Bu, 2022-ci ilin mart ayından bəri baş tutan ilk birbaşa görüş idi. Həm də xatırladaq ki, üç il əvvəl məhz İstanbul Rusiya-Ukrayna diplomatik təmaslarının sonuncu nöqtəsi olmuşdu və indi həmin nöqtədən danışıqlar bərpa edilir. Amma hələlik aydın deyil ki, ilk danışıqlar nə nəticə verib. Ankara faktiki olaraq vasitəçi statusunda çıxış edir və bəyan edib ki, nümayəndə heyətləri görüşləri davam etdirmək barədə razılığa gəliblər. Tarix, məkan və digər detallara dair məlumatlar isə hələlik açıqlanmayıb.
Ukrayna və Rusiya tərəfləri bildiriblər ki, ilk görüşdə humanitar məsələlər müzakirə olunub, həmçinin Ukrayna tərəfi liderlər səviyyəsində danışıqların keçirilməsi məsələsini gündəmə gətirib. Rusiya nümayəndə heyətinə rəhbərlik edən, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bu təklifin “nəzərə alındığını” bildirib. Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Umerov rəhbərlik edib. Bəs, ilk görüş barədə nə demək olar?
Çox güman ki, bu görüşdən maksimal gözlənti humanitar xarakterli bir razılaşma ola bilərdi və bu da baş verdi. Kiyev və Moskva minə yaxın əsirin qarşılıqlı dəyişdirilməsi barədə razılığa gəliblər. Bu görüşdən siyasi və ya başqa əsaslı nəticələr gözləmək, əlbəttə, real deyildi. Üstəlik, Rusiya-Ukrayna təmasının üzərində ABŞ-Rusiya prosesinin “kölgəsi” aydın görünür. Bu mənada, İstanbulda başlanan proses rus-amerikan “proksi”si xarakteri daşıyır.
Nəticədə ortaya belə bir mənzərə çıxır: Ukrayna cəbhəsində Rusiya ilə ABŞ arasında de-fakto davam edən “proksi müharibə” davam edir, İstanbul “cəbhəsi”ndə isə bu savaşın diplomatik “proksi” formatı başlayır. Bu proses ABŞ ilə Rusiya arasında birbaşa danışıqlar müstəvisində aparılan, lakin daha geniş mənada real siyasi məntiqdə hərbi əməliyyatların dayandırılması yox, ABŞ prezidenti Donald Trampın bu məsələdə hələlik qeydə alınmış uğursuzluğunu, heç olmasa, müvəqqəti olaraq “ört-basdır” etməyə xidmət edə bilər.
Asif Cəfərov
Ordu.az