Pakistanın JF-17 qırıcıları Çin texnologiyası ilə hazırlanır və Çinin Pakistan üzərindəki strateji nəzarətinin göstəricisidir. Bu təyyarələr həm funksionallığı, həm də iqtisadi səmərəliliyi baxımından Hindistanın aldığı bahalı Qərb silahlarından fərqlənir və daha çevik istifadə imkanları yaradır. Bu fonda Azərbaycanın bu təyyarələrə sahib çıxması bölgədə tamamilə yeni hərbi balans yaradır. Azərbaycan təkcə Ermənistanı deyil, regionda istənilən təhdidi qabaqlaya və neytrallaşdıra biləcək hava qüvvəsi formalaşdırır.
Ən mühüm məqam isə budur ki, bu müqavilə regional güc mərkəzlərinin yenidən formalaşdığını nümayiş etdirir. Rusiya və Hindistan arasında Su-57 qırıcıları ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilsə də, Hindistanın bu günədək nümayiş etdirdiyi qeyri-sabit və ikili siyasət onu etibarlı strateji tərəfdaş kimi təqdim etmir. Hindistan Ermənistanı silahlandırır, lakin bu proses heç bir nəticə vermir. Ermənistanın zəifliyi, ordusuzluğu və diplomatik acizliyi Hindistanın bütün bu investisiyalarını dəyərsiz edir.
Azərbaycan isə həm Türkiyə, həm də Pakistanla strateji dərinlik quraraq real güc mərkəzinə çevrilir. Bu prosesdə Çin də mühüm rol oynayır. Pekin, Pakistan və Azərbaycan üzərindən Hindistanı və onunla müttəfiq ola biləcək potensial oyunçuları balanslaşdırır. Çin silah bazarında Qərblə yarışır, həmçinin öz texnologiyalarını Pakistan və onun müttəfiqlərinə transfer etməklə öz maraqlarını Cənubi Qafqazda da təmin edir.
Bu kontekstdə sual yaranır: Çin Rusiyanı, Hindistanı və İranı üçbucaqda tutmaq üçün yardım edir, yoxsa daha böyük – Türk-Pakistan-Çin ittifaqının regional “divarını” inşa edir? Görünən odur ki, Çin hər iki istiqamətdə də ağıllı oyun qurur. Hindistanın ətrafında manevr edən, lakin onu bölgədə təkləyən strategiya yürüdür. Ermənistana dayanan Hindistan bu mənzərədə daha çox zəif bənd, hətta yük kimi görünür.
Azərbaycanın qazandığı bu hərbi üstünlük təkcə Ermənistanla bağlı deyil. Bu, Orta Asiyaya çıxış, Zəngəzur dəhlizinin açılması, türk dünyasının fiziki bağlantısının möhkəmləndirilməsi və geosiyasi təsir imkanlarının genişlənməsi deməkdir. Ermənistan bu prosesdə yalnız əngəlləyici funksiyanı itirir və tamamilə əhəmiyyətsiz hala gəlir. Hindistan isə özünü daha çox yanlış tərəfə bağlamaqla Cənubi Qafqazda mövqesini sıfırlayır.
Azərbaycanın Pakistan və Çinlə birgə atdığı bu addımlar onu təkcə regional güc yox, həm də Avrasiya üçün mühüm oyunçuya çevirir. Bu, sadəcə təyyarə alışı deyil – bu, XXI əsrin yeni güc xəritəsində Azərbaycanın yerini bərkitməkdir.
Firuz Bağırov
Ordu.az