İsrailin “Aslan Milləti” modeli və informasiya əsrinin müharibəsi – ANALİZ

2025/06/1750157838.jpg
Oxunub: 766     16:29     17 İyun 2025    
“Wall Street Journal”ın dərc etdiyi və İsrailin İranda keçirdiyi “Aslan Milləti” əməliyyatının uğurları ilə Rusiyanın Ukraynadakı üç ildən artıq davam edən qeyri-effektiv strategiyasını müqayisə edən məqalə, müasir hibrid müharibələrin təbiətini anlamaq baxımından ciddi diqqətə layiqdir. İsrailin İranın hava məkanına sürətli və dərin nüfuzu, ənənəvi müharibə anlayışlarının artıq təkbaşına yetərli olmadığını, kompleks psixoloji, texnoloji və kəşfiyyat kombinasiyalarının nəticəni həlledici şəkildə dəyişdirdiyini sübut edir. Burada məsələ təkcə hərbi texnika və ya hava hücum qabiliyyətində deyil, ilk növbədə, daxili ictimai-siyasi kontekstə nə dərəcədə nüfuz etmə bacarığında yatır.

İsrailli analitik Maykl Qorovetsin qeyd etdiyi kimi, İsrailin İranda etdiyini Rusiya Ukraynada etməyə cəhd edib, lakin uğursuzluğa düçar olub. Bunun səbəbi yalnız texniki və ya resurs fərqləri deyil. Əsas fərq yerli cəmiyyətin psixoloji və ideoloji vəziyyətindədir. Rusiya hesab edirdi ki, Ukraynada müəyyən çevik əməliyyatlar vasitəsilə rəhbərliyi devirmək və ictimai müqaviməti zəiflətmək mümkündür, amma Ukrayna ictimaiyyətinin müqaviməti və mobilizasiyası bu planları çökdürdü. İranda isə, görünür, rejimə qarşı müəyyən narazılıqlar və ideoloji parçalanmalar daha dərindir ki, bu da xarici qüvvələrin infiltrasiyasını və daxildə əməkdaşlığa hazır şəbəkələrin yaranmasını asanlaşdırıb.

Əldə olan məlumatlara görə, İsrail illərdir ki, İran ərazisində əməliyyat mühiti qurur, PUA-lar, silah sistemləri və texniki infrastruktur yerləşdirir. Bu planlaşdırma və səbr strategiyası, uzunmüddətli hazırlıq və kəşfiyyat üstünlüyünün birbaşa nəticəsidir. Əslində, burada klassik hərbi müdaxilə deyil, sanki texnoloji və insan resurslarının maksimal sinxronizasiyası ilə həyata keçirilən “ağıllı hücum” modeli var. Bu modeldə informasiya üstünlüyü, daxili şəbəkələrin aktivləşdirilməsi, strateji təəccüb effekti və dezinformasiyanın effektiv istifadəsi açar rol oynayır.

Rusiya isə, bu baxımdan, daha konvensional və yavaş hərəkət edən strukturlarla çıxış edir. Ukrayna müharibəsi göstərdi ki, kütləvi tank və raket zərbələri ilə deyil, cəmiyyətin içərisinə sızmaq və orada ideoloji iqlimə təsir etmək müasir müharibələrdə əsas determinantdır. Rusiyanın bu istiqamətdə irəliləyiş əldə edə bilməməsi kəşfiyyat sistemlərinin zəif koordinasiyası və yanlış dəyərləndirmələri ilə bağlıdır. Ukrayna ərazisində bu qədər uzun müddətdə heç bir rezonanslı diversiya və ya kütləvi ictimai narazılıq aksiyalarının təşkil olunmaması Rusiyanın bu sahədə ciddi uğursuzluğunun göstəricisidir.

İsrailin İran üzərində bu cür həlledici əməliyyat keçirməsi həm də göstərir ki, texnologiya, strateji planlama və informasiya üstünlüyü bir yerdə olduqda, ən qapalı və nəzarətli görünən ölkələrdə belə kənardan ciddi təsir göstərmək mümkündür. Bununla yanaşı, son hadisələrin fonunda İsrailin bu əməliyyatı ABŞ-nin bilavasitə razılığı və ya məlumatı çərçivəsində həyata keçirdiyi ehtimal olunur, lakin hələlik bu barədə rəsmi və konkret dəlillər mövcud deyil. İranda İsrailin agentura fəaliyyətinin genişliyinə dair yayılan məlumatlar bir tərəfdən bu ölkənin daxilindəki zəiflikləri üzə çıxarır, digər tərəfdən də uzun illərdir təhlükəsizlik orqanlarının bu istiqamətdəki fəaliyyətsizliyini və ya yanlış qiymətləndirmələrini göstərir.

Ən kritik sual isə budur: bu model – yəni illərlə hazırlanan kəşfiyyat strukturları, daxili əməkdaşlıq şəbəkələri və texnoloji dəstək vasitəsilə həyata keçirilən sarsıdıcı hücum – indi təkcə Yaxın Şərqdə deyil, istənilən başqa regionda da təkrarlana bilərmi? Bu, gələcəkdə digər dövlətlərin də təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsini tələb edən əsaslı bir sualdır. Artıq klassik sərhəd anlayışları, konvensional ordu həcmi və müdafiə xətləri yeni münaqişə modelləri qarşısında əvvəlki kimi qoruyucu funksiyasını itirir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Aslan-Milləti  


Bizi "telegram"da izləyin