Hakan Fidanın Moskva səfəri və Laçın mesajı: bölgədə yeni diplomatik xətt

2025/05/1748537049.jpg
Oxunub: 850     21:19     29 May 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidanın 26–27 may tarixlərində Moskvaya etdiyi səfər və bu çərçivədə Rusiya rəsmiləri ilə keçirdiyi görüşlər Cənubi Qafqazda və daha geniş mənada Avrasiya geosiyasətində yeni koordinasiya xəttinin mövcudluğunu nümayiş etdirir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Fidanla görüşü barədə söylədiyi sözlər bu münasibətlərin dərinliyini və qarşılıqlı etimadın səviyyəsini bir daha təsdiqlədi.

Narışkin Fidanı “çox yaxşı, dərin biliklərə malik və peşəkar tərəfdaş” kimi xarakterizə etdi, bu isə Türkiyə-Rusiya əməkdaşlığının təkcə siyasi sahədə deyil, həm də təhlükəsizlik və informasiya mübadiləsi səviyyəsində ciddi şəkildə inkişaf etdiyini göstərir.

Maraqlıdır ki, bu səfər zamanı Hakan Fidan ardıcıl olaraq Rusiya prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski, daha sonra prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşlər keçirdi. Rusiya XİN rəhbəri Lavrovun bir daha Ukrayna ilə mümkün sülh danışıqları üçün İstanbul platformasını təklif etməsi Moskvanın Ankaraya strateji vasitəçi kimi baxmağa davam etdiyini göstərir. Bu, həm də Türkiyənin balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticəsidir.

Fidanın Moskva səfəri ilə eyni vaxtda Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı qəbul etdi. Görüşdə Prezident İlham Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə etdi. Bu, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini və prinsipial mövqeyini nümayiş etdirir. Ukrayna XİN rəhbəri Azərbaycanın qış aylarında göstərdiyi enerji dəstəyini xüsusi olaraq qeyd etdi, bu isə Bakı-Kiyev əlaqələrinin strateji və humanitar müstəvidə də inkişaf etdiyini göstərir.

Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini paralel və balanslı şəkildə idarə etməsi regional siyasətdə müstəqil və çevik aktor olduğunu sübut edir. Moskva tərəfindən bu siyasət anlayışla qarşılanır, çünki Bakı-Rusiya münasibətləri dərin iqtisadi, hərbi və enerji sahələrində əməkdaşlıqla müşayiət olunur. Hakan Fidanın Moskvada yüksək səviyyəli görüşlər keçirməsi və ardınca 28 mayda baş tutan Azərbaycan səfərində iştirakı onu göstərir ki, Türkiyə diplomatiyası paralel istiqamətlərdə yüksək səmərəliliklə çalışır.

Laçın şəhərində keçirilmiş tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı isə üç qardaş ölkə arasında qırılmaz siyasi və strateji ittifaqın növbəti nümayişi oldu. Prezident Əliyevin 44 günlük Vətən müharibəsində göstərdikləri dəstəyə görə həm Türkiyəyə, həm də Pakistana təşəkkür etməsi siyasi diplomatiyadan daha çox qardaşlıq mesajı idi. Bu, eyni zamanda Ermənistanın bölgədə təcrid vəziyyətində qalmasını təsdiqləyən mühüm siyasi siqnal idi.

Əgər Azərbaycan Prezidenti daha öncə – mayın 10-da Ağdamda etdiyi çıxışda Vətən müharibəsində qazanılmış tarixi qələbəni Azərbaycanın və xalqının uğuru adlandırırdısa, Laçındakı tədbirdə o, regional əməkdaşlıq və ittifaqlara verdiyi önəmi bir daha nümayiş etdirdi. Bu balanslı və güclü diplomatik strategiya, Azərbaycanın nəinki bölgədə, həm də daha geniş məkanda artan rolunu əks etdirir.

Moskvanın Hakan Fidan vasitəsilə Bakıya hər hansı mesaj ötürüb-ötürmədiyi ilə bağlı sualların ortaya çıxması isə əsasən regionda təxribat yaratmaq istəyən dairələrin spekulyasiyasıdır. Azərbaycanla Rusiya arasında kifayət qədər səmərəli və birbaşa diplomatik əlaqələr mövcuddur. Əgər mesaj ötürüləcəksə, bu, Fidan vasitəsilə deyil, birbaşa kanallar üzərindən edilir. Üstəlik, Azərbaycan Prezidenti hər zaman açıq və şəffaf mövqeyə malikdir, Bakı kənar təsirlərə yox, yalnız milli maraqlara əsaslanan siyasət yürüdür.

Bu fonda müxtəlif marginal qüvvələrin xaricdən səsləndirdikləri populist çağırışlar və ya emosional fikirlər sadəcə informasiya müharibəsinin tərkib hissəsidir və ciddi siyasi dəyəri yoxdur. Azərbaycanın suverenliyi, dövlətçiliyi və müstəqil xarici siyasət kursu artıq mübahisə mövzusu deyil – bu, reallıqdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Moskva   Laçın  


Bizi "telegram"da izləyin