“Ölkəni sarsıntılara sürükləyə bilərdik, sonra da bizi nəticə əldə etməməkdə günahlandırardılar” - Karapetyan

2026/06/1781788786.jpg
Oxunub: 192     17:18     18 İyun 2026    
“Güclü Ermənistan” alyansının lideri Samvel Karapetyan seçkilərin nəticələri və müxalifətin sonrakı fəaliyyət planları barədə açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Karapetyan bu barədə bir neçə baş redaktora verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, seçki günü onların nümayəndələrindən daxil olan məlumatlara əsasən, səslərin təxminən 10 faizi hesablanarkən Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə 58 faiz nəticə göstərirdi.

Karapetyan iddia edib ki, 200 min səs yoxlanıldıqdan sonra bu göstərici qeydə alınıb, 700 min səs hesablananda isə nəticə 50 faizə qədər enib.

Ermni müxalifət liderinin sözlərinə görə, həmin vaxt İrəvanda, Vanadzorda, Abovyanda və Gümrüdə yüz minlərlə səs hələ hesablanmamışdı və onların hesablamalarına əsasən hakim partiyanın nəticəsi 40 faizə qədər düşməli idi.

“Son beş ay ərzində aparılan sorğular da hakimiyyətin maksimum 40 faiz səs toplaya biləcəyini göstərirdi. Daha sonra təxminən 800 min səs hesablanmasına baxmayaraq, hakim partiyanın nəticəsi cəmi 0,5 faiz dəyişib ki, bu da onların fikrincə qeyri-adi haldır.

Biz əvvəlcə vəziyyəti düzgün qiymətləndirməyə çalışdıq ki, səhv addımlar atmayaq. Ölkəni sarsıntılara sürükləyə bilərdik, lakin bundan sonra hamı bizi yenidən ölkəni böhrana aparmaqda və nəticə əldə etməməkdə ittiham edəcəkdi”, - deyə Karapetyan bildirib.

O vurğulayıb ki, mübarizə başa çatmayıb və müxalifət həm qətiyyətli, həm də düşünülmüş şəkildə fəaliyyətini davam etdirəcək.

Karapetyan həmçinin məhkəmə qarşısında çıxışı zamanı səsləndirdiyi “1,5 milyon seçici iştirak edərsə qalib gələcəyik” fikrinə də münasibət bildirib.

Onun sözlərinə görə, bu sadəcə bir epizod idi və həmin rəqəmə həddindən artıq inanılması hakimiyyətə müəyyən üstünlüklər qazandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin