Erməni Klikiya Katolikosluğu bu iddianı ortaya atmaqla faktiki olaraq yalnız özünü deyil, həm də kilsənin digər sturukturlaşmalarını – Qüds və İstanbul Patriarxlıqlarını da eyni “təzyiqin qurbanı” kimi təqdim edir. Halbuki bu cür genişləndirilmiş qarşıdurma görüntüsü reallıqla üst-üstə düşmür. Son bir həftədə Ermənistan hökuməti nə baş nazir səviyyəsində, nə parlamentdə, nə də mediada Üçmüədzinə qarşı hər hansı hücum mövqeyi nümayiş etdirməyib. Əksinə, son günlərdə məsələ ictimai rəydə də ciddi maraq doğurmur, sosial şəbəkələrdə belə bu mövzu artıq passiv fazaya keçmişdi.
Bu kontekstdə Livandakı erməni katalikosluğunun qəfil və sərt bəyanatla çıxış etməsi, istər-istəməz, Ermənistanın daxili sabitliyinə və cəmiyyətin konfessional balansına yönəlmiş manipulyativ cəhd təsiri bağışlayır. Qəbul edilmiş sənəddə yalnız bir ümumi cümlə ilə Yaxın Şərqdəki müharibəyə toxunulması, lakin əsas diqqətin Üçmüədzin-Ermənistan hakimiyyəti qarşıdurmasına yönəldilməsi Klikiya Katolikosluğunun prioritetlərinin nədən ibarət olduğunu göstərir: daxildə parçalanma yaratmaq və dini institutun siyasətlə bağlı proseslərdə aktiv oyunçuya çevrilməsini təmin etmək.
Əlavə olaraq, Şirak bölgəsinin yepiskopu Mixail Acapaxyan paralel olaraq mövzunu yenidən gündəmə gətirib Ermənistan hakimiyyətini “monastırları və kilsələri Azərbaycana vermək” kimi absurd ittihamlarla günahlandırması Livan istiqaməti ilə koordinasiyalı bir informasiya hücumunun tərkib hissəsi təsiri yaradır. Bu, sadəcə narahatlıq ifadəsi deyil, bu, açıq şəkildə ideoloji və siyasi kampaniyanın parçasıdır.
Klikiya Katolikosluğu tərəfindən “ali və ümumi dəyərlər ətrafında birləşmək” çağırışı isə son dərəcə ziddiyyətlidir. Həqiqətən, bu dəyərlər əgər erməni cəmiyyətinin birliyini və sabitliyini qorumaqdırsa, o zaman daxili qarşıdurmanı dərinləşdirən və dövlətlə açıq polemikaya girən ritorikadan imtina olunmalıdır. Əgər bu “ali dəyərlər” Ermənistanda bir dini strukturun siyasi ambisiyalarına xidmət edirsə, bu, daha çox manipulyasiya və ideoloji təsir vasitəsidir.
Ermənistan hökuməti artıq uzun illərdir ki, kilsə ilə münasibətlərində balans və neytrallıq prinsipi üzərində dayanmağa çalışır. Lakin Ermənistandakı dini dairələrin bu sabitlikdən istifadə edərək siyasi boşluqları doldurmağa cəhd etməsi nə hüquqi baxımdan əsaslandırıla bilər, nə də ictimai rəyin dəstəyini qazana bilər. Livandakı erməni kilsəsinin bu addımı qlobal geosiyasi qeyri-müəyyənlik fonunda kilsənin siyasi manevrlərlə regional mövqeyini gücləndirməyə çalışdığına işarədir. Bu isə erməni kilsəsi daxilində sarsıdıcı ziddiyyətlərə, parçalanmalara və nəticədə onun legitimliyinin azalmasına səbəb ola bilər.
Aqil Məmmədov
Ordu.az