planet ətrafında orbitə müvəffəqiyyətlə daxil olduğunu təsdiqlədi. Bir aydan sonra Sovet İttifaqı "Sputnik-2"ni orbitə buraxdı. Kapsulun daxilində "Layka" adlı it (Sovet yazıçıları itin şərəfinə çox sayda əsərlər yazdılar) yerləşdirildi. 1957-ci ilin dekabrında Soyuq Müharibədə öz rəqiblərini qətiyyətlə təqib etməyə çalışan ABŞ alimləri "Avanqard" peykini orbitə buraxmağa çalışdı. Təəssüf ki, start mərhələsində raket qəzaya uğrayaraq yandı. Qısa müddətdən sonra, 1958-ci il yanvarın 31-də ABŞ "Explorer-1" peykinin "U.S. Redstone" raketi ilə orbitə çıxarılmasından ibarət Verner fon Braun planını qəbul edərək, SSRİ-nin uğurunu təkrarladı.

"Explorer-1" kosmik şüaları aşkarlama vasitələrini daşıyırdı. Ayova Universitetindən Ceyms Van Allen tərəfindən sınaqlarda aşkar edildi ki, kosmik şüalar gözləniləndən daha azdır. Bu, yerin maqnit sahəsi tərəfindən ələ keçirilən yüklü hissəciklərlə dolu, iki toroidal zonanın (nəticədə Van Allenin şərəfinə adlandırılan) aşkar edilməsinə gətirib çıxardı.


Bu müvəffəqiyyətlərdən ilhamlanan bəzi şirkətlər 1960-cı illərdə peykləri inkişaf etdirməyə və onları orbitə buraxmağa başladılar. Onlardan biri də ulduz mühəndis Harold Rozenin çalışdığı "Hughes Aircraft" şirkəti idi. Rozen, Yerin orbitində yerləşdirilən bir rabitə peykinin, bir yerdən başqa bir yerə radio dalğalarını əks etdirə biləcəyinə dair Klark ideyasını həyata keçirə bilən bir komandaya rəhbərlik etdi. 1961-ci ildə NASA "Hughes"in bir neçə "Syncom" (sinxron rabitə) peyklərini qurması üçün müqavilə bağladı. 1963-cü ilin iyulunda Rozen və onun həmkarları "Synkom-2" peykinin kosmosa çıxaraq geosinxron orbitə daxil olduğunu seyr etdilər. Prezident Kennedi Afrikada Nigerya Baş naziri ilə danışmaq üçün yeni sistemdən istifadə etdi. Tezliklə "Synkom-3" orbitə buraxılaraq televiziya siqnalını yayımladı.

Beləliklə, bu gün hələ də inkişaf edən Peyk dövrü başladı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peyk   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin