Bu ideya ilk dəfə deyil ki, gündəmə gəlir. Donald Trampın prezidentliyi dövründə də ABŞ administrasiyası oxşar bir təşəbbüslə çıxış etmiş və bu plan ətrafında müxtəlif diplomatik müzakirələr aparılmışdı. Lakin o zaman Misir və İordaniya kimi əsas regional ərəb ölkələrinin kəskin etirazı səbəbindən bu təşəbbüs dayandırılmışdı. İndi isə bu plan Netanyahu tərəfindən yenidən gündəmə gətirilir və bu dəfə fərqli siyasi və regional şərtlər daxilində müzakirə edilir.
Netanyahunun açıqlamasında konkret ölkə adı çəkilməsə də, İsrailin hərbi-siyasi dairələrində və mətbuatında əsas ehtimal kimi İordaniya, Suriya və İraqın adı hallanır. Bu ölkələrin bir hissəsi onsuz da onilliklərdir fələstinli qaçqınları qəbul etmiş və onların müəyyən hissəsini öz cəmiyyətlərinə inteqrasiya etmiş dövlətlərdir. Xüsusilə İordaniya 1948 və 1967-ci illərdəki İsrail-Ərəb müharibələrindən sonra on minlərlə fələstinlini qəbul etmiş və onların əksəriyyətinə vətəndaşlıq vermişdi. Həmçinin, Suriyada və İraqda da fələstinli icmalar uzun müddətdir mövcuddur və bu ölkələrin bəzi bölgələrində artıq sosial və mədəni baxımdan inteqrasiya prosesləri baş verib.
İsrailin bu istiqamətdəki yeni təşəbbüsü əgər ciddi siyasi iradə və beynəlxalq dəstək olarsa, reallığa çevrilə bilər. Bu zaman könüllülük prinsipi əsas götürülə bilər: yəni münaqişə zonasında yaşayan və yaşamaq şəraiti olmayan fələstinli ailələr əgər razı olsalar, bu ölkələrə köçürülə bilər. Belə bir planın həyata keçirilməsi üçün ABŞ-nin himayəsində beynəlxalq konsorsiumun yaradılması və iqtisadi yardım paketlərinin hazırlanması ehtimal edilir. Vaşinqtonun hazırda bu istiqamətdə aktiv diplomatik təmaslar apardığı, fələstinli əhali üçün yeni humanitar mexanizmlər üzərində işlədiyi bildirilir.
Lakin bu prosesin reallaşması üçün yalnız texniki deyil, siyasi və təhlükəsizlik baxımından da ciddi şərtlər mövcuddur. İlk növbədə, İordaniya, Suriya və İraqın daxili siyasi sabitliyi və bu planı qəbul etmək istəyi əsas şərtdir. Eyni zamanda, bu ölkələrin İsraillə münasibətləri, ABŞ və digər Qərb gücləri ilə koordinasiyası da vacib rol oynayacaq.
Digər tərəfdən, bu plan ərəb ölkələrinin İsrail-Fələstin münaqişəsinə yanaşmasında dönüş nöqtəsi də ola bilər. Əgər İsrail bu planla öz ərazisindəki fələstinli əhalinin bir hissəsini köçürməyə nail olarsa, bu həm də demoqrafik və siyasi reallıqları dəyişdirə bilər. İsrail bu yolla daxili təhlükəsizlik narahatlıqlarını azaltmaq və regionda yeni status-kvo yaratmaq istəyir.
Əlavə olaraq, bu təşəbbüs informasiya və diplomatik təzyiq vasitəsi kimi də qiymətləndirilir. Netanyahu bu bəyanatla həm beynəlxalq ictimaiyyətdə yeni diskussiya başlatmaq, həm də bölgədəki proseslərə təsir göstərmək niyyətində ola bilər.
Nəticə etibarilə, fələstinli əhalinin Asiyada yerləşən İordaniya, Suriya və İraq kimi ölkələrə könüllü köçürülməsi planı hələ ki, ideya səviyyəsindədir və ciddi beynəlxalq razılaşmalar tələb edir. Lakin bu ideyanın siyasi proseslərdə aktiv istifadə ediləcəyi və regional diplomatiyada əsas mövzulardan birinə çevriləcəyi şübhəsizdir.
Asif Cəfərov
Ordu.az