ABŞ Milli Kəşfiyyat Şurası (NIC) tərəfindən yayımlanmış “Qlobal meyllər 2040: daha münaqişəli dünya” hesabatı qarşıdakı iyirmi ilin əsas xarakterini sürətlənən güc rəqabəti, zəifləyən qlobal idarəetmə, kövrək dövlət strukturları və çoxtəbəqəli böhranların eyni vaxtda baş verməsi kimi səciyyələndirir.
ABŞ Milli Kəşfiyyat Şurasının proqnozlarına uyğun olaraq, dünya nizamı tək bir hegemon mərkəz ətrafında formalaşdırılmaq xüsusiyyətini itirir. Artıq dünya çoxqütblü, lakin qeyri-sabit, rəqabətin qaydasızlaşdığı bir quruluşa doğru yönəlir. 2039-2040-cı illər dövrü bu təkamülün yekun mərhələsi kimi qiymətləndirilir.
Hamıya məlumdur ki, ABŞ xüsusilə çoxqütblü dünya sistemində Çini özünə ən yaxın və ən bərabər rəqib kimi görür. ABŞ zaman keçdikcə Çin Xalq Respublikasının Asiya-Sakit okean bölgəsində artan hərbi və iqtisadi nüfuzuna qarşı çıxmaq məqsədilə Osaka Müdafiə Paktı (OMP) tipli institusional təhlükəsizlik arxitekturasını tətbiq etmə ehtimalını ön plana çıxarır. Bu paktın məqsədi Hind-Sakit okean bölgəsində dəniz ticarət yollarına nəzarəti əlində saxlamaq və Çinin bölgədəki hərbi genişlənməsini “Birinci və İkinci Ada Zənciri” xətti boyunca cilovlamaq kimi müəyyənləşdirilir.
NIC hesabatında vurğulanan “böyük güclər arasında rəqabətin hərbi, texnoloji və iqtisadi sahələrdə eyni vaxtda dərinləşməsi” bu cür bir paktın fəaliyyət sahəsində nələrin ön plana çıxacağını da göstərir və Çin-ABŞ qarşıdurmasına əsaslanan bu qlobal ssenarini gücləndirir. Lakin bizim qənaətimizcə, OMP tipli bir struktur paralel olaraq Rusiya-Çin yaxınlaşmasını taktiki tərəfdaşlıqdan çıxarıb məcburi geostrateji tale birliyinə çevirə bilər. Bu iki qütb yeni və güclü ittifaq strukturuna birlikdə keçid edə bilər.
Avrasiyanın nəhəng resurslarını və hərbi potensialını ABŞ hegemoniyasına qarşı birləşdirən, tarixdə ən genişmiqyaslı qarşı-ittifaq olan Şanxay Əməkdaşlıq Təşkilatı bu yeni ittifaqın əsasını təşkil edə bilər. Belə ehtimal olunan inkişaflar fonunda dünyaya baxdıqda, iki nəhəng blok arasında sıxışan çoxqütblü, lakin son dərəcə kövrək bir tarazlığa doğru Yer kürəsi dəyişərkən, güc proyeksiyasına can atan böyük dövlətlər artıq yalnız konvensional silahlarla deyil, enerji müstəqilliyi, texnoloji üstünlük və xüsusilə kosmos ölçüsü ilə dəyərləndirilən yeni bir paradiqmaya keçidi zəruri hesab edəcəklər.
Bu çərçivədə Türkiyənin ABŞ və Çin mərkəzli yeni bloklaşmalar arasında birbaşa sıxışıb qalmaq və manevr imkanlarını daraltmaq əvəzinə, fəal bitərəfliyə yönələn və bunu müttəfiqləri ilə birlikdə institusional hala gətirən yeni bir təşəbbüsə liderlik edə biləcəyini, adının “Boğaziçi Paktı” kimi çəkilə biləcəyini və bu cür təşəbbüsün Türkiyə tərəfindən yetkinləşdirilərək dünya gündəminə çıxarılmasının ölkəni qlobal miqyasda fərqli bir mövqeyə daşıya biləcək strateji addım olacağını qeyd etmək istərdim.
Bu arada Avropa İttifaqının da ABŞ-Çin rəqabəti arasında sıxışan geosiyasi mövqeyi nəzərə alınaraq, Aİ-nin bu cür təşəbbüsə töhfə verə biləcək mövqedə yerləşdirilməsi Boğaziçi Paktı üçün dəyərləndirilməli məsələdir. Boğaziçi Paktı tipli çoxtərəfli və çevik təşəbbüslər Türkiyənin milli suverenliyini və regional güc quruculuğu proseslərini möhkəmləndirən bir alət kimi nəzərə alınmalıdır. Bu cür pakt qlobal sistemdə Türkiyənin təsirini artıra biləcək tarixi bir fürsət kimi qiymətləndirilməlidir.
Nəticə etibarilə, Amerika baxışı prizmasında 2039-2040-cı illəri qlobal sistemin idarə olunan böhranlardan nəzarətsiz qırılmalara keçdiyi bir hədd dövrü kimi təsvir olunur və NIC tərəfindən bu illərə ABŞ siyasətinin, ticarət və hərbi institutlarının diqqəti yönəldilir. Bu kontekstdə Böyük Sakit okean qırılmasının təkcə Asiya-Sakit okean bölgəsini deyil, Avropa, Orta Şərq və bütün Avrasiyanı əhatə edən zəncirvari geosiyasi nəticələr doğuracağı iddia edilir.
Bu illərdə Türkiyə üçün əsas məsələ hər hansı qlobal blokda “ön cəbhə elementi” kimi mövqe tutmaq deyil, tarazlıq yaradan, vasitəçi və lazım gəldikdə oyunu dəyişən strateji aktor kimliyini, mümkün qədər özü ilə birlikdə hərəkət edə biləcək müttəfiqlərlə Boğaziçi Paktı tipli bir struktur çərçivəsində güclü şəkildə formalaşdırmaqdır. Əks halda 2039-cu il və sonrasında ortaya çıxacaq yeni dünya nizamı, tərəf seçən deyil, tərəfə sürüklənən dövlətlər üçün yüksək xərcli qeyri-müəyyənliklər yaradacaq. Halbuki Türkiyə kimi regional dövlətlər küləyin arxasınca gedən deyil, küləyə istiqamət verən mövqedə ola biləcək tarixi və geosiyasi potensiala malikdir. Bu yüksək dəyərin fərqində olan insan resursunu formalaşdırmaq, insanımızı özünə və ölkəmizin resurslarının zənginliyinə, potensialının yüksəkliyinə inandırmaq ən prioritet məqsədimiz olmalıdır. Bu paradiqma istiqamətində insana sərmayə qoyduğumuz halda, Türkiyə üçün yeni üfüqlərdə yeni və böyük imkanlar hər zaman mövcud olacaq. Yetər ki, buna hazır olaq.
Araşdırmaçı-yazar Ela Akkuş
Ordu.az