Moskva diplomatik tələdə: nə Çin, nə də Tramp ilhaqa “bəli” demir

2025/05/1747132393.jpg
Oxunub: 801     16:11     13 May 2025    
Ümumilikdə, biz uzunmüddətli sülh yolunda həll yolları axtarmağa meyilliyik. Bu barədə mayın 12-də Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O, bu mövqeyin sübutu kimi, bir gün əvvəl Vladimir Putinin verdiyi açıqlamanı xatırladıb. Rusiya Prezidenti Kiyevlə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyə hazır olduğunu bildirmişdi. Peskovun qiymətləndirməsinə görə, bu yanaşma MDB və BRİKS ölkələrinin liderləri tərəfindən müsbət qarşılanıb.

Peskov vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp da Kiyevə “təklif olunmuş görüşdə dərhal və heç bir ilkin şərt qoymadan iştirak etmək” çağırışı edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinlə telefon danışığında bu danışıqların təşkili üçün əlindən gələni edəcəyini bildirib. Ukrayna və onun Avropa tərəfdaşlarının təklif etdiyi 30 günlük atəşkəslə bağlı Peskovun fikri belə olub: Rusiya ilə ultimatum dili ilə danışmaq mənasızdır.

Lakin Rusiya prezidentinin mətbuat katibinin bu son vurğusu əslində ABŞ prezidentinin Rusiyaya yönəlmiş dəstəyini təhrif edir. Belə ki, Tramp Kiyevi Putinin təklif etdiyi görüşə qatılmağa çağırsa da, çox mühüm bir izahat verib: bu danışıqlar Rusiyanın gerçək niyyətlərini üzə çıxarmağa imkan verəcək və yalnız bundan sonra ABŞ öz Avropa müttəfiqləri ilə birgə növbəti addımlarını müəyyənləşdirəcək.

Bu barədə demək olar ki, açıq mətnlə ABŞ dövlət katibi Rubio da danışıb. Böyük Britaniyanın xarici işlər naziri Lemmi ilə telefon danışığında o, Vaşinqtonun prioritet məsələsinin hərbi əməliyyatların dayandırılması və dərhal atəşkəsin təmin olunması olduğunu təsdiqləyib.

Fransa prezidenti Emmanuel Makron da birmənalı mövqe ifadə edib: “Çərçivələr müəyyən olunub, bu gün rasional olmaq lazımdır. Ya Rusiya ciddidir və sülh istəyir, ya da bu (Putinin Ukrayna ilə birbaşa danışıqlara hazır olması haqda açıqlaması) ciddi deyil və biz sanksiyaları sərtləşdirməliyik”. Makron əlavə edib ki, atəşkəsin elan olunması üçün müəyyən edilmiş son müddət mayın 12-si gecə yarısıdır.

Putinin Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu Moskva görüşlərindən sonra bildirməsi təəssüf ki, reallığa çox yaxın görünür. Bu halda MDB və ya BRİKS ölkələrinin liderlərinə istinad etmək real siyasi münasibətlərlə heç bir əlaqəyə malik deyil. Ukrayna məsələsinin həlli nə Belarus, nə də Qazaxıstan prezidentinin mövqeyindən asılı deyil.

Ən vacib məqamlardan biri də budur ki, Rusiya və Çin arasında qəbul edilən birgə bəyanatda qeyd olunub: münaqişənin həllinin əsasında BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsipləri dayanmalıdır. BMT Nizamnaməsi isə güc tətbiqi ilə ərazi işğallarını birmənalı şəkildə rədd edir.

Bu mənada Rusiya Prezidenti Vladimir Putin tələyə düşüb. Bir tərəfdən Çinlə münasibətlər son dərəcə vacibdir, digər tərəfdən isə, hətta “dost” Si Cinpin belə Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini tanımağa hazır deyil. Böyük ehtimalla, ABŞ prezidenti də Krımın Rusiya ərazisi kimi tanınması ehtimalından geri çəkilib.

Kreml sözçüsü Peskov əlbəttə ki, daxili auditoriyaya belə bir fikir təlqin etmək istəyir: “Bütün dünya, Avropanın bir neçə dövləti istisna olmaqla, Rusiyanın ədalətli mövqeyini dəstəkləyir”. Amma bu, real vəziyyətlə demək olar ki, heç bir əlaqəyə malik deyil. Bununla belə, bu o demək deyil ki, Vladimir Putin atəşkəsə əsaslanan siyasi tənzimləməyə razı olacaq. Heç olmasa, indiki mərhələdə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması perspektivi görünmür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Çin   Tramp  


Bizi "telegram"da izləyin