Sosial Ədalətsiz Sığorta: Ermənistan vətəndaşı daha da kasıblayır

2025/04/1745835032.jpg
Oxunub: 958     13:35     23 May 2025    
Nikol Paşinyan və onun komandası son 7 ildə inqilabi sürətlə Ermənistanın dövlət borcunu artırmağı bacarıb. Ancaq görünən odur ki, bu gün də onlar dövlətin üzərinə yeni və ağır borc öhdəlikləri yükləməyə davam edirlər.

Paşinyan hakimiyyəti cəmi bir ay əvvəl bahalı avrobondlar buraxmaqla 750 milyon dollar əlavə borc götürdü. İndi isə “universal sağlamlıq sığortası sisteminin tətbiqi” adı altında 102 milyon avro (təxminən 111 milyon dollar) məbləğində yeni borc götürməyə hazırlaşırlar.

Əslində, sağlamlıq sığortası sistemini Ermənistanda çoxdan tətbiq etməli idilər. Ancaq indiyədək nəinki tətbiq edə bilməyiblər, hətta bu istiqamətdə qanunvericilik bazasını belə yarada bilməyiblər. Məlumata görə, qanun layihəsi 2023-cü ilin sonuna qədər qəbul edilməliydi, lakin bu da uğursuz oldu.

Beləliklə, Ermənistanda sağlamlıq sığortası haqqında heç bir qanun olmadığı halda 102 milyon avroluq kredit götürülür. Hansı məqsəd və hansı mexanizmlə xərclənəcəyi məlum olmayan bu vəsait, Ermənistan dövlətini və sakinləri daha bir ağır borc yükü altında qoyur. Əgər sonda qanun qəbul edilməsə, bu kredit tamamilə havaya sovrulacaq və Ermənistan daha bir dəfə məsuliyyətsiz idarəetmənin qurbanı olacaq.

Hələ 2023-cü ilin əvvəlində Ermənistan hökuməti səhiyyə nazirliyi tərəfindən təqdim edilən universal tibbi sığorta konsepsiyasını təsdiqləmişdi. Proqrama görə, guya 2023-cü il hazırlıq mərhələsi olmalı, 2024-cü ilin ortalarında tətbiqə başlanmalı, 2027-ci ildə isə bütün əhalini əhatə etməliydi. Bu məqsədlə Ermənistan büdcəsindən 18 milyard dram ayrılmışdı. Lakin nəticə nə oldu? 2024-cü ildə nə sağlamlıq sığortası sistemi tətbiq edildi, nə də qanun qəbul olundu. Ayrılmış pullar isə səhiyyə sahəsində yaranan maliyyə çatışmazlıqlarının ört-basdır edilməsinə sərf olundu.

Borcun artmasının əsas səbəbi də budur: Ermənistan hakimiyyəti islahat aparmaq və real sistem qurmaq əvəzinə, populist addımlar atmaqla seçki ərəfəsində xal qazanmağa çalışır. İndi də yaxınlaşan seçkilər üçün “kağız üzərində” sığorta sistemi qurub ermənilərə yeni uğur kimi təqdim etmək istəyirlər. Bununla yanaşı, götürüləcək 102 milyon avronun necə və nəyə sərf olunacağı tamamilə qeyri-müəyyəndir. Qanun layihəsi hələ Ermənistan parlamentinə təqdim olunmayıb. Paşinyan hökuməti isə hər zamankı kimi əvvəlcə borcu alıb sonra düşünməyi planlaşdırır.

Bu, Ermənistan reallığında adət halını alıb: sosial proqramlar üçün daim pul tapılmır, amma lazımsız və korrupsiya riskli layihələr üçün milyonlarla, milyardlarla borc götürülür. Ən maraqlısı isə sağlamlıq sığortasının sakinlər üçün ciddi maliyyə yükünə çevriləcək olmasıdır. Ermənistandakı sözügedən mövcud layihəyə görə həm 2 milyon dram, həm də 100 min dram maaş alan şəxs eyni məbləğdə sığorta haqqı ödəyəcək. Sosial ədalət prinsipi tamamilə pozulub. Yüksək maaşlı məmurlar özlərini qorumaq üçün hamıdan eyni ödəniş tələb edirlər.

Son hesablamalara görə, Ermənistanda hər bir işləyən sakinin illik sığorta haqqı 165-170 min drama çatacaq. Üstəlik bu məbləğ hər il artacaq. Təsəvvür etmək çətin deyil ki, aylıq 100 min dram maaş alan bir şəxs üçün bu məcburi ödəniş nə qədər ağır olacaq. Əlavə olaraq, ailədə işləməyən şəxslər üçün də ayrıca sığorta haqqı tələb olunacaq.

Əslində sağlamlıq sığortası sistemi konsepsiya olaraq vacibdir, amma onu tətbiq etmək üçün sosial ədalət prinsiplərinə ciddi əməl olunmalıdır. Ermənistan kimi yarı kasıb bir cəmiyyətdə bu cür ədalətsiz yüklər sakinlərin vəziyyətini daha da ağırlaşdıracaq. Lakin hazırkı Paşinyan hakimiyyətinin prioriteti xalqın sosial rifahı yox, şəxsi maraqlarını qorumaqdır.

Bundan əlavə, Ermənistanın sağlamlıq sisteminin hazırkı vəziyyəti nəzərə alınarsa, bu cür tələsik və planlaşdırılmamış sığorta sisteminin tam fiaskoya uğrayacağı aydındır. Çünki səhiyyə sahəsində indiyə qədər ən sadə islahatları belə uğurla həyata keçirə bilməyən bir hökumətin, genişmiqyaslı tibbi sığorta sistemini idarə edə bilməsi real görünmür.

Nəticə etibarilə, 102 milyon avroluq yeni borc Ermənistan iqtisadiyyatının və səhiyyə sektorunun çöküşünü daha da sürətləndirəcək və nəticədə yük yenə sıravi ermənilərin çiyinlərinə düşəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sığorta   Paşinyan  


Bizi "telegram"da izləyin