Əvvəllər məlumat yayılmışdı ki, Oman vasitəçiliyi ilə İran-ABŞ danışıqlarının daha bir mərhələsi iyunun 12-də keçiriləcək. Lakin bir gün əvvəl İran yeni ballistik raketin “uğurlu sınağı” barədə açıqlama yayıb. İranın müdafiə naziri Nəsirzadə bu münasibətlə bəyan edib ki, vəziyyət kəskinləşəcəyi təqdirdə, Yaxın Şərqdə yerləşən bütün ABŞ hərbi bazaları hədəf olacaq.
“Washington Post” qəzetinin məlumatına əsasən, ABŞ Dövlət Departamenti “İranın mümkün zərbə məsafəsində” yerləşən bütün ABŞ səfirliklərinə – o cümlədən Şərqi Avropa və Şimali Afrikadakılara – təcili qərargahlar yaratmağı tapşırıb. Bu qərargahların əsas məqsədi mövcud təhlükələr fonunda müdafiənin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin müzakirəsidir.
İyun ayının 11-də Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə “İranla yeni razılaşma əldə etmək mümkündürmü?” sualına cavab verib: “Bilmirəm. Düşünürdüm ki, bu mümkündür, amma hər keçən gün buna inamım azalır”. Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Yaxın Şərq ölkələrindən diplomatik heyətin və onların ailələrinin təxliyəsi ilə bağlı səbəblər “tezliklə açıqlanacaq”.
Trampın sosial media paylaşımından bir gün öncə ABŞ mətbuatında məlumat yayılıb ki, İran danışıqlardan vaxt qazanmaq üçün istifadə edir və bu müddətdə nüvə obyektlərini daha etibarlı müdafiə sistemi ilə təmin edir. Bəzi ekspertlər iddia ediblər ki, İranın ilk nüvə başlıqlarını hazırlaması üçün “cəmi üç həftə vaxt lazımdır”. Bu məlumatların kəşfiyyat mənşəli olduğu güman edilir və Vaşinqtonun sərt mövqeyini əsaslandırmaq məqsədilə ictimaiyyətə çatdırılıb.
Bununla belə, İsrailin “Ynet” xəbər saytının məlumatına görə, Ağ Evdə keçirilən gecə müzakirələrinə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkof “təcili çağırılıb”. Məlumatlara əsasən, Donald Tramp ona şəxsən beş dəfə zəng edib. Tramp Uitkofa iyunun 15-də İranın xarici işlər nazirinin müavini Əraqçi ilə görüş təşkil etməyi tapşırıb.
Bu görüşün baş tutacağı və Uitkof-Əraqçi danışıqlarının nəticələrinin nə olacağı hələlik bəlli deyil. Hazırda vəziyyət doğrudan da çıxılmazdır. ABŞ tələb edir ki, İran nüvə proqramını tamamilə ləğv etsin, Tehran isə israrla bildirir ki, uranı sülh məqsədilə zənginləşdirmək hüququndan heç vaxt imtina etməyəcək.
Oman vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqlarının beşinci mərhələsindən sonra ekspertlərdə belə bir təsəvvür yaranmışdı ki, ABŞ İranın 3 faizədək uran zənginləşdirmə imkanını saxlamağı qəbul edir. Hətta Tramp açıq şəkildə bildirmişdi ki, İsrailin baş naziri Netanyahuya “qalxıb İranla danışıqlara başlamağı” məsləhət görüb. Bəs bir günə nə dəyişdi? Tramp İsrailin İranın nüvə obyektlərinə raket zərbələri endirməsinə razılıq verib? Amma kim zəmanət verə bilər ki, İsrailin hazırda İrana qarşı hücumları Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmayacaq? Bəlkə Trampın mövqeyinin dəyişməsi ABŞ-də daxili siyasi vəziyyətlə bağlıdır? Qafqaz üçün bu vəziyyət çox ciddi bir çağırışdır.
Asif Cəfərov
Ordu.az