Hakan Fidanın Krım diplomatiyası: Türkiyənin strateji manevri

2025/05/1748536968.jpg
Oxunub: 943     20:38     29 May 2025    
Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib ki, Moskva Ukrayna ilə sülh razılaşmasının prinsipləri ilə bağlı memorandumu artıq hazırlayıb. Lakin bu sənədin ictimaiyyətə təqdim olunması hələlik mümkün deyil. Diplomatik mənbənin sözlərinə görə, Rusiya bir neçə ilkin şərt irəli sürüb. Onlardan biri də Avropa ölkələrindən yazılı şəkildə təminat tələbidir ki, Ukrayna, Moldova və Gürcüstan heç vaxt NATO üzvü olmayacaqlar. Digər əsas prinsip isə Ukraynadakı rusdilli əhalinin hüquqlarının qorunmasına təminat verilməsidir.

Eyni gün, yəni Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun telefon danışığı və Ukrayna ilə danışıqların bərpası məsələsinin müzakirəsi barədə məlumat yayılandan sonra Türkiyənin rəsmi “Anadolu” agentliyi Türkiyə xarici işlər naziri Hakan Fidanın Kiyevə edəcəyi səfər barədə anons yayımladı. Agentliyin məlumatına görə, Fidan Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Denis Şmıqal, xarici işlər naziri Andrey Siqiba və müdafiə naziri Rustem Umerovla görüşməlidir.

Bu yüksək səviyyəli görüşlər kifayət qədər məntiqli görünür. Fidan Kiyevə səfərindən üç gün əvvəl Moskvadan qayıdıb. Rusiya rəhbərliyi ilə apardığı danışıqlar fonunda aydın olur ki, Moskva üçün Ukrayna ilə danışıqlar üçün ən əlverişli platforma kimi hələ də İstanbul qalır. Bu isə bir daha göstərir ki, Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana önəm verir və onun vasitəçiliyinə etimad bəsləyir.

Bununla belə, Fidanın Kiyevdə keçirməyi planlaşdırdığı digər görüşlərin siyahısı olduqca diqqətçəkicidir. “Anadolu” bildirir ki, Türkiyə XİN rəhbəri Ukrayna rəhbərliyi ilə yanaşı, Krım tatarlarının milli lideri Mustafa Cəmil Kırımoğlu, Krım Tatar Məclisinin rəhbəri Rıfat Çubarov və Ukraynadakı Qaqauz icmasının nümayəndələri ilə də danışıqlar aparacaq.

Bu isə dolayısıyla göstərir ki, Kiyev Krımın hüquqi statusu ilə bağlı məsələni gündəmdə saxlayır və bu istiqamətdə müəyyən qanunvericilik təşəbbüsləri hazırlayır. Bu, Ukrayna Konstitusiyasına dəyişiklik və ya Krım haqqında yeni qanun qəbul edilməsi kimi addımları da ehtiva edə bilər.

Xatırladaq ki, Moskva Ukrayna ilə müharibəsini məhz bu ölkədəki rus və rusdilli əhalinin hüquqlarının müdafiəsi adı ilə əsaslandırır. Rusiya iddia edir ki, Kiyevdə hakimiyyət çevrilişi baş verib və “neonasistlər” rus kimliyini silməyə çalışır. Hakan Fidan isə Kiyevdə keçiriləcək danışıqlarda Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha bəyan edəcək. Bu, Türkiyə Prezidentinin dəfələrlə dilə gətirdiyi prinsipial mövqedir: Ankara Krımın ilhaqını tanımır.

Əslində, Türkiyə artıq təkcə bəyanatlarla kifayətlənmir, konkret praktik addımlar atır. Krım tatarları və Qaqauz icmasının hüquqlarının gündəmə gətirilməsi onu göstərir ki, Ankara bu məsələləri Moskva ilə danışıqlarda müzakirə ediləcək memorandumun mətninə daxil etdirməyə çalışır. Ukrayna Konstitusiyasına görə Krımın muxtar respublika statusu var. Təxminən iki həftə əvvəl Prezident Ərdoğan Krım tatarlarının deportasiyasının 81-ci ildönümü ilə bağlı xüsusi müraciət yayaraq, onların probleminin daim diqqət mərkəzində olduğunu vurğulamışdı.

Rusiya isə iddia edir ki, Krım əhalisi “öz müqəddəratını təyin etmək hüququndan” istifadə edib və könüllü şəkildə Rusiya ilə birləşib. Ankara isə Krım tatarları və Qaqauz məsələsini qabartmaqla əslində Moskvanın mövqeyinə qarşı əks-tarazlıq yaradır. Bu prosesdə Ərdoğan Kiyevin tam dəstəyinə malikdir. Bəs bu nə üçündür – Putinin əsas kozırını zəiflətmək üçün, yoxsa Krım üzərində Türkiyənin tarixi hüququnun tanınmasına nail olmaq üçün?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Krım  


Bizi "telegram"da izləyin