Mayın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra Tramp bildirmişdi ki, Ərdoğan onu Türkiyəyə dəvət edib, lakin konkret tarix açıqlamamışdı. Həmin danışıqla bağlı sosial şəbəkədə etdiyi paylaşımda Tramp, həmçinin Ərdoğanla birlikdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün birgə çalışmağa səbirsizliklə hazır olduğunu qeyd etmişdi. Və bir neçə gün sonra Rusiya tərəfdən birbaşa danışıqlar təklifi gəldi və bu, şübhəsiz ki, ABŞ ilə aparılan danışıqlarla razılaşdırılmış bir addım idi.
Bəs Trampın İstanbulda iştirakı da razılaşdırılıb? 2023-cü ildən bəri Ankara Rusiya prezidenti Putinin Türkiyəyə səfərini gözləyir. Moskva isə səfərin tarixilə bağlı daim “vaxt uyğunsuzluğu” bəhanəsinə istinad edib. İndi isə iki illik bu fasilədən sonra, Putin mayın 15-də İstanbulda Zelenski ilə görüşəcəkmi? Hər halda, Moskvanın birbaşa danışıqlarla bağlı təklifinə cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, o, İstanbula gedəcək və orada şəxsən Putinlə görüşəcəyini gözləyir. Moskvanın bu təklifi qəbul etməsi və şərt olaraq ABŞ prezidenti Trampın da “başlanğıc mərhələdə” iştirakını tələb etməsi mümkündür?
ABŞ prezidentinin İstanbul səfərinə dair “fikir yürütməsi”, yəqin ki, belə müzakirələrin getdiyindən xəbər verir. Ola bilsin ki, bu ideya Kiyevin mövqeyindən qaynaqlanır. Zelenski danışıqlara dövlət başçıları səviyyəsində başlanmasını istəyir və yəqin ki, əminliklə düşünür: bu, əslində Ukraynaya şərtlər irəli sürmək cəhdidir. Bu səbəbdən, Zelenski üçün görüşün “enturajı” – yəni iştirak edən liderlərin statusu – son dərəcə vacibdir. Ehtimal edilir ki, Putin də bu səviyyəyə yalnız Trampın iştirakı olarsa, razı olar.
Bunlar, əlbəttə, ehtimallardır. Amma Trampın İstanbula səfərlə bağlı dedikləri açıq şəkildə göstərir ki, masa üzərində bu variant da nəzərdən keçirilir. Əlamətdar olan məqamlardan biri də odur ki, Almaniya hökumətinin nümayəndəsi mayın 12-də bəyan edib: Berlin də İstanbuldakı görüşdə iştirak etməyə hazırdır.
Asif Cəfərov
Ordu.az