Bu isə xüsusilə maraq kəsb edir, çünki mayın 20-də Lavrovun İrəvana gəlişindən bir neçə saat əvvəl Fransa və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutmuşdu. Beləliklə, Rusiyanın baş diplomatının Ermənistan səfərindən sonra Fransa xarici işlər nazirinin Ermənistana gəlməsi sadəcə bir ziyarət yox, həm də Lavrovla keçirilən görüşlərdə hansı məsələlərin və gündəliklərin müzakirə olunduğunu anlamaq üçün bir növ “yoxlama səfəri” kimi qiymətləndirilə bilər.
Xüsusilə də nəzərə alsaq ki, həm Mirzoyan, həm də Lavrov elə bəyanatlar veriblər ki, bunlar Fransada azı suallar yarada bilər. Bununla yanaşı, unutmaq olmaz ki, siyasət – xüsusilə də qlobal siyasət – heç də birxətli və sadə bir proses deyil. Burada baş verənlər əsasən ictimai bəyanatlar və ritorika çərçivəsində başa düşülə bilməz. Fransa bu gün ritorik baxımdan bəlkə də ən kəskin anti-Rusiyas mövqedə olan ölkələrdən biridir.
Digər tərəfdən, vəziyyətə maraqların mümkün düzülüşü prizmasından da baxmaq lazımdır. Bu mənada, bu gün Avropanın üzərinə Ukrayna müharibəsinin, hətta sülh prosesi yükünün düşməsi ehtimalı mövcuddur. Belə bir situasiyada, əgər Ukraynanın özü Rusiya ilə ünsiyyət mexanizmi qurursa, Fransa bu cür dialoq perspektivini tamamilə inkar edə bilərmi?
Əlbəttə, digər məsələ isə ondan ibarətdir ki, Ermənistan bu və ya digər əlaqə formatında hansı gündəlikləri qəsdən qabartmağa və beynəlxalq tərəfdaşlarına – bu halda Fransaya – hansı təhrif olunmuş mövqeləri təqdim etməyə çalışacaq. Tarix göstərir ki, Ermənistan tez-tez regional və beynəlxalq platformalardan öz maraqlarını ört-basdır edib, üçüncü tərəflərin etimadını sui-istifadə etməklə manipulyasiya üçün istifadə edir. Bu kontekstdə Fransa-Ermənistan-Rusiya xəttində yaranan mümkün “əlaqə kanalı” daha çox İrəvanın dezinformasiya ötürmək üçün qurduğu siyasi oyunların tərkib hissəsi ola bilər.
Aqil Məmmədov
Ordu.az