Tuşlama sistemi (TS) - komanda ilə tuşlanmadan fərqli olaraq, heyətin və xarici idarəetmə sistemlərinin iştirakı olmadan, raket və ya digər sursatın minimal yayınma ilə hədəfə göndərilməsi üçün nəzərdə tutulan qurğular toplusudur. ÖTB isə tuşlama sisteminin bir elementidir.
ÖTB ilə təchiz olunan TS, əmrlə tuşlanan raketlərdən fərqli olaraq, özü və ya daşıyıcı tərəfindən "işıqlandırılan" şüa mənbəyini və ya kontrastlı hədəfləri görərək onlara doğru tuşlana bilir.

Özütuşlanan başlıq (ÖTB) raket və ya mərminin burun hissəsində yerləşdirilən tuşlama sisteminin bir elementidir. ÖTB hədəf tərəfindən yayılan və ya əks etdirilən mexaniki (akustik) və ya şüa enerjisini (müxtəlif uzunluqlu elektromaqnit dalğaları) istifadə edərkən qəbuledici kimi fəaliyyət göstərir.
Belə yerləşdirmə bəzi konstruksiya çətinlikləri yaradır, çünki faydalı yüklər (döyüş başlığı) tuşlama avadanlıqlarının arxasında yerləşdirilməli olur.
Quruluşu
Tuşlama sisteminin əsas funksional blokları iki hissədən ibarətdir:
1. Hədəf mövqeyi ilə birbaşa və ya dolayısı ilə bağlı olan fiziki sensordan;
2. Avtopilotdan, yəni sensordan (qəbuledicidən) alınan məlumatların emal edilməsi və idarəetmə siqnalının sükan çarxlarına avtomatik ötürülməsi sistemindən.
Təsnifatı
Tuşlama sisteminin başlanğıcda hədəf mövqeyinə dair məlumatları olmaya bilər - bu halda hədəf axtarışı ilə tuşlama sistemi haqqında, yox əgər bu cür məlumatlar mövcuddursa, o zaman hədəfi müşayiət etmə sistemi haqqında müzakirə aparıla bilər.
Tuşlama sistemləri adətən hədəflərin mövqeyini müəyyən etmək üçün istifadə olunan fiziki göstəricilərin tipinə görə təsnif edilir.
Fəaliyyət prinsipinə əsasən aşağıdakı özütuşlanan başlıqlar fərqləndirilə bilər:
1. Passiv - hədəfin yaydığı enerjini qəbul edən;
2. Yarı-aktiv - bəzi xarici mənbələr tərəfindən yayılan hədəfin əks etdirdiyi enerjiyə reaksiya verən;
3. Aktiv - tuşlama başlığının özünün yaydığı və hədəfin əks etdirdiyi şüalanmanı qəbul edən.
Alınan enerji növünə görə, ÖTB-lər radiolokasiya, optik və akustik başlıqlara bölünür:
- Radiolokasiya özütuşlama başlıqları radiodiapazonun elektromaqnit dalğalarından istifadə edərək fəaliyyət göstərir. Aktiv, yarı-aktiv və passiv radiolokasiya başlıqları yer, hava və dəniz hədəflərinin idarəolunan məhvetmə vasitələrində tətbiq olunur;
- Optik özütuşlama başlıqları, optik diapazonda elektromaqnit dalğalardan istifadə edərək fəaliyyət göstərir. Yer, hava və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan idarəolunan vasitələr üzərində quraşdırılır. Tuşlama infraqırmızı şüa mənbəyi və ya lazer şüasının əks olunan enerjisi hesabına həyata keçirilir. Qeyri-kontrast yer hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan idarəolunan vasitələrdə passiv optik tuşlama başlıqlarından istifadə edilir;
- Akustik özütuşlanan başlıqlar ultrasəslərdən və eşidilən səslərdən istifadə edərək hədəfə tuşlanır. Onun tətbiqi səs dalğalarının elektromaqnit dalğalardan ləng zəiflədiyi suda daha effektivdir.
Özütüşlama sistemləri ümumilikdə aşağıdakı növlərə görə fərqləndirilir:
1. Ətalətli (inersial) ÖTB.
Ətalətli naviqasiya metodu müxtəlif obyektlərin - gəmilərin, təyyarələrin, raketlərin və s. koordinat və hərəkət parametrlərinin təyin olunması, eyni zamanda onların xarici ətalətə əsaslanan avtonom hərəkətinin idarə olunmasından ibarətdir, yəni burada kənar istinad nöqtələri və ya siqnalları tələb olunmur. Naviqasiya problemlərinin həlli üçün qeyri-avtonom üsullar xarici orientirlərin və ya siqnalların (məsələn, ulduzlar, işıq mənbələri, radiosiqnallar və s.) istifadəsinə əsaslanır. Bu üsullar prinsipcə olduqca sadədir, lakin bəzi hallarda görünmənin məhdudiyyəti, radiosiqnallara müdaxilənin mövcudluğu və s. səbəblərdən həyata keçirilə bilmir.
2. Astroətalətli ÖTB
Astroətalətli naviqasiya, astronomik və ətalətli naviqasiyanın kompleks birləşməsinə əsaslanaraq, hədəfin naviqasiya parametrlərini müəyyənləşdirmək üçün istifadə edilən metodlardan biridir. Astroətalətli naviqasiya sistemləri ümumiyyətlə ətalətli naviqasiya sisteminin dəyişik bir formasıdır.
Sistemin tərkibinə astronomik informasiyanın toplanması və emalı üçün adətən "astrokorrektor" adlanan əlavə bir cihaz da daxil edilib.
Astroətalətli naviqasiya sistemlərindən strateji aviasiya təyyarələrində, kosmik vasitələrdə, eləcə də böyük raket komplekslərində istifadə edilir.
3. Peyk naviqasiyalı ÖTB
Peyk naviqasiya sistemi (Global Navigation Satellite System (GNSS)) - torpaq, su və hava obyektlərinin yerləşməsini (coğrafi koordinatlarını) müəyyənləşdirmək üçün nəzərdə tutulur. Peyk naviqasiya sistemləri siqnalın qəbuledicisinin hərəkət sürətini və istiqamətini əldə etməyə imkan verir. Bundan əlavə, ondan dəqiq vaxtı təyin etmək üçün istifadə edilə bilər. Belə sistemlər kosmik avadanlıqlar və yerüstü idarəetmə sistemlərindən ibarətdir. Hazırda, yalnız iki peyk sistemi - GPS və GLONASS yer kürəsini tam və fasiləsiz əhatə edir. Çin və Hindistan da peyk qruplaşmasını artıraraq milli peyk sistemini istifadəyə verməyə hazırlaşır.
4. Radiolokasiyalı ÖTB
RÖTB - radiolokasiya tipli özütuşlanan başlıqlardır, bunlara tərkibində tam həcmli radiolokasiya stansiyası olan başlıqlar daxildir, onlar müstəqil olaraq hədəfləri aşkar edərək onlara tuşlana bilir. "Hava-hava", "yer-hava" və gəmi əleyhinə raketlərdə istifadə edilir. Bu növ RÖTB-lərin özü də bir neçə alt növə bölünür.
4.1 Aktiv radiolokasiyalı özütuşlanan başlıq
Aktiv radiolokasiyalı özütuşlanan başlıq (ARÖTB) - raketin avtonom radiolokator və qərar bloku ilə təchiz olunur, bu isə daşıyıcıdan asılı olmayaraq hədəflərin aşkar edilməsinə və ələ keçirilməsinə imkan verir. Kifayət qədər effektiv başlıq növü olan radiolokasiyalı ÖTB dünyanın müasir raket istehsalçıları tərəfindən 50-dən çox müxtəlif raketlərdə tətbiq edilir. Aktiv özütuşlanan sistemlər əlavə olaraq qəbuledicidən başqa, zondlama siqnalları yayan və onlarla hədəfləri şüalandıran bir ötürücüyə (şüalandırma elementinə) də malikdir. Bu halda sensor, hədəfdən əks olunan exo siqnalları qəbul etmək üçün konfiqurasiya edilir.
4.2 Yarı-aktiv RÖTB
Yarı-aktiv RÖTB, köməkçi RLS-in hədəfdən əks olunan müşayiət etmə siqnalını ələ keçirmək üçün nəzərdə tutulur. "Hava-hava" və "yer-hava" raketlərində istifadə edilir.
4.3 Passiv RÖTB
Passiv RÖTB - hədəfin şüalanmasına tuşlanır. Radiolokasiya əleyhinə raketlərdə, eləcə də aktiv müdaxilənin mənbəyinə qarşı istifadə edilən raketlərdə istifadə olunur.

Qeyri-kontrast torpaq hədəflərinin idarəolunan məhvetmə vasitələrində, ərazidən yayılan radiosiqnalları qəbul edən aktiv ÖTB və ya radioistilik şüalanma dalğalarına həssas olan passiv ÖTB-dən istifadə edilir.
Radiolokasiya tipli ÖTB-lərin bəzi modellərində az sayda pelenq və radiomayaklara, bəzən isə ərazi relyefinə görə nizamlanan başlıqlara da rast gəlinir.
5. İnfraqırmızı (termal) ÖTB
İnfraqırmızı ÖTB (Termal ÖTB) - hədəfin yaydığı infraqırmızı dalğaların ələ keçirilməsi prinsipi üzərində işləyən bir tuşlama başlığıdır. Bu isə ona meteo şəraitdən asılı olmamağa imkan verir. O, ətraf mühit fonunda hədəfi müəyyən edərək avtomatik rejimdə hədəf qurğusuna (AHQ) ələ keçirmə siqnalının çatdırılmasına, eləcə də avtopilota nəzər xəttinin bucaq sürətini ölçmək üçün nəzərdə tutulan optik elektron qurğudur. "Hava-hava", "hava-yer" və "yer-hava" raketlərində istifadə edilir.
Ən sadə, ucuz və etibarlı hədəfə tuşlama metodunun hazırda 4 nəsildən ibarət versiyaları mövcuddur:
• I nəsil - İQ ÖTB - bir spektrli, bir elementli və ani olmayan modul tipli pelenqə malikdir;
• II nəsil - iki nöqtəli və tək optik sistemli, iki spektrli qəbulediciyə və modul tipli pelenqə malikdir;
• III nəsil - matrsalı (çoxnöqtəli) bir spektrə və ani pelenq imkanına malikdir;
• IV gözlənilən nəsil - matrsalı, iki spektrə malik İQ ÖTB olacaq.
6. Ultrabənövşəyi özütuşlanan başlıqlar
Ultrabənövşəyi özütuşlanan başlıqlar - televiziya (optik) tipli ÖTB-dir, yaxşı hava və yaxşı görüntü şəraitində işləyə bilir. "Hava-yer", bəzən isə "yer-hava" raketlərində istifadə olunur.

Ultrabənövşəyi başlığın fəaliyyət prinsipi infraqırmızı ÖTB sisteminin iş prinsipinə bənzəyir, yalnız burada daha qısa dalğalardan istifadə olunur. Bu isə infraqırmızı raketlər üçün daha çox istilik tələləri tanımaq üçün imkan verir, lakin hədəfin aşkarlanması/ələ keçirilməsi məsafəsini azaldır və hava şəraitindən asılılıq yaradır.
7. Lazer tipli ÖTB
LÖTB - Lazer tipli ÖTB-dir, "hava-yer" və "yer-yer" raketlərində, bəzən isə aviasiya bombalarında istifadə edilir. Bir qayda olaraq, yarı-aktiv başlıq hədəfdən əks olunan lazer şüalanması (hədəf daşıyıcı təyyarədə mövcud olan hədəflərin işıqlandırılması üçün lazer stansiyası tərəfindən icra olunur) üzərində işləyir.
8. Akustik ÖTB
Akustik ÖTB-lər əsasən torpedalarda istifadə olunur.
ÖTB sabitliyini və dəqiqliyini artırmaq üçün koordinat sensoru girosabit platformaya (girokoordinatora) quraşdırılır.

Daha mürəkkəb (qabaqcıl) cihazlar, həmçinin məlumatın saxlanması modullarını, analoq və ya rəqəmsal kompüterləri, həmçinin səs-küy toxunulmazlığını, dəqiqliyi və əsas taktiki və texniki xüsusiyyətləri artıran digər elementləri də özündə birləşdirə bilər.
ÖTB yaradanlar və istehsalçıları
Müxtəlif səviyyəli özütuşlanan başlıqların istehsalı əsasən ABŞ-da, İsraildə, Fransada, Rusiyada və Çində yerləşən hərbi sənaye kompleksinin bir sıra müəssisələrində çəmləşib. Məsələn, "hava-hava" sinfinin qısa və orta mənzilli raketləri üçün aktiv tuşlama başlıqları Moskvanın Fryazino şəhərindəki "İstok" Araşdırma və İstehsalat Şirkətində, həm də Fransanın MBDA şirkəti tərəfindən kütləvi istehsal olunur. Dünyanın demək olar ki, bütün münaqişələrində geniş istifadə edilən ÖTB-yə malik raket nümunələrinə AGM-65 "Maverick", AGM-114 "Hellfire", AIM-120 AMRAAM,"Astra", "Exocet", "Red Dean", "Harpoon" gəmi əleyhinə,"Hermes" raket kompleksini, R-73, X-35, X-59 və s. raketlərini aid etmək olar.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az