Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib.
Onun sözlərinə görə, Almaniya artıq dördüncü dəfə PURL mexanizmi çərçivəsində maliyyələşdirmə paketində iştirak edəcək.
Pistorius Brüsseldə NATO üzvü olan ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində jurnalistlərə bildirib ki, PURL vasitəsilə Ukrayna üçün prioritet hesab edilən, lakin Avropada istehsal olunmayan ABŞ silah sistemləri və sursatlarının alınması maliyyələşdirilir.
Nazir qeyd edib ki, bu dəfə Almaniyanın proqram çərçivəsində iştirakı 200 milyon dollar təşkil edəcək.
Onun sözlərinə görə, vəsait əsasən hava hücumundan müdafiə sistemləri üçün sursatların alınmasına yönəldiləcək.
Pistorius əlavə edib ki, Ukraynanın müdafiə naziri Mixail Fyodorov Almaniyadan əsasən Patriot sistemləri üçün idarəolunan raketlərin alınmasını nəzərdə tutan Jumpstart proqramına dəstək verməsini xahiş edib.
“Biz həmin proqramda da iştirak etməyə hazır olduğumuzu bildirmişik və PAC-3 idarəolunan raketlərinin alınması üçün daha 200 milyon dollar ayıracağıq”, - deyə Almaniyanın müdafiə naziri vurğulayıb.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte alyans ölkələrinin Ukrayna üçün ABŞ silahlarının alınmasına artıq təxminən 6 milyard dollar xərclədiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az