ABŞ-dən Ukrayna ilə bağlı soyuq reallıq: Nizamlanma Tramp-Putin formatında mümkündür

2025/05/1747391648.jpg
Oxunub: 626     14:36     16 May 2025    
ABŞ-nin dövlət katibi Marko Rubio mayın 15-də Türkiyədə səfərdə olarkən, Vaşinqtonun Rusiya və Ukrayna arasında danışıqlardan ciddi gözləntisi olmadığını bildirib. O qeyd edib ki, real nizamlanma yalnız Tramp-Putin formatında birbaşa görüşlə mümkün ola bilər. Rubionun bu açıqlaması, bir tərəfdən, Ukraynaya qarşı müəyyən hörmətsizlik kimi qiymətləndirilə bilər, digər tərəfdən isə bu fikirdə reallıq və praqmatizm inkarolunmaz dərəcədə aydın görünür.

Əslində, münaqişəyə ən minimal siyasi baxış və “eşitmə” qabiliyyəti belə kifayətdir ki, bu müharibədə Ukraynanın subyekt olmadığını qəbul edək. Burada əsas subyektlər minimum iki və ya üç gücdür: Vaşinqton, Moskva və Pekin. Ukraynanın özü isə faktiki olaraq böyük güclərin toqquşmasında vasitə rolunu oynayır. Avropa isə bu məsələdə siyasi və geosiyasi vahidlik baxımından birmənalı deyil. Yəni, Avropa İttifaqı və ya Avropa qitəsi burada yekdil mövqe sərgiləmir.

Bu mənada, Marko Rubionun dedikləri, sadəcə olaraq, güclər nisbəti və beynəlxalq münasibətlərin real dinamikasını əks etdirir. Bəs bu halda, rus və ukraynalı nümayəndə heyətlərinin iştirak etdiyi və mayın 16-na nəzərdə tutulmuş İstanbul görüşünün məqsədi nədir? Əgər bu görüşün də vaxtı dəyişdirilməsə...

Əslində, Rusiya-Ukrayna danışıqları de-fakto ABŞ-Rusiya prosesinin razılaşdırılmış nəticələrinin reallaşdırılması üçün bir mexanizmdir. Yəni İstanbulda nəzərdə tutulan danışıqlar bu mexanizmin işə düşüb-düşməyəcəyini müəyyən edəcək. Təsadüfi deyil ki, mayın 15-də keçirilməsi planlaşdırılan görüş mayın 16-na təxirə salınıb. Bu da göstərir ki, Vaşinqton və Moskva hələ də müəyyən məsələləri aralarında müzakirə edirlər və yekun razılaşma əldə olunmayıb.

Eyni zamanda, bu vəziyyəti Donald Trampın davamlı bəyanatları da təsdiqləyir. O bəyanatlarda Türkiyədə Tramp-Putin görüşünün mümkünlüyü açıq qalır, baxmayaraq ki, rəsmi olaraq nə Trampın, nə də Putinin Türkiyəyə gələcəyi gözlənilmir. Ukrayna prezidenti Volodimir Zelenski isə Türkiyəyə səfəri çərçivəsində Vladimir Putinlə görüşə ümid etdiyini bəyan etmişdi, lakin yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək ölkədən ayrılıb. İstisna deyil ki, Zelenskinin görüşdən əvvəl ölkəni tərk etməsi Tramp və ya Putinin gəlişi ilə bağlı bir şərt kimi irəli sürülüb.

Mövcud vəziyyətin fonunda ortaya çıxan geosiyasi mənzərə göstərir ki, Ukraynadakı münaqişənin həlli üçün real danışıqlar yalnız böyük güclərin – ABŞ və Rusiyanın – birbaşa razılaşması əsasında mümkündür. Ukrayna isə bu oyunda sadəcə diplomatik fon və medial təbliğat vasitəsi kimi çıxış edir. Avropanın zəif mövqeyi, Çin faktorunun diqqətlə izlənməsi və Türkiyənin dialoq platforması kimi irəli çəkilməsi isə bu mürəkkəb oyunun digər mühüm elementləridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin