Paşinyan: “Mən emosional natiqəm”

2026/06/1781792941.jpg
Oxunub: 250     18:31     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan çıxış tərzi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Ordu.az xəbər verir ki, o, iyunun 18-də hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə bu barədə danışıb.

Paşinyan qeyd edib ki, onu narahat edən mövzular barədə danışarkən hər zaman emosional və enerjili çıxış edir.

“Mən emosional natiqəm. Əgər indi də məni narahat edən mövzu haqqında danışsam, yenə emosional və enerjili danışacağam”, - deyə Ermənistanın baş naziri bildirib.

O vurğulayıb ki, bu üslub yeni deyil və uzun illərdir dəyişməz olaraq qalır.

“Bir il əvvələ baxın, mən belə danışırdım. İki il əvvələ baxın, yenə belə danışırdım. On il əvvəl də, on beş il əvvəl də belə danışırdım. Mən həmişə belə danışmışam və belə ünsiyyət qurmuşam. Çünki bu mövzular mənim üçün çox vacib və həyatımla bağlı məsələlərdir”, - deyə Paşinyan qeyd edib.

Ermənistanın baş naziri bildirib ki, bu məsələlər onun üçün siyasi tamaşa deyil, həyatının ayrılmaz hissəsidir.

O əlavə edib ki, media onun çıxışlarına istənilən başlığı vermək hüququna malikdir, lakin özü hər zaman açıq və sərt danışmağa üstünlük verir.

Paşinyan xatırladıb ki, parlamentdə deputat olduğu dövrdə də bu gün adı çəkilən şəxslər haqqında eyni üslubda çıxışlar edib.

“Bunun yaxşı, yoxsa pis olduğunu bilmirəm. Amma mən həmişə belə danışmışam və ünsiyyətimi bu şəkildə qurmuşam”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin