Bir addım irəlidə: Qərbin HHM və RƏM komplekslərinin inkişaf yolları – ARAŞDIRMA (HƏRBİ EKSPERT)

2018/09/1_1535976065.jpg
Oxunub: 2860     19:56     03 Sentyabr 2018    
"Lockheed Martin" şirkəti tərəfdaşı MBDA ilə birlikdə MEADS zenit raket kompleksini inkişaf etdirir. Əlavə olaraq bu iki şirkət alman Bundesveri üçün nəzərdə tutulan TLVS hava hücumundan müdafiə kompleksi üzərində birgə işləyir

Qərb sənaye mütəxəssisləri və əksər istehsalçılar düşmənin hücum vasitələrindən intensiv şəkildə istifadə edəcəyi ehtimal olunduğuna görə mobil HHM və RƏM sistemlərinin funksional rahatlığına böyük əhəmiyyət verirlər.

NATO üzvü dövlətlərə və onların müttəfiqlərinə müxtəlif mobil HHM və RƏM sistemləri, o cümlədən "Raytheon" istehsalı olan "Patriot", MBDA və "Lockheed Martin" istehsalı MEADS (Medium Extended Air Defense System), "Kongsberg" və "Raytheon" istehsalı NASAMS və digər platformalar təklif edilir. Son illərdə bu tip sistemlərə Avropada və dünyanın digər regionlarında geosiyasi vəziyyətin dəyişməsi ilə bağlı tələbat artır.

"Lockheed Martin" şirkətinin nümayəndəsi Marti Koynun dediyinə görə, əslində bu əsrin əvvəllərində, MEADS kompleksinin hazırlanmasına başlanana qədər əsas tələblər dəyişməz olaraq qalırdı.

"Biz hələlik əsas təhlükə istiqamətində diqqətimizi cəmləşdirmişik. Bizim olduğumuz sektor, qısa və orta mənzilli raketlər sferasında yalnız ballistik raketləri məhv edən vasitələrdən ibarət deyil. Biz həm də bütün təhlükələr spektrinin- helikopter, təyyarə, qanadlı raket və ya PUA təhlükəsinin öhdəsindən gələ bilən vasitələrə sahib olmalıyıq", - deyə o bildirib.

Hərtərəfli təhdid

Təhlükələrin inkişaf vəziyyəti MEADS üçün ikinci və üçüncü əsas tələblər paketini müəyyən edib. Bu isə kompleksin daha hərəkətli və çevik bir struktura sahib olmasına imkan verib. Bəşəriyyətin döyüş təcrübəsi göstərir ki, kütləvi bir hücum zərbəsi üçün Siz heç vaxt sərəncamınızda kifayət qədər mobil sistemə malik olmayacaqsınız. Bundan əlavə, artıq bir "dar profilli" sistemə də etibar edə bilməzsiniz. Sizə ümumi bir şəbəkə bazasında funksional bir sistem lazımdır ki, komponentlərin dəyişdirilməsinə, yeni sensorların və ələkeçirmə vasitələrinin tətbiqinə rahatıqla imkan versin.

Dördüncü əsas tələb ilk atəşdən hədəfi məhv etməyə imkan verən maksimum dəqiqliyə aiddir. Bu tələb dəyişməyib, hər şey 15 il bundan əvvəl də eyni idi.

Hazırda əsas diqqət şəbəkə memarlığına inteqrasiya edilən komponentlərə yönəlib. Onlar daim inkişaf edir və "Lockheed Martin" kimi istehsalçılar qabaqcıl sensorlara, icracı elementlərə və digər əlaqəli alt sistemlərə ciddi diqqət göstərirlər.

"Sizə müasir sensorlar və güclü raketlər lazımdır, bu zaman yeni imkanlar yarandıqca bütün sistemi dəyişmədən sonuncuları inteqrasiya edə biləcəksiniz. Bu əsas tələblər daim inkişaf edən təhlükələrin öhdəsindən problemsiz olaraq gəlmək üçün dəyişməz olaraq qalır", - deyə Koyn bildirib.

Yeni komponentləri inteqrasiya edərkən vaxta və pula qənaət etmək üçün sistemin uyğunlaşmasını təmin etmək lazımdır. Nəyə sərmayə yatırsanız da, nəyi yerləşdirsəniz də, son nəticədə hər bir elementin adaptasiya edilməsinə diqqət edilməlidir. Yəni anlamaq vacibdir ki, geriyə addım atmadan və bütün sistemi yenidən yaratmadan yeni təhdidlərə qarşı mübarizə apara biləsiniz.

Hazırda, raketlərin imkanları manevr, xüsusilə fəaliyyət radius ilə bağlı "ağıllı şəkildə" təkmilləşdirilə bilər. Bu yanaşma PAC-3 (Patriot Advanced Capability) MSE (Missile Segment Enhancement) raketlərinin hazırlanmasında həyata keçirilir. "Lockheed Martin" şirkətinin məhz bu konsepsiyada müştəri ilə sıx əməkdaşlıq etməsi texnoloji liderliyi saxlamağa, qorumağa və eyni zamanda fundamental tələbləri yerinə yetirməyə kömək edir.

"Lockheed Martin" tərəfdaşı MBDA ilə birgə MEDAŞ kompleksini hazırlamaq üçün "MEADS International" şirkətini qurdu. Əsas səylər MEADS bazasında TLVS alman kompleksinin inkişafına yönəldilib. Almaniya NATO-nun HHM və RƏM sahəsində qabaqcıl ölkəsidir. Bu ilin mart ayında, MBDA və "Lockheed Martin" şirkətləri, vəzifəsi Almaniya müqaviləsini yerinə yetirməkdən ibarət olan TLVS GmbH adlı yeni bir birgə müəssisə yaratdılar. Gözlənildiyi kimi, o yeni kompleksin aparıcı podratçısı olacaq. Hazırda Silahlı Qüvvələrin Təchizatı İdarəsi ilə danışıqlar aparılır.

TLVS kompleksi hər hansı bir NATO ölkəsi ilə tam uyğun gəlir, qabaqcıl qısa və orta mənzilli ballistik raketlər, qanadlı raketlər və digər hava hədəfləri ilə mübarizə apara bilir. Onun açıq quruluşu digər vasitələrin regional müdafiə sistemlərinə inteqrasiyasına imkan yaradır. Kompleksdən IRIS-T ələkeçirici raketlərlə də atəş açmaq mümkündür.

Ələkeçirmə mövzusuna diqqət

"Lockheed Martin" şirkəti MEADS/TLVS layihəsindən başqa TLVS kompleksinin tərkib hissəsi olacaq PAC-3 "Patriot" ələkeçirici raketlərini də istehsal edir.

"Raytheon Integrated Defense Systems" şirkətinin nümayəndəsi Co Dantonun sözlərinə görə, təhdidlər daha effektli olmaqla daha da geniş yayılır. Onun sözlərinə görə, gizlilik səbəbindən təhdidlərin xüsusiyyətlərini və onların effektivliyini müzakirə edə bilməyəcək: "Lakin onların yayılmasını qiymətləndirmək üçün xəbər agentliklərinin başlıqlarına baxa bilərsiniz. Keçmişdə taktiki balistik raketlərə və ya PUA-lara yalnız dövlət strukturları çıxış əldə edə bilirdi. İndi isə hər şey dəyişib. Bu təhdidlərin yayılması ilə, indi də hücum vasitələrinin dəyəri genişlənir".

"Patriot" sisteminin tərkibinə bir neçə PAC-3, PAC-3 MSE və "Guided Enhanced Missile" (GEM) kimi yüksək qəlpəli fuqas partlayıcı başlığı ilə hədəfi məhv edən raket tipləri daxildir.

GEM ailəsinə daxil olan raketlər PAC-3-dən ucuzdur, lakin bütün əməliyyat rayonları üçün yararlıdır. Sürət və manevr imkanlarına görə onlara bir çox hallarda üstünlük verilir. "Raytheon" Polşaya təklif etmək üçün, daha ucuz "SkyCeptor" birbaşa məhvetmə vastəsinin inkişafında "Rafael" ilə birgə çalışır. Layihə çərçivəsində digər alternativlər də nəzərdən leçirilir.

Deantonun sözlərinə görə, 2015-ci ildən "Raytheon" şirkətinin "Patriot" kompleksi döyüş əməliyyatlarında 200 dəfədən çox tətbiq edilib, 100-dən çox taktiki ballistik raketləri ələ keçirib. "Raytheon" hazırda "raketdən və havadan müdafiə sahəsində ən yüksək zirvədədir və biz heç də həmişə RƏM və HHM sistemlərinin yalnız inteqrasiya edilən səviyyəsini təklif etmirik. Bunun əvəzində, şirkət öz müştərilərinin qarşılaşdıqları problemlər prizmasından müdafiə təşkilini nəzərdən keçirir və sonra müştərilərin fərdi qarşılaşdığı unikal problemləri həll etmək üçün optimal təkliflər hazırlayır.

"Bizim hazırladığımız sistemlər müştərilərimizin ehtiyaclarını ödəmək üçün komanda, idarəetmə, sensor və icraedici mexnizmlərin inteqrasiya edildiyi vahid bir "müdafiə qalxanı" kompleksindən ibarətdir", - deyə Danton bildirib.

Danton son illərdə ortaya çıxan bir sıra texnoloji tendensiyalara da toxunub. Məsələn, hesablama qabiliyyətlərində bir inqilab baş verdi və bir çox komponentlər bundan müəyyən qədər faydalandı. "Patriot" kompleksi də kommersiya avadanlıqlarının geniş istifadə etdiyi yeni rəqəmsal məlumat emalı modulunu əldə etdi.

Bu rəqəmsal emalı sistemlərinin analoq komponentlərinin etibarlılığını artırdı və nəticədə ümumi etibarlılıq proqnozlaşdırılan 40%-lik artıma nail oldu.

Deanton, həmçinin oyun və fərdi kompüter texnologiyalarının inteqrasiyasına diqqət çəkərək, "Raytheon" şirkətinin bu cür fəlsəfəni qəbul etdiyini və onu kifayət qədər intellektual bir silah sistemi ilə birləşdirdiyini bildirir.

O qeyd edir ki, "Raythoon" şirkəti bütün dünyada artan təhdidlər ilə qarşılaşan ABŞ və onun müttəfiqlərinə aid olan "Patriot" kompleksinin çevikliyini artıracaq əsas komponentlərinin modernləşdirilməsini təklif edir: "Patriot" kompleksi üçün təklif olunan yeni idarəetmə sistemi, yük maşını ilə nəql olunan əvvəlki ağır metal modulu, 3D qrafika üslubunda video oyun kimi yüklənən portativ konsol ilə əvəz etməyi təklif edir. İndi əsgərlər "Patriot" kompleksini çadırdan, ofis binasından və ya elektrik enerjisi olan hər hansı bir nöqtədən idarə edə bilərlər".

MBDA şirkətinin nümayəndəsinin sözlərinə görə, son illərdə təhlükənin xüsusilə intensiv inkişaf etdiyi bir sıra sahələr mövcuddur, bu da hava hücumundan müdafiə sistemlərinə təsir göstərməkdədir. Məsələn, iqlim şəraiti hava təhlükələrinə artıq maneə deyil. Buna görə də bütün zenit raketləri istənilən hava şəraitində etibarlı və aktiv fəaliyyət göstərən özütuşlanan başlıqlara mütləq malik olmalıdır. Bundan əlavə düşmən aviasiyası davamlı olaraq yeni REM vasitələri və digər mühafizə sistemləri ilə təchiz edilir. Deməli yeni tuşlama başlıqları həm də radiomaneələrə qarşı dayanıqlı olmalıdır.

Şirkətin nümayəndəsi bildirib ki, getdikcə daha da mürəkkəbləşən hava şəraitində zenit raketləri şəbəkə resurslarından istifadə etməli olur. Nəhayət, düşmənin atəş açan platformasını, məsələn təyyarəsini ələ keçirməyə çox zaman kifayət etmir. Kompleks hücum platforması tərəfindən məhvetmə zonasının hüdudlarından kənarda buraxılan daha kiçik və yüksək dəqiqlikli vasitələri də ələ keçirməlidir.


Daha çox əməliyyat idaəetmə qovşağı kimi fəaliyyət göstərən NASAMS kompleksinin əsas komponenti - FDC atəşi idarəetmə mərkəzi

Bu bir zərbədir

ABŞ ordusu 2023-ci il qədər "Stryker" 8x8 bazasında 50 kVt gücündə yüksək enerjili lazer yerləşdirmək planlarına sahibdir.

Bu ilin mart ayında keçirilən "AUSA Global Force" konfransı zamanı bir neçə yüksək rütbəli generallar jurnalistlərlə görüşdə ordunun hava və raket hücumundan müdafiə strategiyasını müzakirə etdi.

Bu çərçivədə Pentaqon "Mobile High-Energy Laser" (Yüksək Enerjili Mobil Lazer) proqramından istifadə edərək yüksək enerjili lazerləri inkişaf etdirir və sınaqdan keçirirdi. Ordu bu silahları idarə olunmayan raketlər, qanadlı raketlər, artilleriya və minaatan mərmiləri və PUA-lar ilə mübarizədə kinetik silahlara daha ucuz əlavə kimi istifadə etməyi düşünür.

Plana uyğun olaraq, ABŞ ordusu 10 kVt gücə malik yüksək güclü lazerləri sınaqdan keçirdi və bu yaxınlarda Almaniya da "Stryker" zirehli avtomobilinə 5 kVt gücündə lazer quraşdırdı.

ABŞ quru qoşunlarının kosmik və raketdən müdafiə idarəsinin rəhbərinin sözlərinə görə, bu il 50 kVt gücündə lazer yerləşdirilən "Heavy Expanded Mobility Tactical Truck" yük maşınının nümayiş etdirilməsi planlaşdırılır. O qeyd edir ki, 50 kW orduya imkanlarını anlamaqda və genişləndirməkdə, həmçinin qurğunu "Stryker"ə inteqrasiya etməkdə onlara kömək edəcək.

ABŞ ordusunun Artilleriya Məktəbinin rəisi general Redal Makintayrın fikrincə, gələcəkdə dörd batareyadan ibarət olacaq divizion, döyüş hissə və birliklərinin tərkibinə daxil ediləcək. Onlarda biri yönəldilən lazer enerji sistemindən, digər üçü isə artilleriya və raket sistemlərinin birləşməsindən ibarət olacaq.

Belə vəziyyətdə komandirlərin sərəncamında çox sayda vasitələrə sahib olan yeni döyüş bölməsi peyda olacaq. 3 döyüş batareyası briqadanın əsas qüvvələri ilə döyüş düzülüşündə yer alacaq, dördüncü isə diviziyanın prioritetlərinə ümumi dəstək verəcək və döyüşün əsas zərbə istiqamətini tamamlayacaq.

General, gələcəkdə ordu üçün tərkibi raket silahlarından, artilleriya avadanlıqlarından və 100 kVt gücə malik lazer vasitələrindən ibarət olacaq çoxfunksiyalı böyük platformanı nəzərdən keçirdiklərini bildirib.

Manevr üçün tələblər

MEADS/TLVS layihəsi çərçivəsində fəaliyyətlərinə əlavə olaraq, MBDA şirkəti bir sıra digər sistemləri də istehsal edir. Onun nümayəndəsi, quruda və dənizdə istifadə üçün nəzərdə tutulan, qanadlı raketlər, təyyarələr, dəqiq sursatlar və digər yüksək texnologiyalı təhdidlər ilə mübarizə aparan CAMM ailəsini (Common Anti-Air Modul Missile) xüsusilə qeyd edib.

Hazırda 25 km-dən və 40 km-dən çox atəş məsafəsinə sahib iki tip raket təklif olunur. Onlar 90%-lik eyni ölçü göstəricilərinə malikdir, əsas fərq CAMM-ER variantınin daha böyük korpusa və raket mühərrikinə sahib olmasındadır.

2017-ci ildə Britaniya Hərbi Dəniz Qüvvələrində "Sea Ceptor" adı verilən CAMM raketinin bir sıra sınaqları başa çatdı. "Land Ceptor" adi ilə CAMM-ER raketləri Britaniya ordusunun və digər 5 Avropa ölkəsinin, o cümlədən raketin müəllifi İtaliyanın arsenalında mövcuddur.

O, həmçinin bir çox ölkənin həm dəniz, həm də quru qüvvələrində yer alan ASTER zenit raketlərinin ailəsini də unutmadı. ASTER 30 raketi uzaq məsafədən təhdidlərin qarşısını almağa qadirdir. ASTER 15 və 30 raketləri şaquli olaraq buraxılır və müstəqil şəkildə tuşlanır, o cümlədən kütləvi hücumlarla effektiv mübarizə aparır. Bundan əlavə, ASTER 30 B1 versiyası və ən son 30 B1 NT raketi də ailənin tərkibinə daxildir.

Funksional rahatlıq və manevr qabiliyyətindən başqa, sistemlərin yerləşdirilməsi üçün müxtəlif tələblərə cavab vermək də vacibdir. Danton, "Patriot" kompleksi ilə "Raytheon" şirkətinin daim ümumi problemin ortaq həll yolunu tapmağa çalışdığını bildirir. ABŞ silahlı qüvvələri daha çox ekspedisiya tiplidir, buna görə "Patriot"dan həm manevr edən qüvvələri, həm də mühüm sabit obyektləri qorumaq üçün istifadə olunur. Buna görə ABŞ ordusu, qoşqulara yüklü generatorlardan istifadə edir və çox sərt şəraitdə çalışmaq üçün hazırlanır.

Bəzi ölkələrin heç bir ekspedisiya vəzifəsi yoxdur, onlar "Patriot" kompleksi ilə yalnız öz suverenliyini və hava sahəsini qorumağa çalışırlar. Buna görə də, "Patriot" kompleksləri radarlar da daxil olmaqla, beton bazaya sahib sabit meydançalarda yerləşdirilir və ölkənin enerji sistemindən elektrik enerjisi əldə edilir.

Koyn qeyd edir ki, MEADS kompleksi fəaliyyət göstərdiyi dərinliklərdə avtonom rejimdə çalışır, eşalonlaşdırılmış müdafiədə isə THAAD kimi sistemlər ilə birlikdə müdafiəni təşkil edir. O döyüş hissə və bölmələrini müdafiə etmək üçün ən qısa zamanda döyüşə hazır olmalıdır. Çox çətin olan bu tələbi mövcud təhlükələr müəyyənləşdirir.


Texnologiyalar inkişaf edir. "Raytheon" hazırda qallium nitritə əsaslanan dairəvi müşahidə üçün daha səmərəli bir radar stansiyasını və yeni ucuz ələkeçirici raketlər üzərində işləyir

Təkmilləşdirmə üçün yeniliklər

"Kongsberg" şirkətinin tərəfdaşları "Raytheon" ilə birlikdə orta mənzilli "hava- hava" tipli idarə olunan AIM-120 AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) raketlərindən istifadə edən NASAMS kompleksini hazırlayır. "Kongsberg Defence and Aerospace" şirkətinin nümayəndəsi Kir Lon, sürətlə inkişaf edən texnologiya dəstini tez bir zamanda tətbiq etmək üçün açıq strukturanın və standartların əhəmiyyətinə toxunub.

Onun sözlərinə görə, burada əsas komponent NASAMS kompleksinin FDC (Fire Distribution Centre) əməliyyat idarəetmə mərkəzindən ibarətdir. FDC tərkibində bir sıra taktiki məlumat kanalları və digər sistemlər reallaşdırılıb və həyata keçirilib. Burada əsas məqsəd istənilən yeni sensorun və ya digər zərbə platformasının mərkəzə inteqrasiya etməsinə imkan yaratmaqdan ibarətdir.

Bu, nanodronlardan yüksək hündürlüklü PUA-lara, yeni helikopterlərdən qırıcılara, yerüstü zərbə vasitələrindən hava zərbə komplekslərinə qədər mövcud olan yeni təhdidlərin fasiləsiz axınına qarşı bir cavabdır.

NASAMS-da tətbiq olunan yanaşma çevik, dəyişkən və adaptasiya edilən olmalıdır ki, geniş çeşidli təhlükələrin öhdəsindən gəlmək mümkün olsun.

NASAMS kompleksi kombinə edilən məkanda məhdudiyyətsiz olaraq digər platforma və silah sistemləri ilə birləşə və inteqrasiya edə bilər ki, bu da döyüşə hazırlıq vaxtının azalmasına və bir şəbəkədə birləşən sistemlərin effektivliyinin artmasına səbəb olacaq.

Danton, coğrafi baxımdan dünyada hava hücumundan müdafiə sistemləri üçün güclü və artan tələbin olduğunu qeyd edir. Onun sözlərinə görə, Avropadakı təhlükələr "Patriot" kompleksinə tələbatın artmasını stimullaşdırır. Keçən ilin noyabr ayında Rumıniya 14-cü, Polşa və İsveç isə 15 və 16-cı tərəfdaş-müştəri ölkə olub. Bundan əlavə, Avropada və Asiyada NASAMS kompleksinə də böyük maraq hiss edilir.

2017-ci ilin oktyabrında Litva və İndoneziya müvafiq olaraq 128 və 77 milyon dollar dəyərində NASAMS kompleksləri üçün müqavilələr bağlayıb. Bu ehtiyaclar, təhdidlərlə mübarizə istəyi ilə əlaqəli olsa da, arxa planda yalnız qlobal təhlükələr deyil, daha dərin və daha fərqli amillər dayanır.

Məsələ ondadır ki, inteqrasiya edilən HHM və RƏM sistemləri yalnız təhlükələri aradan qaldırmır. Onlar əslində müdafiə xarakterli sistemlər olsalar da, təcavüzkarın qarşısını alaraq, regional sabitliyin təmin edilməsi üçün mühüm rol oynayırlar.

Bundan əlavə, NASAMS və "Patriot" kimi sistemləri yerləşdirmək və inteqrasiya etmək üçün 10 illərlə gözləmək lazım deyil, bunu artıq bu gün edə bilərsiniz. Bununla yanaşı, sistemlərin imkanları da durmadan inkişaf edir. Sistemlər istənilən zaman təkamül və inkişaf hesabına təhdidləri qabaqlamalı və onlardan üstün olmalıdırlar. Müştərilərin istədiyi bir başqa tələb elementi də qarşılıqlı əlaqədir.

"Müttəfiq və koalisiya əməliyyatları artıq normadır və gələcəkdə də inkişafı davam edəcək. Bu cür əməliyyatların uğurlu olması üçün qarşılıqlı əlaqə qabiliyyəti cox vacibdir", - deyə Danton bildirib.

"MEADS bazasında komplekslər üçün qlobal bazar çox perspektivlidir, bu imkanlar kompleksin zərərsizləşdirə biləсəyi təhdidlər tərəfindən müəyyən edilir. Ölkələr istədikləri qədər sərmayə yatıra bilərlər. Bunu qismən edə bilərlər. Onlar həmçinin əvvəlki investisiyalarını, icraçı komponentlərə və yeni sensorlara açıq strukturla bağlaya bilərlər", - deyə Koyn doayısı ilə açıq strukturun bir sıra ölkələr üçün cəlbedici olduğunu qeyd edib.


Müasir hava hücumundan müdafiə sistemləri üçün əsas tələblər bu əsrin əvvəllərində, MEADS kimi sistemlərin inkişafı başladığı zaman formalaşdı

Yayılma proqnozları

Perspektivlərə görə Danton bu komplekslərin gələcəyini proqnozlaşdırmağa risk etmir: "Təhdidlərin inkişaf edəcəyini və yayılacağını söyləmək daha doğru olardı. Şirkət bir addım qabaqda olmalıdır. Burada radarın enerji istehlakını əhəmiyyətli dərəcədə azalda biləcək və potensiallarda inanılmaz bir artım əldə edə biləcək qallium nitritə əsaslanan sistemlərin inkişafını qeyd etmək lazımdır".

İstifadə baxımından biz eşalonlaşdırılan müdafiə dövrünə doğru hərəkət edirik. Ayrıca bir sistemə, sensora və ya icra komponentinə sahib olmaq artıq kifayət deyil. Təhdidlər daha da mürəkkəbləşir, biz bu sistemləri, ələkeçirici raketləri və sensorları çox pilləli birləşmiş strukturlara inteqrasiyasını təmin etmək arzusunu müşahidə edirik.

Sonda Danton kiberməkanın artan əhəmiyyətini də qeyd edir. O, məxfilik səbəbindən bu mövzuda ətraflı məlumat verməsə də, qeyd edib ki, biz bu barədə yaxşı məlumatlıyıq və istənilən döyüş vəziyyətində bizim HHM və RƏM raket sistemlərinin mükəmməl fəaliyyəti üçün zəruri addımlar atırıq.

MBDA şirkətinin nümayəndəsi qeyd edib ki, HHM sahəsində son istifadə ediləcək texnologiya lazerdir. Şirkət kiçik və ucuz kommersiya PUA-larına qarşı nisbətən az xərcli ssenarilərə üstünlük verir.

Bundan əlavə, lazer sistemləri hədəfin izlənmə, zərər vermə və məhv etmə mərhələlərinin miqyas baxımından genişlənməsinə imkan verəcək. MBDA hazırda Almaniyanın adı bəlli olmayan və İngiltərənin "Dragonfire" kimi bir sıra lazer silahlarının inkişaf proqramlarında iştirak edir.

Koyn razılaşır ki, 10-15 il əvvəl HHM və RƏM sistemlərində yönələn enerji ideyası barədə heç kim danışmırdı, çünki onun reallaşdırılması üçün heç bir yol yox idi. İndi bütövlükdə əlverişli variantlar mövcuddur. Bu da yeni texnologiyaların asan və sadə inteqrasiyasına imkan verən açıq strukturun saxlanılmasının vacibliyini vurğulayır.

"Bu yanaşma həqiqətən bir çox qapıları açaraq, bu növ texnologiyanı inkişaf etdirmək üçün lazım olan vaxt və resursların miqdarını nəzərə alaraq, təhdidlərdən öndə olmağımıza imkan verəcək", - deyə o bildirib.

Yazı Nikolay Antonovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MEADS   TLVS   Patriot   NASAMS  


Bizi "telegram"da izləyin