Mükəmməl əsgər üçün mükəmməl texnologiya – HƏRBİ EKSPERT (III YAZI)

2018/08/1_1535460555.jpg
Oxunub: 2580     20:43     28 Avqust 2018    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Atıcı silahlara xas olan akustik və vizual görünmə əlamətlərinin azaldılmasının faydalarını dərk edən hərbçilərin istifadəsində olan səsboğucular getdikcə daha çox populyarlıq qazanır

Süni intellekt

NATO-nun Xüsusi Əməliyyat Qüvvələrində bir çoxları hesab edir ki, tezliklə süni intellekt piyada və xüsusi bölmələr tərəfindən istifadə edilən avtomatlaşdırılmış əməliyyat idarəetmə sistemlərinə (ƏİS) inteqrasiya edilə bilər. Bu döyüş vəziyyətində qərarların qəbul edilməsi prosesini optimallaşdırmağa və sürətləndirməyə imkan verəcək. Ümumiyyətlə, müasir əsgərin dəstəklənməsi üçün nəzərdə tutulan süni intellekt daha da geniş yayılaraq ən aşağı taktiki səviyyə qədər gedib çatmalıdır. Hərbçilər isə bu tip daşınan texnologiyaları yaxın gələcəkdə əldə etmək istəyirlər.

Hazırda süni intellektdən strateji səviyyədə böyük data mərkəzlərinin dəstəklənməsi üçün kəşfiyyat və müşahidə məlumatlarının emalında, təhlilində və bölüşdürülməsində aktiv şəkildə istifadə edilir. Bununla birlikdə, onun taktiki səviyyədə istifadə etmək üçün forma amillərini və enerji ehtiyaclarını azaltmaq üçün də işlər aparılır.

Siqnalların idarə edilməsi və ölümcüllük

Ən aşağı taktiki səviyyədə döyüş zamanı müasir əsgərin düşmənə istənilən təsiri göstərməsi və uğurla vəzifəsini yerinə yetirməsi üçün əvvəlcə onun aşkarlanmasının qarşısını almaq lazımdır. ABŞ dəniz piyada korpusu (DPK), şəxsi heyətə cari və inkişaf etməkdə olan əməliyyat tələblərinə cavab vermək üçün bir neçə qısamüddətli modernləşmələri həyata keçirməyə çalışır. Korpus portativ C4ISTAR (Command, Control, Communications & Computers; Intelligence, Surveillance, Target Acquisition & Reconnaissance) qurğularına bağlı olan EMS fəaliyyətini minimallaşdırmaq da daxil olmaqla, əsgərin görüntülənmə siqnaturasını azaltma vasitələrini müəyyən etmək istəyir.

Hazırda şəxsi silahların səs-küy və akustik siqnallarının, həmçinin görünməsinin fiziki əlamətlərinin azaldılması üzrə müxtəlif tədbirlər təklif edilir və qiymətləndirilir. Praktikada DPK əldə edilən təcrübənin təyin edilməsi üçün pilot və təlim proqramlarını inkişaf etdirmədə davam edir. EMC və görünmənin fiziki əlamətlərini azaltmaq üçün müvafiq texnologiyalar da hazırlanır.

Korpus nümayəndəsinin sözlərinə görə, onlar səhra təlimlərində "döyüş qüvvələrinin müstəqil oyununu" inteqrasiya etmək üçün çalışırlar. Bu isə real zamanda döyüş sahəsində mövcud olan radiotezlik, fiziki və ya səs siqnallarına əsasən oradakı əsgərin görünmə əlamətləri haqda məlumatlar əldə etməyə imkan verəcək.

"Biz ekstremist təşkilatlarla mübarizə aparan zaman onlardan az əhəmiyyətli olduğuna görə imtina etdik", - deyə o, Yaxın Şərqdə, Sakit okean regionunda, Afrikada İŞİD və onun bölmələrinə qarşı əməliyyatları xatırladıb.

Döyüş vəzifələrini yerinə yetirərkən siqnaturanı əhəmiyyətli dərəcədə azaltmağa imkan verən xüsusi texnologiyalara 3D printerdə çap olunan səsboğucular da daxildir. Onlar real olaraq fiziki və səs siqnallarını idarə etməkdə müasir əsgərlərə kömək etməyə qadirdir. Əlavə olaraq, bu texnologiya yaşayış məntəqələrində hərəkət edən piyada və XTQ-yə əlavə üstünlük də verir.

Misal üçün, XTQ və piyadaların fiziki və akustik görünməsini azaltmaq üçün nəzərdə tutulan, "Delta P Design" şirkətində 3D printerdə çap üsulu ilə hazırlanan "Brevis III" səsboğucusunu göstərmək olar. Onların istifadəsi əməliyyat idarəetmə və vəziyyətə nəzarət səviyyəsinin yüksəldirməsinə səbəb olur. Bu səsboğucularının əlavə üstünlüyü ondan ibarətdir ki, barıt qazının atıcının üzünə təsir etməsini istisna edir.

Sərt və bütöv titan materialdan hazırlanan "Brevis III" səsboğucusu 120 mm uzunluğa malikdir; onlar "Heckler & Koch MP7" də daxil olmaqla fərdi silahların alov söndürücüsünə əlavə edilə bilir. 235 qram kütləyə malik "Brevis III" daha böyük hücum tüfənglərinə, karabinlərə, yüngül və ağır pulemyotlara da quraşdırıla bilər.

Tezliklə müasir əsgərlər atəş dəqiqliyini və ölümcül nəticəni optimalaşdırmaq üçün dəbilqəyə bərkidiləcək qurğular və yeni nəsil silah sistemlərinə sahib olacaq. Şübhəsiz ki, bu, onların situasiya bilik səviyyələrini qaldırılacaq, hədəflərin axtarış və ələkeçirmə prosesini sadələşəcək.


"Elbit Systems" şirkəti, ağıllı optik nişangahlara olan istifadəçi tələblərinə uyğun olaraq üzünün "SmartSight" sistemini inkişaf etdirir

Məsələn, 2018-ci ilin iyulunda Almaniya ordusunun piyada təlim mərkəzində texnologiyaların nümayişi proqramı çərçivəsində "Elbit Systems" şirkətinin "SmartSight" nişangahının nümayişi keçirilib. Almaniyanın "Telefunken Racoms" (Almaniyada "Elbit Systems"in distributoru) şirkətinin nümayəndəsi bildirib ki, bu nişangah əməliyyat tələblərinə uyğun olaraq inkişaf etdirilir.

Nişangah ayrı bir cihaz və ya "ardıcıl" bir sistem olaraq istifadə edilə bilər; bu vəziyyət də o, kolimator nişangahın və ya böyüdücü optikanın arxasında quraşdırılır. "SmartSight" nişangahı operatora "hədəfin təsvirini genişləndirilən reallıqda" təqdim edir, bu informasiya isə öz növbəsində daha geniş perspektiv platformalara, məsələn "Elbit" istehsalı olan "Dominator" döyüş təchizat sisteminə inteqrasiya edilə bilər.

"SmartSight" nişangahının özünün tərkibi, daxilində GPS və ətalətli mövqe kompaslı bloku olan modullardan, həmçinin "Jenoptik" şirkəti tərəfindən istehsal edilən lazer məsafəölçənindən ibarətdir.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu nişangah hədəfləri aşkar edərək inteqrasiya edilən taktiki radio qurğu vasitəsilə müvafiq məlumatların əməliyyat idarəetmə sistemlərinə ötürülməsinə imkan verir. "SmartSight"ın çətin döyüş şəraitində çalışması, geritəpmənin optikanın dəqiqliyinə və sabitliyinə təsirini istisana etmək üçün möhkəm konstruksiyaya malikdir.

Silahın lülə yatağına bərkidilən 3 düyməli idarəetmə bloku, "SmartSight" üzərində yerləşən mexaniki idarəetmə elementini təkrarlayır, eyni zamanda atıcıya hədəfi və ya digər maraqlandıran obyekti kəsişən vizir ilə işarələməyə imkan verir.

Məlumat yazıla bilər və ya şəbəkə vasitəsilə əməliyyat idarəetmə sisteminə, yaxud da döyüş vasitələrinin avtomatlaşdırılan idarəetmə sistemlərinə (AİS) ötürülə bilər. İdarəetmə sistemi məlumatı yazır, onu MANET şəbəkəsi və ya alternativ şəbəkələr üzərindən digər atıcılara və ya bölmələrə ötürür.

Bu sistemlər müxtəlif atəş qruplarına, manqa və ya tağımların əsgərlərinə döyüş sahəsini vizual olaraq həm öz "SmartSight" nişangahı vasitəsilə skan (darama) etməyə, həm də ümumi şəbəkəyə qoşulan eyni tipli digər nişangahların vizir torunda görünən dost və ya düşmən qüvvələri, onlara məxsus obyektlər haqqında maraqlandıran məlumatları əldə edə bilir. Bundan əlavə, "SmartSight" nişangahı atıcıları və şəbəkəni GPS koordinatları və atəş məsafəsi də daxil olmaqla hədəf haqqında müvafiq vacib məlumatlarla təmin edir.

"Elbit Systems" hazırda mürəkkəb döyüş məkanında fəaliyyət göstərən əsgərlərin imkanlarını artırmaq üçün mövcud "SmartSight" nişangahını modernləşdirmək üçün çalışır. Mümkün təkmilləşdirilmə proqramı informasiya idarəetmə sisteminin xəritələrinin real ərazi ilə uyğunlaşdırılması funksiyasına sahib rəngli ekranın əlavə edilməsini nəzərdə tutur.

Şirkət nümayəndəsi bu günə qədər yeni modelin altı prototipinin hazırlandığını bildirsə də, qiymətləndirmə üçün Almaniya ordusuna göndərilən nişangahların sayını açıqlamayıb.

"Telefunken Racoms" indi "SmartSight" nişangahını gələcək əsgər konsepsiyasına daxil edir. Bu, "Raptor" cihazı ilə təchiz edilən piyada və xüsusi təyinatlı əsgərlərə eyni zamanda "Torc2h" əməliyyat idarəetmə proqramı təminatı da daxil olmaqla bir neçə yeni texnologiyadan istifadə etməyə imkan verəcək, rabitə PNR-1000 şəxsi radiostansiyası vasitəsilə yaradılacaq.


İsrail ordusu, yaxın döyüşdə əsgərlər üçün çox aktual olan "ilk mərmidən vurma" ehtimalını artırmaq məqsədilə yüzlərlə "SMASH" nişangahını qiymətləndirməyi planlaşdırır

Bənzər bir sistem - "SmartShooter" şirkətindən "SMASH" optik silah nişangahları İsrail ordusunda sınaqdan keçirilir. "SMASH" hücum tüfənginin və ya karabinlərin Pikatinni istiqamətləndirici lövhəsinə quraşdırılır və uzaq məsafələrdə hərəkət edən hədəfləri ilk atəşdən vurma ehtimalını artırmağa imkan verir. Mövcud məlumatlara görə, 2018-ci ilin sentyabr ayının sonuna qədər bir neçə yüz "SMASH" nişangahı İsrail ordusunda sınaqdan keçiriləcək.

İsrail ordusu SMASH ailəsindən olan SMASH 2000, SMASH 2000 Plus, SMASH 2000M və SMASH 2000N variantları da daxil olmaqla bir neçə modeli qiymətləndirir.

Bütün bu atəşi idarəetmə sistemləri şəffaf optik ekran və hədəflərin aşkarlanmasını təmin edən elektron optik/infraqırmızı sensor ilə fərqlənir. Bütün modellər tüfəngin geritəpməsinin nişangahın dəqiqliyinə təsirini istisna etmək məqsədilə "MIL STD 810" standartına uyğun olaraq hazırlanır.

"Plus" variantı döyüş tapşırıqlarının hazırlıq və icrası zamanı nəticələri təhlil etmək üçün qeydləri yaddaşa yazan qurğu ilə təchiz edildiyi halda, "2000M" versiyası da 4 qat böyütmə imkanına malik olaraq uzaq məsafələrə atəş açmaq üçün nəzərdə tutulur. Nəhayət, "2000N" modeli 4 qat böyütməyə malik olmaqla məhdud və ya sıfır görünmə şəraitində fəaliyyət üçün infraqırmızı sensoru da tərkibinə daxil edir.

"SMASH" nişangahı həmçinin digər xüsusi vəzifələrdə, o cümlədən dron əleyhinə əməliyyatlarda da istifadə edilə bilər. Şirkət nümayəndəsi "SMASH" ailəsinə aid sistemlərin tamamilə yeni təhlükələrdən "kinetik mühafizə"ni təmin etmək üçün istifadə oluna biləcəyini bildirir: "Daxili hədəf alqoritmləri ilə yüksək dəqiqlikli dron əleyhinə imkanları sayəsində 120 metr məsafədə aşağı hündürlükdə yüksək sürətlə uçan hətta kiçik PUA-ları belə məhv etmək mümkündür".

Bazarda ənənəvi parlaqlıq və termal görüntüləmə texnologiyalarının əvəz edilməsi üçün CMOS (CMOS - metal oksid yarımkeçirici kompleks) strukturlara malik rəqəmsal cihazlar populyarlıq qazanmaqdadır. Onlar hərbçilərə situasiyaya nəzarət səviyyəsinin əhəmiyyətli artımını, həmçinin yaxın döyüşlərdə aşağı və ya sıfır işıqlanma şəraitində hədəflərin aşkar edilməsi prosesinin təkmilləşdirilməsini vəd edirlər.

Məsələn nümunə üçün ABŞ xüsusi təyinatlılarının istifadəsində olan "Rochester Precision Optics" (RPO) şirkətindən CNOD (CMOS Night Observation Device - CMOS Gecə Görmə Cihazı) cihazını göstərmək olar. Ondan həm ön aviasiya tuşlayıcılarının döyüş sahəsindəki əks-müşahidə cihazı kimi, həm də hücum tüfənglərinə, karabinlərə və hətta tapançalara quraşdırılan optik nişangah kimi istifadə edilir.


Tüfənglərin nişangahlarından əlavə genişləndirilən reallığa malik məlumatlar əsgərlərin üzünə taxılan müxtəlif şəffaf avadanlıqlardan, məsələn, güllə əleyhinə qoruyucu eynək və ya qaz əleyhinə maskadan yaxşı görünməlidir

Avstriyanın AD2V şirkəti (Absolute Darkness To Vision AD2V - Mütləq Qaranlıqdan Görüntüyə) özünün "Luxiter PM1" rəqəmsal gecə görmə gözlükləri ilə CMOS konsepsiyasını yeni səviyyəyə keçirdi. Bəzi məlumatlara görə, bu sistemlər artıq Avropa ölkələrindən birinin xüsusi təyinatlı qüvvələrinin arsenalında yer alır.

""Luxiter" sistemi bənzərsiz analoq və rəqəmsal interfeysləri təmin edir. Məsələn, məhdud işıqlanma şəraitində qeyd edilən videoların radio sistem vasitəsilə ötürülməsi həyata keçirilir. O, xarici mənbələrdən alınan məlumatları, eləcə də mətn informasiyalarını da qəbul edə bilər", - deyə "Griffity Defense" şirkətindən (Almaniyada AD2V-nin distribyutoru) Vilhelm Qronauer bildirib.

(Ardı var...)
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müasir-Əsgər   Texnologiya  


Bizi "telegram"da izləyin