Kiber müharibə təhlükələrinə BAXIŞ

2018/12/cyber-1544704663.jpg
Oxunub: 2443     16:37     13 Dekabr 2018    
Ötən əsrdə baş verən iki dünya müharibəsi milyonlarla insanın ölümünə səbəb oldu. Dünya müharibələrinə qədər döyüşlərin çoxu yaxın məsafədən və üzbəüz baş verirdi. Lakin müttəfiq qoşunların Almaniya şəhərlərini dağıtmaq üçün istifadə etdiyi bombardmançı təyyarələr müharibə konsepsiyasını tamamilə dəyişdi. ABŞ və Böyük Britaniya ordusunun tarixi Drezden şəhərini hava hücumları ilə məhv etməsi tarixdə öz yerini aldı.

Nüvə silahının gücünü dünyaya göstərən isə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombaları oldu. Bundan sonra Soyuq Müharibə dövrü başladı və həm Kommunist bloku, həm də Qərb qüvvələri müharibəni yaxın ərazilərdə yox, 3-cü dünya ölkələrində davam etdirdilər. Buna istisna olan yalnız Koreya yarımadasındakı müharibə, Vyetnam və Əfqanıstan müharibələri oldu.


Qabaqcıl texnologiyanın inkişafı isə müharibələrin konseptini bir qədər də dəyişdi. Artıq PUA-lar və hədəfdən minlərlə kilometr uzaqda olan pilotlar tərəfindən idarə edilən raketlər geostasionar orbitdə yerləşdirilən peyklər vasitəsilə hədəflə bağlı siqnalları və kəşfiyyat məlumatlarını toplaya bilir. Bütün bunları etmək üçün uçuş sistemləri və döyüş təyyarələrində qabaqcıl kompüter sistemləri və avtomatlaşdırmadan istifadə olunur. Bu, elə bir həddə çatıb ki, hazırkı təyyarələr canlı pilota ehtiyacı olan son təyyarələr ola bilər. Amerikalılar, ruslar və çinlilər artıq quruda da istifadə edilən robotlara böyük investisiyalar yatırır.

Əsas ziddiyyətli məsələ isə odur ki, bütün bu texnologiyanın əsasında kompüter kodları dayanır. Bu vizual beyin gücü olmadan, hətta ən dağıdıcı silah belə lazımsız dəmir və material yığıntısından başqa bir şey deyil. Buna görə ki, son zamanlar kiber təhlükəsizlik məsələləri də gündəmdədir. ABŞ hökumətinin Hesabatlılıq İdarəsi tərəfindən yayımlanan ən son hesabata görə, Pentaqonun son 5 ildə istifadə etdiyi silahların çoxu kompüter kodlarına əsaslanır və həmin sistemlər asanlıqla haker hücumuna məruz qala bilər. Kompüter proqramlarının şifrələri dəyişdirilə bilər və ya ictimai domeynlərdəki kodlar kopyalana bilər.


Bəzi ABŞ araşdırma mərkəzlərinin spekulyativ xarakterli hesabatlarında qeyd olunub ki, sıradan proqramçılar belə bu sistemlərə sıza bilər, bu da o deməkdir ki, Çin, Rusiya, İran və İsrail kimi rəqiblər bunu çoxdan ediblər. Hesabatlarda bunun tam əksi, yəni ABŞ-ın sözügedən ölkələrin silah sistemlərinə nüfuz etdiyi də bildirilir. Lakin, beynəlxalq aləmdə bu hesabatların etibarı olmadığı üçün bu məlumatların dezinformasiya olduğu düşünülür.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiber-müharibə   Müharibə   İnformasiya  


Bizi "telegram"da izləyin