Ordu.az xəbər verir ki, bunu Ermənistan Hərbi Sənaye Komitəsinin sabiq sədri Avetik Kerobyan deyib.
Ermənistanda parlament seçkilərindən sonra formalaşan siyasi vəziyyəti, Nikol Paşinyan hakimiyyətinin yenidən formalaşmasını dəyərləndirən Kerobyan erməni cəmiyyətinin ən pis ssenariyə hazırlaşmalı olduğunu bildirib.
O qeyd edib ki, Ermənistanın siyasi mühiti gözlənildiyi kimi seçkilərdən sonrakı proseslərin “böyük qazanında” qaynamasa da, bu “qazan” tədricən qızmağa başlayır.
“Bu müddətdə isə regionda proseslər sürətlə inkişaf edir, Ermənistan ətrafında və Ermənistan-Azərbaycan münasibətlərində ciddi dəyişikliklər baş verir. 2026-cı il iyunun 14-də Dilicanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib. Bununla yanaşı, ABŞ və İran hərbi əməliyyatların dayandırılması və qarşılıqlı anlaşma memorandumu üzrə razılığa gəlindiklərini açıqlayıblar. Bildirilir ki, ABŞ-İran sazişi cümə günü Cenevrədə rəsmi olaraq imzalanacaq.
Nikol Paşinyan hökumətinin və ya şəxsən Paşinyanın azərbaycanlı tərəfdaşlarına verdiyi vədləri müharibə təhlükəsi yaratmadan, böyük itkilər və ərazi güzəştləri qorxusundan istifadə etmədən həyata keçirməsi mümkün deyil.
Artıq aydın olur ki, biz ən pis ssenariyə hazırlaşmalıyıq və bununla yanaşı müharibəyə də hazır olmalıyıq. Nikol Paşinyan hökumətinin və ya şəxsən özünün azərbaycanlı tərəfdaşlarına verdiyi vədləri müharibəsiz, böyük itkilər və ərazi itkiləri ilə xalqı qorxutmadan yerinə yetirməsi mümkün deyil. Söhbət yalnız anklavların verilməsindən getmir. Onların ritorikasından görünür ki, artıq buna razılıq veriblər.
Söhbət həm də həmin ərazilərdən keçən yollar, oradan xüsusi statusla keçid tələbi və bundan sonra Ermənistanın strateji kommunikasiya xətlərinin kəsilməsi kimi məsələlərdən gedəcək. Cəmiyyət gözlərini və qulaqlarını açmalıdır. Bu, qorxulu reallıqdır, lakin biz reallıqdan qorxmamalı, istənilən inkişaf ssenarisinə hazır olmalıyıq. Millət öz simasını və müqavimət qabiliyyətini yenidən bərpa etməlidir. Siyasi sistemin acizliyini nəzərə alaraq ümidimizi siyasi deyil, vətəndaş sisteminə, xalqın özünüdərk səviyyəsinə və millətin ən yaxşı qüvvələrinin birləşməsinə bağlamalıyıq. Ümid edirəm ki, yaxınlaşan müharibədən daha da güclənmiş şəkildə çıxacağıq”, - deyə Kerobyan bildirib.
Erməni hərbi ekspert hesab edir ki, Nikol Paşinyan bir neçə ay əvvəl səsləndirdiyi sentyabr ayında baş verə biləcək “fəlakətli müharibə” ilə bağlı xəbərdarlığında kifayət qədər səmimi olub.
“Mən hesab edirəm ki, Nikol Paşinyan həmin təhdidində çox səmimi idi. O, tarazlığını itirdikdə bütün gizli niyyətlərini və məqsədlərini ortaya qoyur. Bu “fəlakətli müharibə” barədə xəbərdarlığında da çox səmimi idi. Bizim, həqiqətən də, müharibə gözləyir. Unutmamalıyıq ki, biz hazırda da müharibə vəziyyətindəyik”, - deyə o bildirib.
Kerobyan qeyd edib ki, artıq seçki mübarizəsinin və siyasi liderlər arasındakı qarşıdurmanın başa çatdığı aydındır. Onun fikrincə, bu gün əsas mübarizə Ermənistanın mövcudluğu uğrundadır.
Kerobyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Dilicana səfəri zamanı nümayiş etdirdiyi davranış ağa davranışı təsiri bağışlayıb.
Alpər Mövludoğlu
Ordu.az