Moskva və Kiyev üz-üzə, Ankara səhnənin ortasında – BAXIŞ BUCAĞI

2025/06/1748769103.jpg
Oxunub: 917     17:39     01 İyun 2025    
İyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqların keçiriləcəyi gözlənilir. Bu görüşün təşkili üçün Türkiyənin xarici işlər naziri Hakan Fidan əvvəlcə Moskvada, sonra isə Kiyevdə olub. Ötən gün isə Fidan Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığı aparıb. Gözlənilir ki, Kiyev və Moskva atəşkəsin və münaqişənin tənzimlənməsinin əsaslarına dair memorandum nümunələrini bir-birilə paylaşacaq – başqa sözlə desək, hər iki tərəf öz baxışlarını təqdim edəcək. Şübhə yoxdur ki, bu baxışlar bir-birindən xeyli fərqlənir, hərçənd hələlik ictimaiyyətə açıqlanmayıb.

Amma artıq İstanbulda ikinci görüşün keçirilməsi özü göstərir ki, Moskva və Kiyev arasında hansısa proses inkişaf edir. Diqqətçəkən məqam isə odur ki, bu mərhələdə ABŞ sanki bir qədər kənarda qalır. Görünür, Tramp bu prosesdən tədricən çəkilməyə nail olur və tərəfləri üz-üzə qoyur. Tramp üçün bu, xüsusən də yaxın perspektivdə razılaşma imkanı görünmürsə, əhəmiyyətlidir.

Türkiyə isə faktiki olaraq bu vasitəçilik rolunun ötürülməsində öz töhfəsini verir. Paralel olaraq məlumatlar yayılır ki, Tramp əgər Moskva sülh təşəbbüslərinə cavab verməsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirə bilər. Amma bu sanksiya mövzusu daha çox Trampın “imicini qorumaq” məqsədi daşıyır, çünki bu cür sanksiyaların Rusiyaya ciddi təsir göstərməsi ehtimalı azdır. Mayın 8-də Moskvada keçirilən Putin-Si Cinpin görüşü isə əslində göstərdi ki, Moskva və Pekin müharibəni koordinasiyalı şəkildə davam etdirməyə hazırdır.

Avropa isə bu müharibənin davam etməsinə tərəfdardır, lakin görünür, artıq fiziki və siyasi baxımdan buna hazır deyil. Tərəfdardır, çünki ABŞ-Rusiya danışıqlarında öz maraqlarının qorunmadığını düşünür. Digər tərəfdən, müharibənin davamı məsələsində Avropa məcburən ABŞ-nin mövqeyinə güvənir. Lakin Tramp artıq bu müharibənin davamına sponsorluq etmək niyyətində deyil, daha çox bu “sponsorluğu” satmaq istəyir. Ukrayna bu “məhsulu” ala bilməz, çünki təbii ehtiyatlara dair razılaşmalarla öz imkanlarını artıq ortaya qoyub. ABŞ-nin bu “siyasi sponsorluğu”nun potensial alıcısı Avropa İttifaqı olmalıdır, amma Aİ indiki məqamda ABŞ prezidentinin gözləntilərinə uyğun ödəniş etməyə hazır deyil.

Belə bir vəziyyətdə Türkiyə diplomatik və geosiyasi baxımdan “əlverişli alışlar” həyata keçirir. Bu “auranı” isə Laçında Azərbaycan və Pakistanla keçirilən üçtərəfli sammitdə Prezident Ərdoğanın verdiyi bəyanatlar açıq şəkildə əks etdirirdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Kiyev   Ankara  


Bizi "telegram"da izləyin