Ordu.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ictimai dinləmədə çıxışında bildirib.
Onun sözlərinə görə, valideyn nəzarətinin gücləndirilməsi ilə sosial mediada uşaqları zərərli təsirlərdən qorumaqla bağlı kifayət qədər müsbət nəticələr əldə etmək mümkündür.
"Bu gün artıq hər bir ailə, məktəb və valideyn rəqəmsal mühitin uşaqlara təsirini hiss edir. Bu təsiri tənzimləməyə çalışarkən ən fəal iştirakçı məhz valideyndir. Söhbət manipulyativ alqoritmlərdən, zərərli məzmundan və şəxsi məlumatların kommersiya məqsədilə istifadəsindən gedir.
Sosial Tədqiqatlar Mərkəzinin ölkə üzrə 1100 respondent arasında keçirdiyi sorğunun nəticələri də cəmiyyətin narahatlığını göstərir. Respondentlərin 50 faizdən çoxu rəqəmsal mühitin uşaqlara təsirini zərərli hesab edir, yalnız 1 faizdən az hissə bunu faydalı sayır".
Nazir müavini qeyd edir ki, sosial şəbəkələrdə ən vacib məsələlərdən biri fərdi məlumatların qorunmasıdır.
O bildirib ki, hazırda bir sıra platformalar istifadəçi məxfiliyinin təmin olunması ilə bağlı çərçivədən kənara çıxır, hədəfli reklam mexanizmlərindən istifadə edir: "Bu isə uşaqların zərərli informasiyaya daha asan şəkildə cəlb olunması riskini artırır"
Dünyanın müxtəlif ölkələri bu sahədə fərqli yanaşmalar tətbiq etdiyini bildirən Elmin Məmmədov, Avstraliyada artıq formalaşmış təcrübənin mövcud olduğunu vurğulayıb:
"Biz də beynəlxalq təcrübəni öyrənərək, real nəticələrə əsaslanan milli yanaşma formalaşdırmağa çalışırıq.
Layihə də məhz mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan, uşaqların rəqəmsal dünyada təhlükəsizliyinin təmin edilməsini və onların hüquqlarının daha etibarlı şəkildə qorunmasını hədəfləyən bir təşəbbüsdür. Bu layihə dövlətin uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini öz üzərinə götürməsidir", - o qeyd edib.
Ordu.az