Karapetyan: “Müxalif qüvvələr arasında ən yüksək nəticəni biz əldə etmişik”

2026/06/1781792249.jpg
Oxunub: 196     18:14     18 İyun 2026    
“Güclü Ermənistan” alyansının lideri Samvel Karapetyan bildirib ki, seçki prosesində iştirak edən uzun illər siyasi təcrübəyə malik qüvvələrlə müqayisədə onların alyansı daha yüksək nəticə göstərib.

Ordu.az xəbər verir ki, Karapetyan bu fikirləri bir qrup redaktora verdiyi müsahibədə səsləndirib.

O, partiyasının yeni yaradıldığı və Ermənistanın siyasi reallıqlarını kifayət qədər tanımadığı ilə bağlı səsləndirilən ittihamlara cavab olaraq qeyd edib ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvə istisna olmaqla, seçki prosesində 18 siyasi qüvvə iştirak edib və onlardan yalnız biri seçki baryerini keçə bilib.

“Həmin siyasi qüvvə ilə müqayisədə “Güclü Ermənistan” alyansı təxminən iki yarım dəfə çox səs toplayıb. Bunu geniş media resurslarına malik olmadan əldə ediblər. Mümkündür ki, siyasi meydanı və xalqımızı ən yaxşı tanıyan elə biz olmuşuq. Əgər bu təcrübə, imkan və bacarıq bizdə olmasaydı, bəlkə də cəmi 1-2 faiz səs toplayardıq”, - deyə Karapetyan bildirib.

O əlavə edib ki, onların fikrincə, seçkilərdə məğlub olmayıblar və gələcəkdə seçkilərin real nəticələrinin ortaya çıxacağına inanırlar.

Karapetyan qeyd edib ki, hazırda bütün hallarda müxalif qüvvələr arasında ən yüksək nəticə onların payına düşür, buna görə də partiyanın Ermənistan cəmiyyətini və siyasi mühiti tanımadığı barədə fikirləri düzgün hesab etmir.

“Biz artıq vəziyyəti çox yaxşı anlayırıq və nə edəcəyimizi bilirik. Əmin olun ki, bütün qərarlarımızı dərindən düşünərək qəbul edirik. İndi də düzgün qərarlar verəcəyik və gələcəkdə öz qələbəmizi əldə edəcəyik”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin