“Bloomberg”: ABŞ və İran Xameneyinin yerini gizli saxlamaq üçün “kuryerlər” vasitəsilə əlaqə saxlayır

2026/05/1779768538.jpg
Oxunub: 236     09:39     12 İyun 2026    
Tehran və Vaşinqton arasında mesaj mübadiləsi İranın ali rəhbəri Müctəba Xameneyinin olduğu yerin məxfi saxlanılması məqsədilə mürəkkəb sxem üzrə həyata keçirilir və ölkədə internetlə bağlı problemlər bu prosesi daha da çətinləşdirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ rəsmilərinə, analitiklərə və mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, amerikalı danışıqlarçıların təklifləri dolayı diplomatik kanallar vasitəsilə, əksər hallarda İran tərəfinin kuryerlərinin iştirakı ilə ötürülür.

“Amerikalı danışıqlarçıların təklifləri dolayı diplomatik marşrutla, çox vaxt İran tərəfinin kuryerlərinin iştirakı ilə ötürülür ki, Müctəba Xameneyinin olduğu yer gizli qalsın”, - deyə məlumatda bildirilir.

Mənbələrin sözlərinə görə, ABŞ və İran arasındakı təmaslar klassik danışıqlardan daha çox mürəkkəb prosesə bənzəyir və mesajların qarşılıqlı ötürülməsi bəzən bir neçə gün davam edir.

“Bloomberg” qeyd edir ki, müharibə dövründə İranda internet bağlantısının qeyri-sabit olması vəziyyəti daha da çətinləşdirib. Bəzi hallarda “WhatsApp” vasitəsilə göndərilən mesajların çatdırılması 48 saata qədər vaxt aparıb.

Məlumata əsasən, Vaşinqtonun mesajları kuryerlərə ötürülməzdən əvvəl Pakistan rəsmilərinin vasitəçiliyi ilə Tehrana çatdırılır. Onlar məlumatları telefon danışıqları və şəxsi görüşlər zamanı İran tərəfinə təqdim edirlər.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndəsinin fikrincə, hətta Vaşinqton İranın bütün tələblərini qəbul etsə belə, sazişin imzalanması üçün ən azı beş gün lazım olacaq.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa əlaqə kanalını qoruyub saxlayır və Vaşinqton bundan tez-tez istifadə edir.

“Bloomberg”in məlumatına görə, BƏƏ də münaqişə başlayandan bəri İran nümayəndələri ilə ilk üzbəüz görüşün keçirilməsi barədə qərar qəbul edib. Bunun səbəblərindən biri də danışıqların ləng getməsindən narazılıqdır.

Agentlik daha əvvəl xəbər vermişdi ki, BƏƏ və İranın milli təhlükəsizlik qurumlarının nümayəndələri bu həftə İran əleyhinə hərbi əməliyyatların başlanmasından sonra ilk şəxsi görüşlərini keçiriblər. Görüşün məqsədi tərəflər arasında gərginliyi azaltmaq olub.

ABŞ və İsrailin hücumlarından, eləcə də ölkə rəhbərliyinə qarşı həyata keçirilən diversiya cəhdlərindən sonra İran hakimiyyəti təhlükəsizlik səbəbləri ilə xarici internet saytları və mesencerlərə çıxışı məhdudlaşdırıb.

Agentliyin müxbirinin daha əvvəl verdiyi məlumata görə, çərşənbə axşamı Tehranda beynəlxalq internetə çıxış qismən bərpa olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Xameneyi  


Bizi "telegram"da izləyin