Vaşinqton-Bakı Strateji Tərəfdaşlığı: Ermənistanın lobbist hücumları nəyə hesablanıb?

2025/06/1748769277.jpg
Oxunub: 1006     20:21     01 İyun 2025    
Vaşinqton-Bakı əlaqələrinin son dövrdəki inkişafı regionun strateji sabitliyi baxımından əhəmiyyətli mərhələyə qədəm qoyub. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin mayın 29-da Azərbaycana səfəri bu münasibətlərin davamlı və çoxşaxəli xarakter daşıdığını təsdiqləyir. Lakin bəzi dairələrin və media orqanlarının cəhdlərinə baxmayaraq, Azərbaycan və ABŞ arasında qurulmuş strateji tərəfdaşlıq təməldən sarsılmır.

Senator Deynsin Bakıdakı çıxışı və onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün detallarının ilk olaraq Türkiyənin “Anadolu” agentliyi vasitəsilə işıqlandırılması göstərir ki, Vaşinqton-Bakı xətti təkcə ikitərəfli münasibətləri deyil, həm də regiondakı böyük enerji və təhlükəsizlik balansını formalaşdıran mühüm sütunlardan biridir. Görüşdə qeyd edildiyi kimi, ABŞ və Azərbaycan hərbçilərinin Əfqanıstanda çiyin-çiyinə xidmət etməsi, Vaşinqtonun Cənubi Qafqaz və Orta Asiyada Bakının rolunu daha da artırmaq istəməsi bu əlaqələrin davamlı xarakterini əks etdirir.

Rəsmi Bakı ABŞ prezidenti Donald Trampın ilk dövründə və hazırda Azərbaycanla münasibətlərə verilən əhəmiyyəti vurğulayıb. Hazırkı Tramp administrasiyası dövründə Azərbaycanın müdafiə, enerji və ticarət sahələrindəki potensialı yüksək dəyərləndirilir. Bayden dövründən fərqli olaraq, bu münasibətlər daha sistemli və institusional xarakter almağa başlayıb, Bakı ilə Vaşinqton arasında enerji təhlükəsizliyi, beynəlxalq ticarət və regional sabitlik sahələrində konkret əməkdaşlıq formatları qurulur.

Lakin bəzi erməni yönümlü dairələr və lobbist qurumlar bu strateji istiqamətin qarşısını almağa çalışırlar. ABŞ-nin bəzi kilsə mərkəzli və erməni lobbisi ilə əlaqəli qurumlarının təsiri altında Ermənistan tərəfi “Mergury Public Affairs” kimi lobbist şirkətlərlə müqavilə bağlayaraq Vaşinqtonda Bakı əleyhinə fəaliyyətləri genişləndirmək istəyir. Həmin şirkətə ayda 50 min dollar ödənilməsi planlaşdırılır və məqsəd Ermənistanın maraqlarını ABŞ siyasi dairələrində irəli çəkməkdir.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri də həmin prosesin bir hissəsi idi. O, ABŞ-nin vitse-prezidenti ilə görüşmüş və Dini Azadlıqlar Sammitində çıxış etmişdi. Bu sammitlərdə Ermənistanın “xristian icma” imicini manipulyasiya etmə cəhdləri, əslində, onun dini və siyasi riyakarlığının tərkib hissəsidir. Bu səylər ABŞ-də bəzi dini təşkilatların və “beyin mərkəzləri”nin Ermənistanı dəstəkləməsinə şərait yaratsa da, bu, Vaşinqtonun regiondakı ümumi maraqlarına ziddir.

Azərbaycanın ABŞ-dəki strateji tərəfdaşlıq siyasəti isə şəffaf və real maraqlara əsaslanır. Bakı Vaşinqtonla əməkdaşlığı lobbist şəbəkələrlə deyil, dövlətlərarası dialoq və qarşılıqlı maraqlar üzərindən qurur. Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas dayağı kimi ABŞ-nin enerji layihələrində iştirakını artırmağa, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu ABŞ ilə koordinasiya etməyə və regional təhlükəsizlik gündəmində Vaşinqtonla strateji həmrəylik göstərməyə davam edir.

Senator Deynsin səfəri də bu istiqamətdə mühüm addım idi. Onun səfəri ətrafında yayılan bəzi materiallar, xüsusilə də Ermənistanın ABŞ-də lobbist fəaliyyətlərinin tənqid edilməsi regionda getdikcə aydınlaşan xəttin – Ermənistanın manipulyativ siyasəti ilə Azərbaycanın rasional və strateji yanaşması arasında fərqin göstəricisidir.

Vaşinqton-Bakı dialoqu, bütün çətinliklərə baxmayaraq, davam edir və strateji xarakterini qoruyur. ABŞ-nin Ermənistanın qeyri-sabit siyasəti əvəzinə regionun inkişafında real rol oynayan tərəfdaşları – Azərbaycan və Türkiyə ilə əməkdaşlığı genişləndirməsi təkcə Cənubi Qafqaz üçün deyil, Avrasiya məkanında sabitlik üçün də əsas şərtlərdən biridir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Bakı   Ermənistan  


Bizi "telegram"da izləyin