Rusiya Gürcüstan ərazisində hərbi baza qurur: Reallıq dəyişir

2025/06/1748940791.jpg
Oxunub: 775     12:52     03 İyun 2025    
Rusiya və Abxaziyadakı separatçı rejim arasında “razılaşma imzalanıb”, buna əsasən Abxaziyanın Oçamçira bölgəsində Rusiya Qara dəniz donanmasının maddi-texniki təminat bazası yaradılacaq. Bu barədə TASS agentliyinə açıqlamasında Abxaziyadakı qondarma rejimin rəhbəri Badra Qunba məlumat verib. “Bu, Qara dəniz donanmasının hərbi bazasımı?” sualına cavab olaraq o bildirib ki, yaradılan obyekt “xüsusilə Rusiya Qara dəniz donanması üçün maddi-texniki təminat bazasıdır”.

Rusiya Qara dəniz donanmasının bir hissəsini Abxaziyaya köçürməsi ilə bağlı xəbərlər, Rusiya-Ukrayna müharibəsinin ilk aylarından sonra mediada yayılmağa başlamışdı. O vaxt Ukrayna ordusu Sevastopoldakı əsas baza daxil olmaqla, Rusiya donanmasına bir neçə ciddi zərbə endirmişdi. Bu xəbərlər nə təkzib olunmuş, nə də təsdiqlənmişdi. İndi isə separatçı rəhbər Qunbanın açıqlaması bu planların artıq reallığa çevrildiyini göstərir: Rusiya faktiki olaraq Gürcüstanın suveren ərazisində – Abxaziyada – özünün ehtiyat hərbi bazasını yaradıb.

Badra Qunba “daxili ciddi siyasi çəkişmələr” fonunda Abxaziyadakı qondarma rejimin rəhbəri seçilib. Yerli “müxalifət” onun sələfi Aslan Bjanianı “Rusiyanın əlaltısı” kimi təqdim edərək istefasına nail olmuşdu. Bu vəziyyətdə Rusiya Abxaziyaya büdcə yardımlarını, elektrik enerjisi təchizatını və kənd təsərrüfatı məhsullarının idxalını dayandırmışdı. Belə təzyiqlərə separatçı bölgənin müqavimət göstərməsi, təbii ki, mümkün deyildi.

Lakin əsas məsələ indi Rusiya-Gürcüstan münasibətlərinin hansı mərhələyə daxil olacağıdır. Gürcüstanda son parlament seçkiləri geopolitik və sivilizasiya seçimləri fonunda baş tutmuşdu. Hakim “Gürcü Arzusu” partiyasının başlıca vədi ölkənin ərazi bütövlüyünün dinc və diplomatik yolla bərpası idi. Ölkənin faktiki lideri Bidzina İvanişvili seçiciləri inandırmağa çalışırdı ki, Avropaya inteqrasiya Rusiyayla müharibəyə gətirib çıxaracaq, halbuki onun siyasi gücü bu məsələni danışıqlar yolu ilə həll edə bilər.

Reallıq isə tam əksinə inkişaf edir: Rusiya bu gün Gürcüstanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Abxaziyanı özünün hərbi dayağına çevirir. Bu məqsədə, həmçinin Suxumi hava limanının yenidən işə salınması da xidmət edir. Əgər bu proses davam etsə, onda artıq təkcə Abxaziya deyil, eyni zamanda Cənubi Osetiya da Rusiyanın tam nəzarətindəki hərbləşdirilmiş zonalara çevriləcək.

Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ideyası, demək olar ki, birdəfəlik çöküb. Rusiya Tbilisinin razılığı olmadan, Gürcüstan ərazisində hərbi mövcudluğunu artırır. Gürcüstan hökumətinin ABŞ ilə münasibətləri bərpa etmək cəhdləri nəticə vermir, Avropa İttifaqı ilə isə əlaqələr faktiki olaraq dondurulub.

Bu şəraitdə başlıca sual budur: Bidzina İvanişvili siyasətdən gedəcək, yoxsa Gürcüstanı Avrasiya İqtisadi Birliyinə doğru aparacaq? Bu sual təkcə Gürcüstan üçün deyil, həm də digər Qafqaz ölkələri üçün də son dərəcə əhəmiyyətlidir. Çünki Tbilisinin qərarı bölgədə yeni geosiyasi cazibə mərkəzlərinin formalaşmasına səbəb ola bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin