Fotolarda Prezident İlham Əliyev tamamilə rahat, nəzarətli və özünəarxayın şəkildə görünür. Onun duruşu dikdir, baxışları isə ətrafı diqqətlə izləyir. Ətrafındakı liderlərlə danışarkən jestlərində səmimilik olsa da, həmişə ehtiyat və diplomatik məsafə hiss olunur. Əllərini açıq şəkildə istifadə etməsi və sərbəst duruşu onun dialoqa açıq, lakin eyni zamanda prinsipial və sərt mövqedə olduğunu göstərir. İlham Əliyevin bu rahatlığı və özünəinamı təsadüfi deyil. Azərbaycanın son illərdəki siyasi və hərbi uğurları, xüsusən də Qarabağda əldə olunan qələbə və regional proseslərə təsir imkanlarının artması, onun avropalı həmkarları qarşısında daha güclü və dominant mövqe tutmasına şərait yaradıb. İlham Əliyev bədən dili ilə həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verir: Azərbaycan artıq regional və qlobal səhnədə söz sahibidir və heç bir təzyiq qarşısında geri çəkilmir.

Makronun bədən dili isə bu fon qarşısında daha ehtiyatlı və müşahidəçi görünür. Fransa prezidenti İlham Əliyevə yaxınlaşarkən bir qədər irəli əyilmiş, əllərini bəzən müdafiəkar şəkildə saxlayır. Onun baxış və jestləri qarşısındakı liderə, yəni İlham Əliyevə təsir etmək, mövqeyini yumşaltmaq və ya dialoqu qorumaq üçün müəyyən səy göstərdiyini göstərir. Bu davranışlar Fransanın regionda diplomatik tənha vəziyyətinin nəticəsi kimi oxuna bilər. Parisin Ermənistana göstərdiyi açıq hərbi dəstək Azərbaycanla münasibətləri kəskin şəkildə soyutdu və bu, Makronun bədən dilində tərəddüd, psixoloji gərginlik və mövqedə əvvəlki kimi inamın olmaması kimi əks olunur. O, sanki münasibətləri tamamilə itirməmək üçün diplomatik jestlərə əl atır, lakin artıq əvvəlki kimi sərbəst və inamlı deyil.

Görüşün diqqətçəkən məqamlarından biri də açıq havada çəkilmiş fotoda müşahidə olunur. Prezident İlham Əliyev tədbirin iştirakçılarından biri olan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın çətirini özü tutur. Bu detal həm rəmzi, həm də psixoloji baxımdan əhəmiyyətlidir. İlham Əliyevin çətiri tutması Azərbaycan diplomatiyasının Avropa İttifaqı ilə əməkdaşlığa açıq və diqqətli yanaşmasını göstərir, eyni zamanda liderin qayğıkeş və himayədar obrazını yaradır. Bu hərəkət yüksək səviyyəli qonağa diqqət və hörmət nümayişidir və Azərbaycanın Avropa ilə münasibətlərə verdiyi əhəmiyyətin simvolik ifadəsidir.

Bütün bunlar fonunda, Fransa ilə münasibətlərin gərgin olduğu dövrdə İlham Əliyevin bədən dilində gərginlik və ya narahatlıq əlamətləri müşahidə olunmur. O, əksinə, bu mürəkkəb diplomatik şəraitdə belə özünü inamlı, balanslı və təmkinli aparır. Onun davranışları Azərbaycan dövlətinin müstəqil və prinsipial siyasət yürüdüyünü, heç bir təzyiqə boyun əymədiyini nümayiş etdirir. Bu qarşılaşmanın bədən dili aspektindən əsas mesajı budur: İlham Əliyev bu zirvədə özünü lider, hətta ətraf mühitə təsir edən əsas fiqur kimi aparır. Makron isə daha çox adaptasiya edən, münasibətləri qorumağa çalışan tərəf mövqeyindədir. İlham Əliyevin rahatlığı və Makronun ehtiyatlılığı Avropa siyasi arenasında güc balansının dəyişdiyinin vizual təsdiqidir.

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısındakı bədən dili onun siyasi liderliyinin, dövlət mövqeyinin və diplomatik çevikliyin simvoluna çevrilir. O, həm ölkəsinin maraqlarını qorumaq, həm də Avropa ilə dialoqu davam etdirmək üçün ən yüksək səviyyədə psixoloji və siyasi mesajlar verir. Bədən dili diplomatiyanın səssiz, lakin ən güclü silahlarından biridir. İlham Əliyev və Makronun bu görüşdəki davranışları təkcə şəxsi psixologiyaları deyil, həm də iki ölkə arasındakı münasibətlərin real mənzərəsini açıq şəkildə ortaya qoyur. Artıq Avropa siyasi arenasında Azərbaycanla hesablaşmaq zərurəti var və Makronun bədən dili bunu açıq şəkildə etiraf edir.
Baş redaktor Şahin Qocayev
Ordu.az