Ordu.az xəbər verir ki, sözügedən torpedalar Niderland Kral Hərbi Dəniz Qüvvələrinin gələcəkdə xidmətə qəbul edəcəyi “Orka” sinfinə məxsus sualtı qayıqlarda istifadə olunacaq.
Müqavilə Fransanın Şerbur şəhərində Niderland Müdafiə Nazirliyi adından COMMIT Komandanı vitse-admiral Yan Villem Hartman və “Naval Group” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Pyer Erik Pommele tərəfindən imzalanıb.
“Naval Group”un açıqlamasında bildirilib ki, bu razılaşma nəticəsində Niderland Kral Hərbi Dəniz Qüvvələri F21 ağır torpedasından istifadə edən ilk NATO dizel-elektrik sualtı qayıq donanmasına sahib olacaq.
Şirkətin baş direktoru Pyer Erik Pommele bildirib ki, F21 torpedosunun “Orka” sinfinə məxsus sualtı qayıqların əsas silah sistemlərindən biri kimi seçilməsi onlar üçün böyük qürur mənbəyidir.
Onun sözlərinə görə, bu müqavilə strateji tərəfdaşlığı daha da dərinləşdirir və əməkdaşlığın növbəti mərhələləri üçün yeni imkanlar yaradır.
COMMIT Komandanı vitse-admiral Yan Villem Hartman isə F21 müqaviləsinin iki tərəf arasında strateji tərəfdaşlıq baxımından mühüm mərhələ olduğunu vurğulayıb.
O qeyd edib ki, silah sistemi gələcək “Orka” sinfinə məxsus sualtı qayıqlara inteqrasiya edilərək Niderland Kral Hərbi Dəniz Qüvvələrinin imkanlarını artıracaq. Hartman əlavə edib ki, müqavilə Orka proqramında yeni mərhələyə keçidi təmin edəcək.
“Naval Group” tərəfindən hazırlanan F21 sualtı qayıqlar üçün nəzərdə tutulmuş yeni nəsil ağır torpeda sistemi hesab olunur.
2019-cu ildə sertifikatlaşdırılması tamamlanan sistem hazırda Fransa Hərbi Dəniz Qüvvələrinin nüvə hücum sualtı qayıqlarında, nüvə ballistik raket daşıyan sualtı qayıqlarında və Braziliya Hərbi Dəniz Qüvvələrinin dizel-elektrik sualtı qayıqlarında istifadə olunur.
Şirkət bildirir ki, F21 sualtı qayıq əməliyyatlarında taktiki üstünlük əldə etmək məqsədilə hazırlanıb və modernləşdirmə proqramları çərçivəsində müxtəlif platformalara inteqrasiya oluna bilir.
“Naval Group” “Orka” proqramının yeni mərhələsində Niderland sənayesi və elmi-tədqiqat qurumları ilə əməkdaşlığı davam etdirəcəyini də açıqlayıb. Şirkət mövcud Sənaye Əməkdaşlığı Sazişinin yenilənəcəyini və niderlandlı şirkətlərin layihədəki rolunun artırılacağını bildirib.
Bundan əlavə, “Naval Group” istifadəçi ölkələrə torpedoların istismarı və texniki xidmətinin müstəqil şəkildə həyata keçirilməsi üçün təlim, simulyator və real atışlardan əldə edilən təcrübələri əhatə edən dəstək paketləri təqdim etdiyini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az