"Lubawa Armenia" şirkəti Ermənistan silahlı qüvvələri üçün 1,7 milyon dollar dəyərində təchizat və avadanlıq istehsal edəcək.
Ordu.az xəbər verir ki, bu barədə Polşanın ixtisaslaşmış Zbiam.pl saytı "Lubawa Group"a istinadən məlumat yayıb.
2017-ci il dekabrın 14-də məlum olub ki, Ermənistan müdafiə nazirliyi ilə "Lubawa Armenia" şirkəti arasında xüsusi təchizat və avadanlıq alınmasına dair müqavilə imzalanıb. Bu əmlakı erməni-polşa birgə müəssisəsi olan "Lubawa Armenia" şirkəti istehsal edəcək. Müqavilə əsasında həyata keçiriləcək iş birliyi 1,7 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.
Məlumata görə, bu müqavilə şirkətin Gürcüstan və Qazaxıstan bazarlarına yolunu aça bilər.
"ArmHiTec-2016" sərgisi zamanı şirkətin nümayəndəsi bildirmişdi ki, Ermənistan silahlı qüvvələrində zirehli nəqliyyat vasitələri üçün termal torlar sınaqdan keçirilir. Məlumata görə, artıq erməni ordusu "Lubawa Armenia"nın çox məqsədli kamuflyaj şəbəkələrindən (komuflyaj torları) istifadə edirlər. Sərgidə nümayiş etdirilən zirehli gödəkçələrin də Ermənistan ordusunun təminatına veriləcəyi gözlənilir.
Qeyd edək ki, erməni-polşa birgə hərbi sənaye müəssisəsi 2014-cü ildə istismara verilib. Müəssisə istehsal obyektlərinin müasirləşdirilməsi və təmiri, saxta hədəflərin istehsalı, çadırlar, dəbilqələr, zirehli gödəkçə, komuflyaj torlar və hərbi təyinatlı digər əmlakların istehsalı ilə məşğuldur.
Alpər Mövludoğlu
Ordu.az