"Finlandiya" sözünə uyğun 167 nəticə tapıldı!

DSX-nin silahlanmasında mövcud olan snayper tüfəngləri - HƏRBİ EKSPERT (II YAZI)

2019/08/22-1566638050.jpg
Oxunub: 1849     17:14     27 Avqust 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Avqustun 14-də Dənizkənarı Milli Parkda Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyinə həsr edilən bayram tədbirində ziyarətçilərə təqdim edilən Dövlət Sərhəd Xidmətinin silahlanmasında mövcud olan snayper tüfəngləri arasında həm Azərbaycan, həm də digər ölkələrin silahları mövcud idi. Çeşid isə kifayət qədər geniş idi. Bu yazıda barəsində məlumat veriləcək silahlardan bəziləri isə ictimaiyyətə ilk dəfə təqdim edilib.

İsveçrə

OM 50 “Nemesis”

Daha əvvəllər də təqdim edilən, lakin indiyə qədər yerli mətbuatda biz də daxil olmaqla, heç kimin barəsində ətraflı məlumat vermədiyi iriçaplı OM 50 “Nemesis” snayper tüfəngi 2001-ci ildə peşəkar snayper, təqaüddə olan ABŞ dəniz piyada zabiti Ceyms Ouen və İsveçrənin atıcı silah mühəndisi Kris Moviqliatti tərəfindən hazırlanıb. Onların adlarının baş hərfləri tüfəngin adında OM (Ouen- Moviqliatti) olaraq göstərilir, 50 rəqəmi isə tüfəngin çapını göstərir.


Snayper tüfənginə ikinci “Nemesis” adı isə qədim yunanların sosial və mənəvi normaların pozulmasına görə qisas alan qanadlı ilahəsi Nemesisin şərəfinə verilib. Bu məqamlara toxunmaya da bilərdim, lakin yeni silahların istehsalı zamanı uğurlu adların seçilməsi, onların gələcək təqdimatı və satışında az əhəmiyyət daşımır.

Dizaynerlərin məqsədi müxtəlif şəraitlərdə, o cümlədən küçə döyüşlərində, yəni “şəhər müharibəsi” şəraitində effektiv mübarizə üçün yararlı yüksək dəqiqlikli snayper tüfəngini yaratmaq idi, çünki bu silah xüsusi ordu və polis bölmələrini silahlandırmaq üçün hazırlanırdı.

Artıq silahların ilk sınaqları məqsədin əldə olunduğunu göstərdi: ABŞ Silahlı Qüvvələrinin bir snayperi 900 metr məsafədən 5 mərminin hamısını 5x6 sm-lik çərçivəyə yerləşdirdi.

2002-ci ildə silah markası, prototipi və texniki sənədləri almaq hüququ ABŞ tərəfindən İsveçrənin A.M.S.D. (Advanced Military Systems Design) şirkətinə verildi və 2003-cü ildən AMSD OM 50 “Nemesis” adı ilə ilk tüfəng partiyası istehsal edildi.

Keyfiyyətli materiallar, erqonomika, yüksək dəqiqlik və digər müsbət göstəricilər sayəsində silah dərhal ordu və polis arasında populyarlıq qazandı. 2003-cü ildən bəri silahlar İsveçrə ordusu və polisinin, habelə Lüksemburq, Belçika, Hollandiya, Almaniya, İsveç kimi Avropa ölkələrinin xüsusi qüvvələrinin arsenalında yer alır.


Tüfəng üç variantda istehsal edildi: OM 50 “Nemesis” Mk. I - tək-tək atəş aça bilən, uzunluğu və hündürlüyü tənzimlənən, qatlanmayan bir qundağa malik tüfəngdir.

OM 50 “Nemesis” Mk. II və OM 50 “Nemesis” Mk. III - ayrıla bilən 5 mərmili xəzinəyə sahibdir, tənzimlənən və yana qatlanan qundağa, həmçinin qundağın altında əlavə qatlanan dayağa malikdir. Ən son model əlavə olaraq uzun lülə yatağına və “Pikatinni” lövhəsinə də malikdir.

Tüfəngin hər üç modifikasiyası vahid modul dizayn sxeminə əsasən hazırlanıb, əsas komponentləri çaxmaq qrupu, lülə qutusu və zərbə-tətik mexanizmindən ibarətdir. Bütün hissələr və mexanizmlər yüksək davamlılığa malik keyfiyyətli materiallardan hazırlanır və bir-birlərinə diqqətlə uyğunlaşdırılıb.

Silah lülələri kifayət qədər ağırdır, lakin tez dəyişdirilə bilir. 38.1, 45.7, 55.8, 71.1 və 83.8 santimetr uzunluğunda lülələr müxtəlif divar qalınlığında hazırlanır. Güclü bir ağız əyləci və ya taktiki səsboğucu ilə təchiz olunur.

Tüfəngin lüləsi lülə qutusuna mərmi kanalı altındakı 5 yiv ilə bərkidilir. Təyin edilən tapşırıqlara görə, silahın dəstinə daxil olan xüsusi bir açarın köməyi ilə lülə iki dəqiqədən çox olmayan müddətdə dəyişdirilə bilir. Lülə kanalının çaxmaq çərçivəsi vasitəsilə 3 nöqtədə kilidlənməsi, atəş açarkən lülə qutusuna düşən yükü azaldır, buna görə qutunun kütləsini azaltmaq mümkün olur. Bu isə tüfəngin ümumi kütləsinin azalmasına əhəmiyyətli dərəcədə təsir edir.


Lülə yatağının ön hissəsinə tənzimlənən teleskopik qatlanan dayaqlar bağlanır. Açıq mexaniki nişangah qurğuları nəzərdə tutulmur və uzun “Pikatinni” lövhəsinə optik nişangah bərkidilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

OM 50 “Nemesis” Mk. III;
Çapı - 12.7 mm;
Sursatı - .50 BMG (12,7x99 mm NATO);
Uzunluğu (qundaq açıq/qapalı ) - 1029-1562/774-1232 mm;
Lülə uzunluğu - 381-838 mm;
Çəki (ikiayaq və nişangahsız) - 10-dan 15-kq-a qədər;
Xəzinə tutumu - 5 ədəd;
Effektiv atəş məsafəsi - 1600 m;
Maksimum atəş məsafəsi - 2500 m.


A.M.S.D. şirkəti OM 50 “Nemesis” Mk4, Mk5 və Mk5-NV versiyalarını istehsal etmək üçün hazırlaşırdı, lakin 2010-cu ildə şirkət naməlum səbəblərdən texniki sənədləri, marka və tüfəng istehsalına aid bütün hüquqlarını İsveçrənin SAN “Swiss Arms AG” silah şirkətinə təhvil verdi. Nəticədə OM 50 “Nemesis” markası adı altında tüfəngin istehsalı dayandırıldı və artıq 2011-ci ildə yeni sahib, SAN “Swiss Arms AG” şirkəti silahın SAN 511 markası adı altında növbəti modifikasiyasının prototipini hazırladı.

Xorvatiya

MACS M4

Əvvəllər erkən modeli təqdim edilən, lakin barəsində geniş məlumat verilməyən digər bir silah MACS M4 snayper tüfəngidir. Bu tüfəng ailənin son nümayəndəsi olaraq Xorvatiyada istehsal edilir və 12.7×99 mm (.50 “Browning”) mərmilərindən istifadə edir. Optik nişangaha malik MACS M4 snayper tüfəngi, geri təpmə qüvvəsini azaltmaq üçün ciddi bir lülə əyləci ilə təchiz edilib və ondan tək-tək atəş açmaq üçün nəzərdə tutulub.


Doqquz kilidləmə nöqtəsi, silahın konstruksiya bütövlüyü üçün 50% daha böyük bir dayaq sahəsini təmin edir. Lülədəki uzununa kanallar silahın çəkisi və səthini azaldır, soyumanı sürətləndirir.

Üç ədəd qaz çıxış nöqtəsi yüksək təzyiqli qazların yan tərəfə çıxışına imkan verir ki, bu da təhlükəsizlik baxımından vacib elementdir.

Əllə doldurulan silah 5 mərmi tutumuna malik xəzinəyə malikdir. Tüfəngin bir çox elementləri hər bir atıcının bədən ölçülərinə görə nizamlana bilər. MACS M4 snayper tüfəngi “Kahles” ZF10×42 və ya “Kahles” K-312 3-12x50 optik vasitələrindən istifadə edə bilər.
İstifadə edilən “Kahles” K-312 3-12x50 nişangahının çəkisi 800 qr, quraşdırma qurğusunun (kronşteynin) çəkisi 300 qr, böyütməsi isə 3-dən 12 dəfəyə qədərdir.


Taktiki-Texniki Xüsusiyyətləri:

Çapı - 12.7 x 99 mm (.50);
Uzunluğu - 1480 mm;
Teleskopik dayaqlar istisna olmaqla, çaxmaqla birlikdə eni - 90 mm;
Teleskopik nişangahla hündürlüyü - 300 mm;
Teleskopik nişangahla və xəzinə ilə birlikdə kütləsi - 12.8 kq;
Lülə uzunluğu - 782 mm;
Yiv sayı - 8 ədəd;
Xəzinə tutumu - 5 mərmi;
Effektiv atəş məsafəsi - 1500 m;
Zərbə tətik mexanizmi - 0,5-dən 1.5 kq-a qədər qüvvə ilə tənzimlənən;
Dayaqlar - PARKER HALE şirkətinin istehsalıdır.


Finlandiya

SAKO TRG M22

1921-ci ildə Finlandiyada yaradılan, ilk dəfə təqdim edilən və bu gün “Beretta Group”un tərkibinə daxil olan SAKO şirkətinin snayper tüfəngləri 4 modeldə istehsal edilir:

7.62×51 mm (.308 “Winchester”) mərmili TRG-21;
7.62×51 mm (.308 “Winchester”) mərmili TRG-22;
.338 “Lapua Magnum” mərmili TRG-41;
.300 “Winchester” və ya .338 “Lapua Magnum” mərmili TRG-42;
.300 “Winchester”, 308 “Winchester” və ya .338 “Lapua Magnum” mərmili TRG M-10.



“Evrosatory 2018” sərgisində SAKO şirkətinin 1999-cu ildə istehsal etdiyi məşhur TRG 22 modelinin dərin yenilənməsi olan, yüksək dəqiqlikli, əllə doldurulan və çaxmaq dönməsi ilə kilidlənən TRG 22 A1 taktiki snayper tüfəngləri təqdim edildi. Silahın bu variantı modul tipli deyil və TRG M10-da təcəssüm olunan ideyaları da özündə biləşdirir.

TRG 22 A1 tüfəngləri yalnız bir əsas məqsəd - hədəfi nəyin bahasına olursa-olsun məhv etmək üçün (Bu şirkətin açıqlamasıdır, zatən snayper tüfənginin başqa nə məqsədi ola bilər ki?) hazırlanır.

DSX-nin istifadə etdiyi SAKO silahlarının 7.62×51 mm (.308 “Winchester”) mərmili TRG-22A1 snayper tüfəngləri olduğu ehtimal edilir.

Yeni tüfənglər artıq beş çapda mərmi ilə atəş açmaq üçün hazırlanır:

6.5 “Creedmoor”;
.260 “Remington”;
.308 “Winchester” (7.62×51 mm NATO);
.300 “Winchester Magnum”;
.338 “Lapua Magnum”.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ümumi uzunluğu - 1000 mm/1153 mm;
Lülə uzunluğu - 510-660 mm;
Xəzinə tutumu - 10 mərmi;
Kütləsi - 5.3 kq/5.7 kq;
Tətik idarəolunandır.

Uzun lülə yatağı üzərində M-LOK yuvaları və geniş spektrdə optik vasitələr quraşdırmağa imkan verən, MIL-STD-1913 standartına uyğun “Pikatinni” lövhəsi yerləşdirilib.

Qatlanan qundaqlı alüminium korpus lülə qutusunu atəş zamanı yüksək temperaturdan qoruyur, dəyişiklikləri aradan qaldırır. Bəzi versiyalar üçün sifarişlə “Weaver” lövhəsinin quraşdırılması da mümkündür.

Qundaq tənzimləməsinin geniş diapazonu atıcıya arxalığın mövqeyini və uzunluğu ilə bərabər yanaqlıq yüksəkliyini tənzimləməyə, həmçinin arxa monopodun istifadəsinə imkan yaradır.


Yeni qundağa əlavə olaraq tamamilə yeni, tənzimlənən ikipilləli 2013 TRG tətiyindən istifadə edilir, bu isə TRG 21/41 və TRG 22/42 versiyaları ilə tam uyğundur. Yeni tətik əldə yerə düşməyə qarşı əlavə qorunmaya, yeni, erqonomik, rahat əlçatan və istifadəsi asan , ikitərəfli qoruyucuya malikdir.

Tətik qoruyucusu yüksək keyfiyyətli alüminiumdan hazırlanır ki, bu da xəzinənin silaha möhkəm və etibarlı bərkidilməsini təmin edir. İkisıralı xəzinənin təsadüfən yerə düşməsi istisnadır. Çaxmaq üç döyüş dayağına və 60 dərəcə dönən dəstəyə malikdir.

Lülə soyuq döymə üsulu ilə xüsusi metaldan hazırlanır və üç sabitləşdirici vint sıxacı ilə lülə qutusuna bərkidilir. Bütün metal hissələr maksimum korroziya müqavimətli və parıltı əleyhinə effekti təmin edən fosfatla örtülür. Qara, yaşıl, meşə və qəhvəyi rənglərdə boyana bilər.


Əlbəttə ki, məntiqi bir sual ortaya çıxır: əgər bir çox ölkələr tərəfindən qəbul edilən modul tipli SAKO TRG M10 kimi model mövcuddursa, belə bir dərin yeniləməyə, həm də eyni mərmilərlə atəş açan silaha pul xərcləməyin və modul olmayan tüfənglərin istehsalına nə ehtiyac vardı? Yalnız bir cavab ola bilər: qiymətlər. TRG M10 top versiyada təxminən 11000 dollardan başlayırdı, yeni SAKO TRG 22 A1 versiyasının qiymətinin isə 6400 dollar ətrafında olduğu bildirilir. Fərq böyükdür. Mətndə “təxminən” və “ehtimal” anlayışları mövcuddur, çünki mülki və hərbi bazalar üçün qiymətlər fərqli şəkildə formalaşır.

İstənilən halda, SAKO tüfəngləri rəqabətqabiliyyətli məhsullar hesab edilir. Gələcəkdə 6.8mm “Remington” SPC və 6.5x47 “Lapua” mərmilərindən istifadə edəcək modellərin yaranması istisna edilmir.

Fin tüfəng istehsalçısı hissələrin dəyişdirilməsinin asanlaşdırılması və buna sərf edilən zamanın azaldılması üçün bütün komponentləri qısa və asan toxunma ilə ayırd etmək üçün silahı xüşusi işarələr ilə təmin edib.

Nəticə

Təbii ki, DSX bu sərgidə heç də bütün silahlanmasında olan snayper silahlarını nümayiş etdirmədi. Nümayiş olunanlar arasında yerli silahımızdan başqa şəxsi simpatiya duyduğum bir tüfəng mövcuddur. Lakin xüsusilə vurğulanması vacib olan və ya ən üstün tüfəngin konkret adını çəkməkdə çətinlik çəkirəm. Snayper müharibəsinin hələ uzun müddət davam edəcəyini və bu sahənin daim aktual sahə kimi gündəmdə olacağını nəzərə alaraq, bir neçə məqama diqqət yetirmək istəyirəm.

Birincisi, sadalanan snayper tüfənglərinin bir çoxu dünya reytinqində ilk onluğa, digərləri isə ən pis halda ilk onbeşliyə daxil olan markalardır. Önəmli olan digər bir məqam isə bu siyahıda yerli və milli “Yalquzaq” tüfənginin də yer almasıdır. Snayper tüfənglərinin hamısı əsasən iki silah ailəsinin üzvüdür, lakin hər birinin özünə məxsus özəlliyi, təyinatı, fərqli, oxşar, müsbət, mənfi, üstün və ya çatışmayan cəhətləri mövcuddur. Bunların hər birini öyrənmək, analiz etmək üçün illərlə zaman və zəhmət gərək olur. Onların arasında bir neçə ən keyfiyyətlisinin seçilib, üzərlərində dayanılması əsas şərtdir. DSX bu tüfənglərlə əsasən xüsusi təyinatlı hissə və bölmələri təchiz edir. Eyni bölmədə isə eyni məqsəd üçün bir neçə növdə silahdan istifadə, onlara texniki xidmət göstərilməsində, sursat eşalonlaşdırılmasında və şəxsi heyətin qarşılıqlı əvəzedilməsi prosesində bəzi problemlər yarada bilər.

İkincisi, istifadə edilən tüfənglərə aid sursatların 100%-lik yerli istehsalı təmin edilməlidir.

Üçüncüsü, bu snayperlərin uyğun olan modellərinin 30 illik perspektivi nəzərə alınmaqla, milli istehsal xəttinin yaradılmasıdır. “Yalquzaq” sahəsində əldə edilən təcrübə inkişaf etdirilməlidir. Nümunə olaraq hansı silahın baza olaraq istifadəsinə gəlincə, ermənilərə yaxşı tanış olan “CheyTac” tüfəngləri ballistik kompüterlə təmin edilmək şərtilə daha uğurlu seçim ola bilər.

Dördüncüsü, snayperlərin hazırlığı üçün hər bir silahın müasir təlim trenajorlarının tətbiqi və təlimatçıların atestatsiyası unudulmamalıdır.

Sonuncusu isə ölkə miqyasında güc strukturları arasında yarışların keçirilməsi, hər bir snayperin döyüş və təlim nailiyyətlərinin onların şəxsi kitabçalarında qeyd edilməsi, snayperlərin azı 6 kateqoriyaya bölünməsi, hər bir snayperin kateqoriyasına və döyüş fəaliyyətinə uyğun olaraq, aylıq və ya fərdi mükafat ayrılması və s.kimi tədbirlər bu sahənin inkişafına mühüm töhfə verə bilər.








Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Snayper