Ermənistan parlamenti Sünik vilayətinin M-2 İrəvan-Gorus-Meğri-İran sərhəddi dövlətlərarası magistral yolun 379+200 km uzunluğundakı hissəsində Araz çayı boyunca 40 km hissənin qəzalı vəziyyətinin təmirini nəzərdə tutan müqaviləni dayandırmaq haqqında qərar qəbul edəcək.
Bu yolun bərpası məqsədilə Ermənistan hökuməti 2017-ci il fevralın 23-də dövlət büdcəsindən 12 milyon dram vəsait ayırıb. Qəzalı yolun təmirini həyata keçirməli olan şirkət hazırlıq işləri görsə də, Ermənistanın təbii ehtiyatlar nazirliyinin su təsrrüfatı komitəsi təmir haqqında müqaviləni dayandırmağı təklif edib.
Belə ki, yuxarıda qeyd olunan yol İran İslam respublikası ilə sərhəddir və sərhəd ərazilər Rusiya Federasiyanın 2393 nömrəli sərhəd hərbi hissəsi tərəfindən nəzarət olunur.
Məlumatlara görə, Rusiya hərbi hissəsi yolun bərpasına razılıq verməyib. Belə çıxır ki, Ermənistanda qulluq edən bir rus hərbi qulluqçusu Sarkisyan hökümətindən daha güclüdür.
Erməni jurnalist Nelli Qriqoryan məsələyə daha kəskin münasibət bildirərək Sarkisyan hakimiyyətinin bu məsələdə aciz olduğunu qeyd edib.
"Deməli bir və ya yüz bir erməni kəndləri su altında qalacaq, bir və ya yüz min erməni kəndlisi məhsulsuz və gəlirsiz qalacaq, amma erməni kəndləri və kənd təsərrüfatının inkişaf etməyəcəyi ruslara maraqlı olmayacaq. Ruslar Gümrüdə bir ailəni qətlə yetirən Valeri Permyakovu ermənilərə təhvil verməyəndə hamının yadına dostluq münasibətləri, əməkdaşlıq, rus bazasının yerləşməsi və s kimi sözlər düşdü. Lakin qatilin təhvil verilməməsi barədə söhbət bağlandı. Həmin müqavilə ilə bərabər hüquqlu və qarşılıqlı maraq nəzərdə tutulub.
Ermənistanın "şimal"ında qatili ört basdır edilməsi və Ermənistanın cənub hissəsini daşqın riski qarşısında qoymaq nə dostluq, nə də qarşılıqlı maraq doğuran əməkdaşlıq çərçivəsinə sığmır", - deyə erməni jurnalist Qriqoryan etiraz edir.
Erməni jurnalist Ermənistan Türkiyə sərhəddində də rus əsgərinin dayandığını, həmin rus əsgərinin 2015-ci ilin oktyabr ayının 6-da və 7-də türk hərbi təyyarələrinin Ermənistanın hava məkanını qısa müddətə pozarkən heç bir tədbir görmədiyini də qeyd edib:
"Maraqlıdır görəsən, Ermənistan höküməti türklərin Araz çayını keçdikləri, ərazilərimizdə evlər, tövlələr inşa etdikləri barədə məlumat alarsa, hökumət qərar qəbul edərək və bunun qarşısını almaq üçün pul ayırarsa, rus əsgərləri yenə də əraziyə daxil olmağa icazə verməzlərsə, yenə işləri dayandırmalıyıq. Buna görə də, Ermənistanda qulluq edən bir rus hərbi qulluqçusu Sarkisyan hökümətindən daha güclüdür".
Nəhayət, bu gün baş verən daha bir hadisə yaranan proseslərin boş şeylərdən qaynaqlanmadığını sübut edir. Belə ki, Ermənistanda rus sərhədçilər kütləvi şəkildə sərhəddə yerləşən zastavaları bağlamağa və müşahidə qüllələrini sökməyə başlayıblar.
Türkiyə-Ermənistan sərhəddində yaşayan erməni kəndlilərin sözlərinə görə, sərhəddə nəzarət edən rus əsgərləri kütləvi şəkildə sərhəddəki zastavaları bağlayır, müşahidə qüllələrini sökür və ümumiyyətlə sərhəddə nəzarəti dayandırırlar.
Baş verən proseslərin, Türkiyənin sərhəddə nəzarəti gücləndirməsi və modernləşdirməsi səbəbindən yarandığını bildirsələr də, təbii ki, hər hansı gücləndirilmə halında və modernləşdirilmə vəziyyətində qarşı tərəf, yəni rus sərhədçiləri də bu prosesə uyğun addımlar atmalı idi. Rusiyanın sərhəd xəttinə əlavə vəsait xərcləmək istəyində olması isə inandırıcı görünmür.
Bu baxımdan, yol çəkilməsi üçün yaranan qalmaqal, zastavaların sökülməsi və sərhəddə nəzarətin dayandırılmasını ümumiləşdirsək, İrəvan-Moskva xəttində nəinki "magistral" yolların, hətta "qatarların" da tezliklə dayanacağını görərik.
Alpər Mövludoğlu
Ordu.az