“Bloomberg”: Rusiya 2026-cı ildə müharibə xərclərini daha 4-5 trilyon rubl artıracaq

2026/06/1781338731.jpg
Oxunub: 196     17:03     18 İyun 2026    
Rusiya hakimiyyəti 2026-cı ildə müharibə ilə bağlı xərcləri əlavə 4-5 trilyon rubl artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən artım hazırkı büdcədə nəzərdə tutulan göstəricidən təxminən 40 faiz çoxdur.

Agentliyin yazdığına görə, Rusiya hakimiyyəti əlavə vəsaiti əsasən daxili bazardan borclanma yolu ilə cəlb etməyi planlaşdırır. Mənbələrin bildirdiyinə görə, söhbət 2-3 trilyon rubl həcmində yeni borclanmadan gedir.

Ekspertlər qeyd edirlər ki, hazırkı büdcə variantında daxili dövlət borcuna xidmət xərcləri artıq 4 trilyon rubla çatıb.

Bu göstərici ümumi federal büdcənin təxminən 9 faizini təşkil edir və müdafiə, milli təhlükəsizlik, sosial siyasət və iqtisadiyyatdan sonra beşinci ən böyük xərc maddəsidir.

“Bloomberg” vurğulayır ki, yeni borclanma olmadan mövcud maliyyə siyasətini davam etdirmək mümkün olmayacaq.

Məlumata görə, 2026-cı ilin ilk beş ayında Rusiya büdcəsinin kəsiri artıq 6 trilyon rubla və ya ÜDM-in 2,6 faizinə yüksəlib. Bu isə bütün il üçün müəyyən edilmiş hədəf göstəricidən təxminən 60 faiz çoxdur.

Agentlik xatırladır ki, iyunun əvvəlində Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bank nümayəndələri Prezident Vladimir Putinə müdafiə xərclərinin mövcud səviyyəsinin büdcə kəsirini təhlükəli həddə çatdırdığı barədə xəbərdarlıq etmişdilər.

Lakin “Bloomberg”in məlumatına görə, Putin Maliyyə Nazirliyinə digər büdcə maddələri üzrə xərclərin azaldılması imkanlarını araşdırmağı tapşırıb və müdafiə xərclərinə toxunulmamasını istəyib.

İyunun 10-da isə Dövlət Duması Büdcə Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər hökumətə büdcə haqqında qanunla müəyyən edilmiş limitləri aşaraq xərcləri artırmaq və dövlət borcunu genişləndirmək imkanı verir.

Qanun layihəsini təqdim edən Dövlət Dumasının büdcə və vergilər komitəsinin sədri Andrey Makarov bildirib ki, “bu qanuna təcili ehtiyac var”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin