"Suriya" sözünə uyğun 4408 nəticə tapıldı!

Erməni politoloq: “Yeni Ermənistan hakimiyyəti daim Rusiyaya sadiqliyini göstərməyə çalışır”

2019/11/e4893-1573633499.jpg
Oxunub: 374     15:59     13 Noyabr 2019    
“Biolaboratoriyalar haqqında onu demək lazımdır ki, bu, bir tərəfdən Ermənistanın suverenliyinə xələl gətirmək və Ermənistan hakimiyyəti tərəfindən suverenlik elementlərinin məhdudlaşdırılmasıdır. Çünki Rusiya tərəfinin orada daima monitorinq keçirməsinə imkan verir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Vardanyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən bildirib.

O qeyd edib ki, məsələyə bu hərbi laboratoriyalarda hər hansı silah sınaqdan keçirilmədiyi baxımdan yanaşılsa, kənd təsərrüfatı baxımından əhəmiyyət kəsb etməsi nöqteyi-nəzərindən baxılsa, strateji müttəfiqin həmin laboratoriyalara daxil olmasına və şübhələrini dağıtmasına niyə də imkan verilməsin?

Vardanyan Gümrüdəki hərbi bazasının yerləşmə müddətinin 10 il uzadılmasını olduqca mənfi hesab edir və Ermənistan hakimiyyətinin belə bir addım atmamalı olduğunu vurğulayır.

“Xüsusilə 2049-cu ilə qədər hələ çox uzun bir müddət var. Beynəlxalq münasibətlər, bölgədəki geosiyasi vəziyyət çox sürətlə dəyişir və bir ildə, beş ildə nə olacağını bilmirik. Serj Sarkisyan və Dmitri Medvedev arasında 2010-cu ildə imzalanan müqaviləyə görə, hərbi bazanın 2049-cu ilə qədər Ermənistanda qalmaq hüququ var”, - deyə o bildirib.

Erməni politoloqun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti daim Rusiyaya sədaqətlərini göstərməyə çalışır və bu, istənilən məsələdə Rusiyaya güzəştə getməklə özünü biruzə verir.

“Xatırlayırsınızsa, bu hal ilk dəfə Paşinyanın 90 günlük fəaliyyətinə həsr olunmuş mitinqdə baş verdi. O, burada misli görünməmiş bir erməni-rus humanitar proqramının həyata keçiriləcəyini elan etdi və Qərbdə birmənalı olaraq qəbul edilməyən Suriyaya erməni-rus ortaq bir humanitar missiyanın göndəriləcəyi məlum oldu”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Forpost