Ermənistan Borc Bataqlığında: Kreditlər Artır, Gəlirlər Yox

2025/05/1747907921.jpg
Oxunub: 973     17:41     22 May 2025    
Ermənistanda son illər müşahidə olunan kredit portfelinin sürətli və qeyri-sağlam artımı ölkənin iqtisadi və sosial sabitliyi üçün ciddi təhdidə çevrilib. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının (KP) idarəçiliyi altında Ermənistan iqtisadiyyatı yalnız dövlət borcuna deyil, eyni zamanda vətəndaşların fərdi borclarına da batmaqdadır. Bu isə həm bank sistemini, həm də geniş ictimai təbəqəni artan risklər qarşısında buraxır.

Son bir ildə Ermənistan banklarının ölkə rezidentlərinə verdiyi kreditlər təxminən 29% artıb. Bu, ölkədə heç bir digər sahədə müşahidə olunmayan bir tempdir. Kredit portfelinin bu qədər sürətli böyüməsi nə iqtisadi aktivliklə, nə də əhalinin gəlir artımı ilə uyğunluq təşkil etmir. Gəlirlər minimal templərlə artarkən, borclar dəfələrlə daha sürətli böyüyür və bu, iqtisadi balansın pozulduğunu göstərir.

Ermənistanda ən ciddi artım isə məhz əhaliyə verilən fərdi kreditlərdə müşahidə olunur. Son bir ildə ipoteka kreditləri 35% artıb. Bu, əhalinin gəlir artım tempini 4.2 dəfə üstələyir. Təkcə ipoteka üzrə ermənilərin götürdüyü yeni borcun miqdarı 388 milyard dram, yəni təxminən 1 milyard ABŞ dolları təşkil edir.

Eyni dövrdə istehlak kreditləri 27%-dən çox artaraq, gəlir artımını 3.2 dəfə keçib. Ermənistan banklarının əhaliyə verdiyi ipoteka kreditlərinin ümumi həcmi artıq 1.5 trilyon drama, yəni təxminən 3.8 milyard dollara çatıb. İstehlak kreditləri də oxşar məbləğdədir. Nəticədə, yalnız bu iki kateqoriya üzrə Ermənistan vətəndaşlarının banklara olan ümumi borcu 7.6 milyard ABŞ dollarına bərabərdir.

Ermənistandakı problem təkcə kreditlərin həcminin artması deyil, bu borcların real iqtisadi gəlir yaratmamasıdır. İpoteka və istehlak kreditləri, mahiyyət etibarilə, uzunmüddətli iqtisadi artıma xidmət etmir, əksinə, əhalinin xərclərinə yönəlir və ödəmə qabiliyyəti zəiflədikdə sosial gərginlik riski artır. Bu tip kreditlər sakinlər üçün yükdür, bank sistemi üçün isə potensial təhlükəli aktivlərdir.

Ermənistanda son 7 ildə ipoteka kreditlərinin həcmi 7.1 dəfə, istehlak kreditlərinin həcmi isə 3 dəfə artıb. Bu artım fonunda ölkənin real sektoru – xüsusilə də sənaye – tamamilə unudulmuş vəziyyətdədir. Eyni dövrdə banklar sənayeyə yönəlik kreditləri cəmi 86 milyard dram artırıblar. Bu, cəmi 17.6% artım deməkdir və real iqtisadi genişlənməni dəstəkləmək baxımından tamamilə qənaətbəxş deyil.

Ermənistanda 2018-ci ildə sənayeyə verilmiş kreditlərin ümumi həcmi 486 milyard dram olubsa, bu rəqəm 2024-cü ilin aprel ayına qədər cəmi 572 milyarda çatıb. Bu qədər zəif artım sənayeyə olan laqeyd münasibətin göstəricisidir. Ermənistan hökuməti iqtisadi inkişafın təməl dayağı olan real sektorun dəstəklənməsində aciz qalıb və bank sektoru da bu siyasəti dəstəkləyərək daha asan qazanc gətirən istehlak və ipoteka kreditlərinə üstünlük verir.

Nəticədə bank sektorunun kredit portfelində ipoteka və istehlak kreditləri təxminən 50%-lik paya sahibdir. Bu, həm iqtisadi strukturun deformasiyasını, həm də maliyyə sistemindəki risklərin artdığını göstərir.

Bundan başqa, istehlak kreditlərinin faiz dərəcələri çox yüksəkdir – 18-20% civarında, bəzi hallarda daha da yuxarı. Bu, kreditlərin “sosial yardım” deyil, əksinə “borc tələsi” funksiyası daşıdığını göstərir. Erməni sakinlər alternativ imkanlar olmadığından bu şərtlərlə borc götürməyə məcbur qalır və çox zaman borcunu ödəyə bilmir.

Ermənistandakı bu vəziyyət artıq ipoteka bazarına da sirayət etmək üzrədir. Son aylarda ipoteka kreditlərinin artım tempinin bir qədər yavaşlaması müşahidə olunur, lakin problem son dövrün deyil – son 7 ilin yığılan borc yükünün nəticəsidir. Gələcəkdə bu borcların ödənilməsi çətinləşdikcə sosial gərginlik də artacaq, çünki gəlir və borc arasındakı fərq dərinləşir.

Ermənistanın bu borc bataqlığına düşməsinin əsas səbəbi qeyri-sabit və populist iqtisadi idarəetmədir. Dövlət və bank sektoru real sektora deyil, yalnız əhaliyə borc verməyə fokuslanıb. Paşinyan hökumətinin də bu prosesə nəzarət etməməsi, əksinə, onu stimullaşdırması Ermənistan iqtisadiyyatının dayanıqsızlıq səviyyəsini daha da artırır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin